Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb

 

Bakı sessiyasında 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb

 

İyulun 10-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sonuncu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün ərzində görülən işləri yüksək qiymətləndirib. Sessiyasının sonuncu günü olduğunu xatırladan nazir dünən sənədlərin hazırlanması işinin başa çatdığını söyləyib: "Qərarların qəbul edilməsi ilə bağlı hesabatı dinləyəcəyik. Hesabat 2 hissədən ibarətdir. Bir daha xatırladım ki, bu hesabatdakı qərarlar qəbul edilib”.

Sonra qısa hesabat dinlənilib. Qeyd edilib ki, qəbul olunmuş qərarlar üzərində redaktə işləri aparılıb. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Bakıda 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb.

Bakıda keçirilən sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirən UNESKO-nun Ümumdünya İrsi Mərkəzinin direktoru Mextild Rössler bu günlər ərzində mühüm qərarların qəbul edildiyini söyləyib. O, bütün komitə üzvlərinin sessiyanın işində fəal iştirakını yüksək qiymətləndirib, təşkilat komitəsinin sədrinə UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irslə bağlı məlumatları əks etdirən kitab hədiyə edib.

Norveç, Tunis, Anqola, Kuba, Burkina-Faso, Küveyt, Qırğızıstan, Braziliya, Uqanda, İndoneziya, Macarıstan, BosniyaHerseqovina, Qvatemala, Avstraliya, Zimbabve, Çin və digər ölkələrin nümayəndələri sessiyanın işini yüksək dəyərləndirərək, ev sahibi olan Azərbaycana minnətdarlıqlarını çatdırıblar. Vurğulanıb ki, burada qəbul edilən qərarlar dünya mədəni irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.

Bütün çıxışçılara səmimi sözlərə görə minnətdarlığını bildirən sessiyanın təşkilat komitəsinin rəhbəri Əbülfəs Qarayev deyib ki, Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. Ötən müddət ərzində çox ciddi müzakirələr aparılıb, 166 sahəyə baxılıb və 29 irs nümunəsi siyahıya salınıb.

Əbülfəs Qarayev ölkəmizin ev sahibliyi etdiyi möhtəşəm tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Nazir vurğulayıb ki, sessiya çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESKO-nun Ümumdünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Abidə Menecerləri və Gənc Peşəkarlar forumları uğurla başa çatıb.

 

Azərbaycan.- 2019.-11 iyul.- S.5.