Maarifçi lider
Qədim bir Şərq aforizmində
deyilir: "Əgər planın birillikdirsə, darı səp,
onillikdirsə, ağac ək, bir əsrlikdirsə, insanlara təhsil
ver”. Bu aforizmdəki hikmətli həqiqəti nəzərə
alsaq, böyük dövlət adamlarının həyat və
fəaliyyətində elm-təhsil məsələlərinin
niyə hər zaman xüsusi yer tutması heç də təsadüf
kimi görünməyəcək.
Bu prinsip öz milli dövlətçilik
ideyaları ilə Azərbaycan tarixindəki son yarıməsrlik
dövrün müəllifi olan Ümummilli Lider Heydər
Əliyevin həyata keçirdiyi siyasətin də
başlıca qayəsini təşkil edirdi. Elmə, təhsilə
diqqət Ulu Öndərin fəaliyyətində hər zaman
müstəsna yer tuturdu. Çünki Heydər
Əliyevin həyata keçirdiyi dövlət siyasətinin
strateji hədəfləri bir, iki, onillik dövrləri deyil, əsrlər
sonranı nəzərdə tutur və buna uyğun müəyyənləşirdi.
Bu mənada Ulu Öndərin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçildiyi 1969-cu ilin 14 iyulundan başlanan və artıq
yarıməsrlik möhtəşəm bir tarixə
çevrilən zaman məsafəsi milli elmimizin, təhsilimizin
də yüksəliş dövrüdür.
Qüvvət elmdədir...
Hələ Azərbaycana rəhbərliyinin
ilk günlərindən Heydər Əliyev özünəməxsus
müdrikliklə dərk edirdi ki, Tanrı onun üzərinə
yalnız seçilmişlərə əta olunan çox
çətin və şərəfli missiya qoyub. Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu, 1930-cu illərin repressiya xofundan
sonra xalqın şüurunda uzaq illərin xoş xatirələri
kimi közərən milli dövlətçilik hisslərini
yenidən o alovlandırmalı, Azərbaycanın gələcəkdə
güclü bir dövlətə çevrilməsindən
ötrü zəruri əsasları formalaşdırmalı
idi. Ulu Öndər dünyanın irəli
getmiş başqa xalqlarının çoxəsrlik təcrübəsinə
əsaslanaraq bunu da yaxşı bilirdi ki, güclü dövlət
olmağın yeganə yolu ancaq və ancaq elmin, təhsilin
inkişafından keçir. Heydər
Əliyev respublika rəhbərliyinə seçilənə qədər
aqrar əyalət kimi ətalət dövrünü
yaşayan, keçmiş ittifaq subyektləri arasında ən
sonuncu yerlərdən birini tutan Azərbaycanda keyfiyyət dəyişikliklərinə
həm də bu sahədən başladı. Ümummilli
Lider, ilk növbədə, keyfiyyətli orta təhsilə yiyələnməyi
hər kəs üçün əlçatan və rahat etdi.
Sovet cəmiyyətində insanların
savadlanması, onlara təhsil imkanlarının
yaradılması üçün hər nə qədər
mühüm tədbirlər həyata keçirilsə də,
etiraf edək ki, bu imkandan faydalanmaq o qədər də asan
başa gəlmirdi. Xüsusilə ucqarlarda məktəblərin
sayı çox az idi. Əyalət
yerlərində məktəblərin çoxu ibtidai, yaxud səkkizillik
əsasda fəaliyyət göstərirdi. Ona görə
də təhsilini sona qədər davam etdirmək, ali məktəbə qəbul olunmaq istəyən
şagirdlər orta məktəbin son siniflərini çox
uzaq məsafələrdəki məktəblərdə davam
etdirmək məcburiyyətində qalırdılar. Həftələrlə
evdən, ailədən uzaq qalmaq hər kəsin imkanına
uyğun olmadığından belə vəziyyətə
görə, təbii ki, minlərlə gənc təhsilini sona
qədər tamamlaya, ali məktəb
arzusuna qovuşa bilmirdi.
Heydər Əliyevin respublikaya rəhbərliyinin
ilk illərindən qəbul etdiyi "Gənclərin ümumi
orta təhsilə keçidini başa çatdırmaq və
ümumtəhsil məktəbini daha da inkişaf etdirmək
haqqında” və "Kənd ümumtəhsil məktəblərinin
iş şəraitini daha da yaxşılaşdırmaq
haqqında” qərarları sayəsində Azərbaycanda orta
ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə
genişləndirilərək 765-dən 2117-yə
çatdırıldı. Bu da yüzlərlə
ucqar yaşayış məskənlərində orta ümumtəhsil
məktəblərinin açılışı, minlərlə
azyaşlının təhsilə cəlb edilməsi demək
idi.
Hamı
üçün bərabər imkanlar
İslahatlar, inkişaf
prosesləri təkcə orta təhsil sistemini əhatə
etmirdi.
Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik
etdiyi illərdə ölkədə 5 yeni ali
təhsil müəssisəsi açılmışdı. Ali məktəblərdə təhsil alanların
sayı 70 mindən 100 minə qədər artmışdı.
Sovet sisteminin bütün cəhətlərinə
dərindən bələd olan Heydər Əliyev yaxşı
bilirdi ki, sovet cəmiyyətində heç də hər
şey partiyanın bəyan etdiyi, bəlağətli
çıxışlarda səsləndirildiyi kimi deyil. Məsələn, sovet
hökuməti fəhlə-kəndli hökuməti sayılsa
da, zəhmətkeş övladlarının ali
təhsil almaları ilə bağlı çox ciddi çətinliklər
vardı. Bu çətinliklər isə əsasən
Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinə
qədər cəmiyyətin ayrı-ayrı sahələrini,
o cümlədən təhsil sistemini sarımış
korrupsiya hallarından irəli gəlirdi. Ali
məktəblərə qəbul üçün vətəndaşlar
qarşısında müəyyən qanunsuz tələblər
qoyulurdu. Sadə zəhmət
adamlarının bu tələbləri ödəmək
gücü olmadığından təhsildə bərabər
imkanlar prinsipi pozulurdu. Ali məktəblərə,
xüsusilə hüquqşünaslıq, tibb və s. bu kimi
nüfuzlu ixtisaslara yalnız imkanlı şəxslərin - yəni
o dövrün vəzifəlilərinin, səlahiyyət sahiblərinin
övladları qəbul olunurdu. Sonra da onlar ali
məktəbdən məzun olub, valideynlərinin yüksək
vəzifə tutduqları əhəmiyyətli sahələrdə
özlərinə karyera qururdular. Beləliklə,
qapalı dairə yaranırdı. Sinfi cəmiyyəti
guya rədd edən sovet cəmiyyətində, əslində,
sinfi bərabərsizlik getdikcə güclənirdi. Belə hallar Azərbaycan kimi ölkələrdə
xüsusilə nəzərəçarpacaq səviyyədə
idi. Ona görə də istedadlı gənclər
Vətəndən incik düşürdülər. Təhsil
arzularını reallaşdırmaqdan ötrü əksər
hallarda ədalət meyarlarının, qayda-qanunun buralara nisbətən
az-çox qorunduğu Rusiyanın ali məktəblərinə
üz tutur, başqa şəhərlərdə yurd-yuva
salıb bilik və bacarıqlarının faydasını
başqa yerlərə verirdilər.
Heydər Əliyev bu vəziyyəti
kökündən dəyişdi. O, zəhmətkeş
övladlarının ali məktəblərə
qəbulu üçün güzəştlər tətbiq
etdi. Minlərlə əməkçi gəncimiz
bu imkanlardan faydalanaraq tələbə adını qazandı.
Müvafiq ixtisaslara yiyələnərək
öz yurdu, el-obası üçün faydalı olmağa
başladı. İmtiyazları ilə
özünü hamıdan üstün bilən vəzifə
sahiblərinin ədalətsizliklərinin
qarşısını almaqdan ötrü Ulu Öndər sərt
addımlardan da çəkinmədi. Məqam
sahibləri gördülər ki, qarşılarındakı başqası
deyil - prinsiplərindən bir addım da geri çəkilməyən,
zülmün, ədalətsizliyin, harınlığın
qatı düşməni olan Heydər Əliyevdir. Bu qətiyyətli lider özünü hər kəsdən
güclü sayan istənilən şəxsin
azğınlığına bir qələmlə son qoya bilər.
Beləliklə, özlərinı
yığışdırdılar, cəmiyyətdə haqq-ədalət
öz yerini tutdu.
Cümhuriyyət
xadimlərinin çin olan arzusu
Heydər Əliyev
genişmiqyaslı dövlət proqramları ilə ölkəni
çox sürətli şəkildə sənayeləşdirməyə
başlamışdı. Amma görürdü ki, bu prosesi
uğurla həyata keçirməkdən ötrü yerli
kadrların sayı yetərli deyil. Azərbaycanın
özündə isə bu kadrları hazırlayacaq potensial hələ
formalaşmamışdı. Ona görə də Ulu
Öndər ali təhsili başa vurduqdan
sonra qayıdıb Azərbaycanın inkişafına töhfə
vermək şərtilə keşmiş ittifaqın ali məktəblərinə
azərbaycanlı gənclərin göndərilməsini
mütərəqqi bir ənənəyə çevirdi. Şəxsən
Heydər Əliyevin təşəbbüsü ilə
keçmiş SSRİ-nin Moskva, Leninqrad, Kiyev, Voronej və
başqa ali məktəblərinə
göndərilən tələbələrin sayı hər il
artırdı. Hətta müasirləri xatırlayırlar ki,
Heydər Əliyev bu ali məktəblərdə
digər keçmiş ittifaq respublikaları üçün
ayrılan, amma müəyyən səbəblərdən
boş qalan yerlərdə də şəxsi nüfuzunun
gücü ilə azərbaycanlı tələbələri
yerləşdirməyə nail olurdu. Təkcə bir faktı
qeyd etmək kifayətdir ki, 1978-ci ildə sovetlər
ittifaqının 151 ali məktəbində
Azərbaycandan 3500-ə yaxın tələbə oxuyurdu.
Bu dövrdən əvvəlki
statistika isə təsdiqləyir ki, ötən əsrin 70-ci
illərinə kimi Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların
SSRİ-nin nüfuzlu ali məktəblərində
təhsil almalarına süni maneələr yaradılır, hətta
buna müəyyən limit qoyulurdu. Azərbaycanlıların
bir qayda olaraq, əsasən, ittifaq miqyaslı ali
məktəblərdə yalnız ədəbiyyat, musiqi və
s. sahələr üzrə təhsil almalarına imkan
verilirdi. Lakin məhz Heydər Əliyevin iradəsi
sayəsində bu sahədə çox ciddi dönüş əldə
edildi.
O illərdə Heydər Əliyevin
Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun elə
ilk aylarından təhsil almaq üçün xaricə 100 tələbə
göndərməsi barədə məlumatının
olub-olmadığını iddia edə bilmərik. Tarixə böyük maraq göstərən və
özü də ixtisasca tarixçi olan, məxfi tarixi sənədlərin,
o cümlədən cümhuriyyət dövrü sənədlərinin
qorunduğu arxivlərdən istifadə imkanlarına malik
böyük dövlət adamı bu barədə, güman ki,
məlumatlı idi. Bütün hallarda o,
öz təhsil siyasəti, xüsusilə azərbaycanlı gəncləri
ittifaq universitetlərinə göndərməsi ilə
cümhuriyyət xadimlərimizin nəcib missiyasını
davam etdirirdi. Bugünün prizmasından
yanaşdıqda, həmin addımların müstəqil
dövlət quruculuğundakı əvəzsiz rolu daha
aydın, daha qabarıq görünür.
"Bəs siz kimləri seçmisiniz?!”
Ulu Öndər 1998-ci ilin 31 avqustunda
1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil
almış mütəxəssislərin ümumrespublika
toplantısındakı nitqində həmin dövrü
xarakterizə edən bir sıra məqamlara toxunaraq
bildirmişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana
rəhbər seçiləndən sonra dərhal birinci
növbədə təhsil məsələləri ilə məşğul
olmağa başladım. Bilirsiniz ki, mən o
vaxta qədər də dövlət işində işləmişdim.
Azərbaycanda təhsilin, xüsusilə ali
təhsilin vəziyyəti məni daim
maraqlandırmışdı və bu barədə xeyli məlumatlara
malik idim. ...Araşdırmalar apararkən mənə aydın
oldu ki, Azərbaycandan kənarda respublikamızın
özündə hazırlana bilməyən ixtisaslar üzrə
ali təhsil almaq üçün
respublikaya 50 nəfərlik limit verilibdir... Mən
dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz,
kimləri oxumağa göndərirsiniz? Siyahını
aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı
deyildi. Sonrakı illərdə də bu məsələ
bir az çətin idi. Bilirsiniz
ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri
vardır. O vaxt mən iki-üç
ildən sonra hər il respublikadan kənara oxumağa göndərilənlərin
97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail
oldum”.
O illər Azərbaycanın
özündə də həm ali və
orta ixtisas təhsili müəssisələrinin, həm də
bu müəssisələrdə təhsil alan tələbələrin
sayı artırdı. Doqquzuncu beşillikdə Azərbaycanın
öz ali məktəblərində 80 mindən
çox ali təhsilli, 95 mindən çox orta təhsilli
mütəxəssis hazırlanmışdı. Azərbaycan
Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji
İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası
yüksək dövlət mükafatları ilə təltif
olunmuşdu. Azərbaycanda milli hərbi kadrların
hazırlanması, hərb işinin gənclərimiz
arasında bir ənənəyə çevrilməsi
üçün Cəmşid Naxçıvanski adına Hərbi Məktəb
açılmışdı.
Heydər
Əliyev ideyalarının işığı
Ulu Öndər təhsilə,
maarif işinə yüksək diqqət və
qayğısını Azərbaycanın ağır günlərində
xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə
qayıdışından sonra da davam etdirdi. Azərbaycan
müstəqillik qazandıqdan sonra cəmiyyətdə yenicə
bərqərar olan bazar iqtisadiyyatı sisteminə uyğun
olaraq təhsil sahəsində də müasir inkişaf
yönümlü addımlar atıldı. Bu sahədə ardıcıl proqramlar həyata
keçirildi. Özəl təhsil
sisteminin formalaşması, təhsilin əmək
bazarındakı tələbatlara, tədris
proqramlarının beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində
ardıcıl işlər görüldü. Heydər Əliyev ağır sosial-iqtisadi böhran
şəraitində öz sənətindən soyumağa
başlayan fədakar müəllimlərə yenidən
ümid oldu. Bu adın yüksək
nüfuzunu özünə qaytardı. İnsanlar
müəllimin, məktəbin bir cəmiyyət
üçün nə qədər böyük dəyər
olduğunu yenidən dərk etməyə başladılar.
Heydər Əliyevin Azərbaycan təhsilinin
gələcəyinə baxışları da uzaq dövrləri
nəzərdə tuturdu və bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə
insan kapitalının formalaşdırılması, elmin-təhsilin
inkişafı ilə bağlı gördüyü işlər,
cəmiyyətin bütün sahələrində aparılan
maarifçilik işi Ulu Öndərin strateji
baxışlarını əks etdirir. Azərbaycan
Prezidentinin rəhbərliyi ilə aparılan təhsil
islahatları, vətəndaşlarımızın, xüsusilə
gənc nəslin fərdi inkişafı üçün verilən
qərarlar cəmiyyətimizi bilik və texnologiyaların hakim
olacağı yeni bir dünyaya, zamana, fərqli bir gələcəyə
qovuşdurur.
Ulu Öndərin nurlu
ideyaları bu gələcəyə də işıq
salır. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Azərbaycanda yüzlərlə yeni məktəb
tikilib. Məktəb, təhsil, öyrənmək
imkanları texniki innovasiyaların gücü hesabına
insanlarımızın az qala evinin
kandarına qədər gəlib çıxıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən layihələrin uğuru təhsili,
maarifçilik fəaliyyətini ölkəmizdə
ümummilli bir hərəkata çevirib. Vətəndaşlarımızın
oxumağa, öyrənməyə marağı artıb.
Bu gün təhsil artıq Azərbaycan ailələrində
ziyalı valideynlərin öz övladlarına da ötürməyi
vacib saydıqları sosial-mədəni dəyər deyil,
bütün cəmiyyət üzvlərinin arzusudur. Hətta təhsildən, elmdən, biliklərdən ən
uzaq valideynlər də bu gün öz övladlarını,
el dilində desək, oxutmaq, bilik vermək istəyirlər.
Özü də hər hansı ali məktəb
diplomunu deyil, məhz gerçək bilik və bacarıqlar
qazanmasını arzulayırlar. Çünki təhsilin,
biliyin bu gün cəmiyyətdə, əmək bazarında
insana nə qədər üstün mövqe
qazandırdığını görürlər. Azərbaycan insanı bu gün elmini, biliyini artıraraq
cənab İlham Əliyevin rəhbərliyi ilə getdikcə
daha da genişlənən inkişaf proseslərinin bir
parçasına çevrilir. Bilik və
bacarıqlarının yaratdığı imkanlar hesabına
bu proseslərdən bəhrələnir.
Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də imkansızlar üçün inşa etdirdiyi məktəblərlə, körpələrin gələcəyinə verdiyi bilik töhfəsi ilə dünyada maarif işığı yayır. Və bu işığın sayəsində bütün dünyada mədəniyyətlərarası dialoq, sülh və sabitlik məkanı kimi tanınmış ölkəmizin bəşəriyyət üçün əhəmiyyəti daha aydın görünür.
Bu, 50 illik tarixdən gələn işıqdır. Bu, Heydər Əliyev ideyalarından düşüncələrə düşən şəfəqdir. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə qazandırdığı nailiyyətdir. Təhsilə, biliyə dayanaraq yola çıxan xalqı, cəmiyyəti, dövləti irəlidə ancaq yüksəliş gözləyir. Bizim də yolumuz ancaq yüksəlişə doğrudur. Yolun açıq olsun, Vətən!
Həsən BAYRAMOV,
pedaqoji elmlər doktoru
Azərbaycan.-
2019.-12 iyul.- S.1; 3.