ABŞ-ın 5 universitetini
qazanmış Bakı Ali Neft
Məktəbinin məzunu İlqar
Bağışov: “Ən böyük arzum professor olmaqdır”
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə yenicə məzun olmuş İlqar Bağışov BP-dən iş təklifi almağına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini - Ostindəki Texas Universitetini seçib. O, həmçinin bu universitetdə yüksək maaşla professor köməkçisi olaraq çalışacaq.
İlqarın qəbul olduğu digər ABŞ universitetləri bunlardır:
* Tulsa Universiteti
(tam təqaüd)
* Vayominq Universiteti (tam təqaüd)
* Kolorado Qazma Məktəbi
* Pensilvaniya Dövlət Universiteti
Həmin gənclə müsahibəni
sizə təqdim edirik.
- BANM-dəki beş illik
bakalavr təhsilinin sizin üçün hansı faydaları oldu?
- Beş illik təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və ali
məktəbdə yaradılmış
rəqabətli mühit
idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaq üçün inkişaf edirdik.
- Niyə
BANM tələbələri məzun olmamış iş təklifi alır?
- BANM-dəki təhsil müasir dünya standartlarına cavab verir, ingilis
dilində ən son yenilənmiş dərsliklərdən
istifadə edirik, yaxşı müəllimlərdən
dərs alırıq.
Bundan əlavə, rəhbərliyin
işə ciddi yanaşması nəticəsində
yerli və beynəlxalq şirkətlərlə
əməkdaşlıq qurulub,
həmin şirkətlərin
təcrübə proqramlarında,
istehsalat təcrübələrində
iştirak edirik.
Məsələn: BP-nin
təcrübə proqramında
iştirak edib yaxşı performans göstərdiyim üçün
həmin şirkətdən
iş təklifi almışdım.
- Fasilə
vermədən Amerikada
magistratura dərəcəsi
üzrə oxumağa
sizi nə vadar etdi?
- İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim,
mühəndislik sahəsində
ABŞ-ın ən yaxşı universitetlərinə
sənədlərimi yolladım,
qəbul edildim, öz sahəsinin lideri olan Ostindəki
Texas Universitetini seçdim.
- Necə
oldu ki, Ostindəki Texas Universitetinin
professorundan iş təklifi aldınız?
- Bakıda
EiLink (Education Industry Link) Tədqiqat
və İnkişaf Mərkəzi üçün
seçilmişdim, bir
ildən çox orada ingiliscə tədqiqat işi üzərində işlədim,
həmin layihə
"Termodinamikanın modelləşdirilməsi”
haqqında idi, sonra tədqiqat işini Amerikalı alim Ryosuke Okunoya
yollamışdım. Dr. Okuno işimi çox yüksək qiymətləndirdi və bildirdi ki, bakalavr
pilləsində olan hər tələbə belə işləyə bilmir. Sonra o, mənə magistratura təhsilimi Amerikada davam etdirməyi və yüksək məvacib qarşılığında
iş təklif elədi.
- Sizi
digər BANM tələbələrindən
nə fərqləndirir,
qazandığınız uğurları
nəyə borclusunuz?
- Əslində,
dərindən baxanda xüsusi fərqləndirəcək
səbəb yoxdur. BANM-də
təhsil səviyyəsi
yüksəkdir, təhsil
sistemi də tələbkardır, burada
xeyli yaxşı tələbələr var. Sadəcə
yaşıdlarımdan fərqli
olaraq ingilisdilli tədqiqat işi aparmağa qərar verdim, bu, olduqca
məsuliyyətli və
ağır iş idi. Günlərlə gecə-gündüz tədqiqat işinin üzərində çalışdım
və bir ildən çox çəkdiyim zəhmətin
bəhrəsini gördüm.
Tezliklə həmin işi
məqalə kimi dərc etdirməyi planlaşdırıram.
- Gələcək
üçün hədəf
və planlarınız
nədir?
- Gələcək
üçün əsas
hədəfim Amerika təhsil sistemində özümü daha da inkişaf etdirib ölkəmə dönməkdir. Daha sonra BANM-də mühəndislik sahəsi
üzrə tədqiqatlarımı
davam etdirərək doktorluq dərəcəsinə
yüksəlmək, ali məktəbdə
bu sahəyə maraq yaratmaq və onu inkişaf
etdirməkdir.
Azərbaycan.- 2019.-11 iyul.- S.11.