Azərbaycan güvənilən tərəfdaş, etibarlı ortağıdır

 

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın MEDEF üzvləri ilə görüşlərinin nəticələri bu həqiqəti bir daha təsdiq etdi

 

Tarix sübut edir ki, iqtisadi müstəqilliyini təmin edə bilməyən ölkələr tezliklə hansısa təşkilatlardan, dövlətlərdən aldıqları yardımlara görə forposta çevrilirlər. Bu da həmin ölkələrin tam müstəqil siyasət yürütməsini məhdudlaşdırır.

Son 16 ildə inkişaf göstəricisinə görə öncül yerlərdə qərarlaşan Azərbaycanın siyasiiqtisadi müstəqilliyi ölkəyə böyük dividendlər qazandırıb. Azərbaycan dünyada sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib. Bunu şərtləndirən əsas amil isə ölkədə təmin edilən sabitlik, iqtisadi inkişaf, əlverişli biznesinvestisiya mühitidir. Məhz bu amillər istənilən layihənin gerçəkləşməsinə təminat verir. Ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiyanın yatırılması bunu təsdiq edən reallıqdır.

Bu gün Azərbaycanda xarici sərmayələr qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur. Yaradılan əlverişli biznes mühiti, investorlara göstərilən diqqət və qayğı xarici sərmayədarların, xüsusən də Avropa İttifaqına üzv olan ölkələrin adamlarının Azərbaycana diqqətini daha da artırır. Hazırda Avropa Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır və qlobal, regional səviyyədə geosiyasi gücə çevrilməyə çalışan hər hansı bir dövlət, tanınmış şirkətlər regionun qabaqcıl ölkəsi olan Azərbaycanla mövcud olan münasibətlərini daha da gücləndirməyi özlərinə prioritet məsələ hesab edirlər.

Azərbaycan da öz növbəsində böyük ölkələr, dünyanın tanınmış şirkətləri ilə iqtisadi münasibətlərini daha da dərinləşdirməkdə maraqlıdır. İyulun 10-da Prezident İlham Əliyevin Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə keçirdiyi görüş, səslənən səmimi fikirlər də bunu bir daha təsdiq etdi.

Öncə onu vurğulamaq yerinə düşər ki, cənab İlham Əliyev həm Bakıda, həm də Parisdə dəfələrlə MEDEF-in üzvləri ilə görüşərək mövcud əlaqələrin daha da şaxələnməsi istiqamətində danışıqlar aparıb. Elə budəfəki görüşdə də yeni layihələrlə, proqramlarla bağlı fikir mübadiləsi oldu. Azərbaycan rəhbəri dünyanın ən böyük transmilli korporasiyalarının, meqaholdinqlərinin təmsilçilərinə ölkədə aparılan iqtisadistruktur islahatları barədə məlumat verdi, iqtisadi-ticari əməkdaşlığın yeni istiqamətlər üzrə davamlılığını vacib saydı. Dövlətlər arasında mövcud olan fəal siyasi dialoqun, məsləhətləşmələrin dərin iqtisadi əməkdaşlıq üçün şərait yaratdığını vurğuladı.

Bu, bir daha təsdiq etdi ki, 170 min şirkətin üzv olduğu MEDEF-in Azərbaycanda fəaliyyət göstərməyə böyük marağı var. Qurumda təmsil olunan bir çox şirkətlərin ölkəmizdə müxtəlif layihələrdə iştirakı bunu təsdiq edən reallıqdır. Elə ilk dəfə Bakıya səfər edən MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziöilk seçiminin nədən Azərbaycan olmasını belə izah etdi ki, bu, fransız biznes ictimaiyyətinin ölkəmizə olan marağının göstəricisidir.

İlham Əliyev, həmçinin ölkədə yaradılan biznesinvestisiya mühitinin iqtisadiyyata verdiyi töhfəni dəyərləndirdi. Lakin qazanılan uğurlarlara baxmayaraq bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsinin prioritet məsələ kimi qarşıya qoyulduğunu vurğuladı. Məhz bu proses sayəsində Azərbaycan yaxşı irəliləyişə nail olub.

Prezident, eyni zamanda bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirdi ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. Bütün bunlar şaxələndirmənin nəticəsidir desək, yanılmarıq. Dövlət başçısı əmin olduğunu bildirdi ki, yerlixarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq.

Birinci vitse-prezident Mehriban Əliyevanın fransız adamları ilə keçirdiyi görüşdə də mövcud imkanlar dəyərləndirildi və qeyd edildi ki, Fransa şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətlərinin genişləndirilməsi üçün böyük potensial var. Görüşdə o da bəlli oldu ki, quruma üzv olan Fransa şirkətlərinin qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında böyük marağı var.

Əlbəttə ki, yalnız ölkəmizin malik olduğu yüksək iqtisadi potensial deyil, bəlkə də ən əsası, Azərbaycanın güvənilən tərəfdaş, etibarlı ortağı olmasıdır. Həm dövlət başçısının, həm də Birinci vitse-prezidentin MEDEF üzvləri ilə görüşünün əsas nəticəsi də bu həqiqəti bir daha təsdiqlədi.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanla Fransa arasında əlaqələrin tarixi kökləri var. Əsrlər boyu mədəniyyətdən ədəbi yaradıcılığa qədər, siyasi-diplomatik ünsiyyətdən iqtisadi əməkdaşlığadək müəyyən münasibətlər formalaşıb. Nəzərə alaq ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən həmsədr dövlətlərindən biridir və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq Azərbaycanla münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Əlamətdar haldır ki, həm Ulu Öndər Heydər Əliyev, həm də İlham Əliyev prezident kimi ilk rəsmi dövlət səfərlərini məhz Fransaya etmişlər. Prezident İlham Əliyev 2004-cü (2 dəfə), 2006-cı (2 dəfə), 2007-ci (2 dəfə), 2009-cu, 2012-ci, 2014-cü (2 dəfə), 2015-ci, 2017-ci və 2018-ci illərdə ümumilikdə Fransaya 13 dəfə səfər edib.

Keçən ilin iyul ayında Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər edən Prezident İlham Əliyevin apardığı danışıqlar siyasi-iqtisadi əlaqələri bir qədər də dərinləşdirib. Əlbəttə ki, birbaşa təmas bir sıra məsələlərin həllində önəmli faktordur və cənab İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi artıq özünü göstərməkdədir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin Fransaya səfəri həm erməni lobbisi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanması, həm də ATƏT-in Minsk qrupu həmsədri olan bir ölkənin Dağlıq Qarabağ münaqişəsinə dair münasibətinə müsbət mənada təsirsiz ötüşməyib. Göründüyü kimi, Fransa da artıq əvvəlki illərdən fərqli olaraq ikili standartlar prinsipindən deyil, məhz üzərinə düşdüyü öhdəliklər prinsipi ilə hərəkət edərək ədalətli mövqeyini ortaya qoyur. Bununla da Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası daha da genişlənir.

Qeyd edək ki, məhz bu səfər ərəfəsində və sonra Ermənistan mətbuatı sanki Fransaya qarşı müharibəyə başlamışdı. Erməni mediasında Fransanın Ermənistana xəyanət etməsi, Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq Qarabağ münaqişəsində azərbaycanpərəst mövqe tuta bilməsi haqda əks təbliğat aparılırdı. Əlbəttə ki, bu da Azərbaycanın artan nüfuzundan erməni lobbisinin və Ermənistanın dərin narahatlıq keçirdiyini təsdiqləyən faktlar idi.

Fransa ilə dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu var. Azərbaycan-Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulubbir çox sahələri əhatə edir. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması iki ölkə və xalqlar arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır.

Mədəniyyət sahəsində əlaqələr daha böyükdür. Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi humanitar layihələrə diqqət yetirsək, bunun şahidi olarıq. Məhz bu xidmətlərinə görə Birinci vitse-prezident Mehriban Əliyeva Fransa Respublikasının "Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunub.

Bütün bunlar təsdiq edir ki, Fransa ilə münasibətlərin inkişafı istər siyasi-iqtisadihumanitar baxımdan, istərsə də erməni lobbisinin antitəbliğatının neytrallaşdırılması nöqteyi-nəzərindən müstəsna əhəmiyyət daşıyır.

Fransa Qafqazda ən böyük iqtisadi-ticari əlaqələri Azərbaycanla qurub. Bu gün Azərbaycan Qafqaz regionunda Fransanın əsas iqtisadi tərəfdaşıdır. 2018-ci ildə bu ölkələr arasında ticarət dövriyyəsi (ixrac 441 672.09, idxal - 183 050.05) 624,7 milyon dollar olub.

Göründüyü kimi, Azərbaycanın dünyanın böyük fövqəldövləti ilə əlverişli biznes mühiti getdikcə şaxələnir. Hər ötən il dövlətlərimiz arasında ticarət dövriyyəsi artır. Həm cənab İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın MEDEF üzvləri ilə keçirdikləri görüşlərdə səslənən fikirlərdən isə bəlli oldu ki, Fransa ilə Azərbaycan arasında neft-qaz hasilatı, qeyri-neft sənayesi, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq, birgə layihələrin icrası, investisiya qoyuluşu iqtisadi əlaqələri daha da şaxələndirəcək və Azərbaycan bundan siyasiiqtisadi dividendlər qazanacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 12 iyul.- S.9.