Azərbaycan Respublikasının diplomatik
xidmət orqanlarının 100 illik
yubileyinə həsr olunmuş VI
müşavirə keçirilib
İyulun 9-da Xarici İşlər Nazirliyində Azərbaycan
Respublikasının diplomatik
xidmət orqanlarının
100 illik yubileyinə həsr olunmuş VI müşavirə keçirilib.
Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının
diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin
iştirakçılarına təbrik məktubunu oxuyub.
Müşavirədə çıxış
edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının
bir əsrlik inkişaf yolu, müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaranmış respublikanın
tanıdılması istiqamətində
atılmış addımlar,
Cümhuriyyətin süqutundan
sonra sovet dövründə Xarici İşlər Komissarlığının
fəaliyyəti və
nəhayət, müstəqilliyini
bərpa edən müasir Azərbaycan Respublikasının təməli
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
və hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə
davam etdirdiyi, milli maraqlarımıza əsaslanan dinamik və fəal xarici siyasətimiz barədə danışıb.
Nazir qeyd edib ki, 100 il bundan öncə Birinci Dünya müharibəsindən
sonra cərəyan edən gərgin bir dövrdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını
beynəlxalq aləmdə
layiqincə təmsil etmək üçün müsəlman Şərqində
ilk respublikanın Xarici
İşlər Nazirliyi
təsis edilmişdir.
Şübhəsiz ki,
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı
ilk gündən çoxşaxəli
diplomatik fəaliyyətə
başlamış, lakin
Xarici İşlər
Nazirliyinin Katibliyinə
dair müvəqqəti
təlimatın qəbul
olunması məhz 9 iyul 1919-cu il tarixinə təsadüf etdiyindən, Azərbaycan Respublikası Prezidentinin
2356 saylı, 24 avqust
2007-ci il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikası
diplomatik xidmət orqanları əməkdaşlarının
peşə bayramı
günü təsis olunmuşdur. Sovet işğalı nəticəsində Cümhuriyyətimizin
qısa ömür yaşamasına baxmayaraq,
ilk respublikanın Xarici
İşlər Nazirliyinin
diplomatik heyəti geniş təcrübəyə
yiyələnmiş, mühüm
nailiyyətlər əldə
etmiş və müstəqil xarici siyasət fəaliyyətimizin
əsasını qoymuşlar.
1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan xalqı öz milli istiqlaliyyətini
yenidən bərpa edə bilmişdir. Ermənistanın hərbi təcavüzünə
məruz qalmış,
ağır iqtisadi böhran və kəskin daxili çaxnaşmaların hökm
sürdüyü Azərbaycanın
bu mürəkkəb vəziyyətdən çıxacağına
o zaman bir çoxları inanmırdı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı
ilə hakimiyyətə
qayıdışı Azərbaycanda
sabitlik və inkişafın təməlini
qoydu. Ulu Öndərin əsas
məqsədi Azərbaycanı
daha qüdrətli və zəngin dövlətə çevirmək,
dünya birliyində nüfuzunu daha da möhkəmləndirmək
və əsl söz sahibinə çevirmək idi və bu hədəflərə
də şərəflə
nail olundu.
Nazir vurğulayıb ki, bünövrəsi ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş, milli maraqlarımıza əsaslanan
Azərbaycanın müasir
xarici siyasət strategiyası Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən bu gün müvəffəqiyyətlə
davam etdirilir. Yerləşdiyi region ətrafında cərəyan
edən ziddiyyətli proseslər şəraitində
ölkəmiz Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasət nəticəsində daxili
sabitlik və inkişafını təmin
etmək, iqtisadiyyatını
müsbət artım
dinamikasına kökləmək
və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq
səviyyədəki mövqe
və nüfuzunu daha da möhkəmləndirməyə
müvəffəq olub.
Elmar Məmmədyarov
qeyd edib ki, Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti,
ilk növbədə, ölkəmizin
müstəqilliyinin möhkəmləndirilməsi,
onun beynəlxalq sərhədləri çərçivəsində
suverenliyi və ərazi bütövlüyünün
bərpa edilməsi, milli maraqlarımızın
beynəlxalq müstəvidə
təmin edilməsinə
xidmət edən bərabərhüquqlu və
qarşılıqlı faydalı
əməkdaşlıq prinsipləri
üzərində qurulub.
Bu gün beynəlxalq
ictimaiyyət birmənalı
şəkildə Azərbaycanın
beynəlxalq sərhədləri
çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Ermənistanın işğalçı
qüvvələrinin işğal
olunmuş ərazilərdən
çıxarılması və
münaqişənin Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü
əsasında həll
olunması BMT-nin Təhlükəsizlik Şurası
və Baş Assambleyasının məlum
qətnamələri ilə
yanaşı, Qoşulmama
Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı,
ATƏT, Avropa Şurası,
Avropa İttifaqı,
NATO və digər beynəlxalq təşkilatların
müvafiq qərarlarında
da öz əksini tapır.
Nazir deyib ki, ötən müşavirədən keçən
dövr ərzində
Azərbaycan Respublikasının
Əlcəzairdə və
İraqda səfirlikləri,
Kolumbiya, Çili, Uruqvay və Peruda diplomatik ofisləri açılıb,
Avstriya, Sudan, Cibuti, Paraqvay, İtaliya və Maltada yeni fəxri konsulluqları fəaliyyətə
başlayıb. Azərbaycanda
isə Peru, Kosta-Rika, Meksika, Venesuela və Çilinin səfirlikləri, Əlcəzair,
Portuqaliya, Xorvatiya, Estoniya və Monteneqronun diplomatik ofisləri, həmçinin
San-Marino, Sloveniya, Makedoniya
və Efiopiyanın fəxri konsulluqları açılıb. Azərbaycan
Respublikası ilə Tanzaniya Respublikası,
Vanuatu Respublikası, Baham
Adaları Birliyi, Samoa
Dövləti, Palau Respublikası,
San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub.
Hazırda Azərbaycan
Respublikasının xarici
dövlətlərdə 59 səfirliyinin, 5 beynəlxalq
təşkilat yanında
daimi nümayəndəliyinin,
9 baş konsulluğunun,
11 təmsilçilik ofisinin
və 15 fəxri konsulluğunun fəaliyyət
göstərdiyini deyən
E.Məmmədyarov əlavə
edib ki, ölkəmizdə isə
66 dövlətin səfirliyi,
4 baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi
mövcuddur.
Nazir bildirib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə Xarici İşlər Nazirliyi bundan sonra da beynəlxalq
münasibətlər sistemində
Azərbaycanın dövlət
maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində
müstəqil və çevik xarici siyasət fəaliyyətini
davam etdirəcək.
Azərbaycan.- 2019.- 10 iyul.- S.7.