Daxili
İşlər naziri Avropa Şurasının insan
hüquqları üzrə komissarı ilə
görüşüb
İyulun 10-da Daxili İşlər
naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə
olan Avropa Şurasının insan hüquqları üzrə
komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin
(DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, nazir ATƏT-in media və KİV azadlığı üzrə
nümayəndəsi kimi əvvəllər ölkəmizə
səfərləri zamanı xanım D.Miyatoviç ilə
keçirilən görüşlərdə insan hüquq və
azadlıqlarının müdafiəsinə yönəlmiş
tədbirlər, bu sahədə fəaliyyətin səmərəliliyinin
artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi
barədə aparılmış müzakirələrin
çox faydalı olduğunu xatırladıb.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ölkəmizin hüquq-mühafizə
orqanlarının qarşısında qoyduğu ən
mühüm vəzifələrdən birinin insan
haqlarının qorunması olduğunu vurğulayan
general-polkovnik V.Eyvazov bu istiqamətdə DİN ilə Avropa
Şurası arasında sıx və işgüzar əməkdaşlıq
çərçivəsində həyata keçirilən tədbirlərin
xüsusi əhəmiyyət daşıdığını,
vətəndaşlarla kobud rəftarın və polisin
nüfuzuna xələl gətirən digər neqativ
halların qarşısının alınması sahəsində
də davamlı iş aparıldığını nəzərə
çatdırıb.
Peşəkarlığın,
dünyagörüşün artırılması, beynəlxalq
təcrübənin tətbiqi yönündə görülən
işlərin məqsədyönlü və sistemli şəkildə
həyata keçirildiyini qeyd edən nazir bildirib ki, daxili
işlər orqanlarının əməkdaşları
müxtəlif ölkələrə, o cümlədən
ABŞ-a və Avropa dövlətlərinə təlimlər
keçməyə göndərilir, təcrübəli beynəlxalq
ekspertlərin iştirakı ilə ölkəmizdə
seminarlar, treninqlər, kurslar təşkil olunur. Təkcə
son beş ildə insan hüquqları üzrə ölkəmizdə
və xarici dövlətlərdə keçirilən tədbirlərdə
DİN-in 3 minə yaxın əməkdaşı iştirak
edib.
Diqqətə
çatdırılıb ki, korrupsiya hüquqpozmalarına
şərait yaradan halların aradan qaldırılması, o
cümlədən məmur-vətəndaş münasibətlərinin
minimuma endirilməsi məqsədilə əhaliyə 28 istiqamət
üzrə elektron xidmət göstərilir.
General-polkovnik V.Eyvazov bildirib ki,
nazirliyin 102-Zəng Mərkəzi Sisteminin və “Təhlükəsiz
Şəhər” Xidmətinin fəaliyyəti məhz insan
amili kimi ali prinsip üzərində qurulub. DİN-də
yaradılmış digər qaynar xətlər (902 və
1002), ayrı-ayrı struktur qurumların elektron poçt
ünvanları, sahibkarların hüquqlarının
pozulması ilə bağlı müraciətlərə baxan
Apellyasiya Şurası daxil olan müraciətlərin operativ həllinə,
vətəndaşların məruz qaldığı
hüquqazidd əməllərə qarşı təxirəsalınmaz
tədbirlərin görülməsinə xidmət edir.
Avropa Şurası
komissarının diqqətinə çatdırılıb ki,
polis əməkdaşları tərəfindən insan və vətəndaş
hüquq və azadlıqlarının pozulması barədə
müraciətlər DİN-in aidiyyəti idarəsi tərəfindən
operativ, obyektiv şəkildə araşdırılır, nəticələri
məruzə olunaraq müvafiq tədbirlər
görülür. Təkcə son beş ildə və cari
ilin birinci yarısında vətəndaşlarla kobud rəftara,
müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş
hüquqlarını pozduqlarına görə 2040 əməkdaş
intizam məsuliyyətinə cəlb olunub. Tutulmuş və ya
həbs olunmuş şəxslərə işgəncə vermə
və ya onlarla qeyri-insani rəftar halları qeydə
alınmayıb. Bu müddətdə beynəlxalq və yerli
hüquq müdafiə təşkilatları tərəfindən
ərazi polis orqanlarının Müvəqqəti Saxlama Yerlərində
(MSY) 1318 monitorinq keçirilib. Onların hamısında əsaslı
təmir və yenidənqurma işləri həyata
keçirilib, MSY-lər müasir videomüşahidə nəzarət
kameraları ilə təchiz edilib.
Xanım Dunya Miyatoviç
görüşə və ətraflı məlumata görə
təşəkkür edib, DİN ilə əməkdaşlığı
yüksək qiymətləndirdiyini, budəfəki səfərində
əsas məqsədinin insan və vətəndaş hüquq
və azadlıqlarının təmini sahəsində hərtərəfli
yardım göstərmək, bu prosesə dəstək vermək
olduğunu xatırladıb. O, Avropa Şurasının təşəbbüsü
ilə ölkəmizdə həyata keçirilən demokratik
islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal
iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə bir sıra
digər məsələlər də müzakirə olunub,
qonaqları maraqlandıran suallar ətraflı
cavablandırılıb.
Azərbaycan.-
2019.- 11 iyul.- S.5.