Lənkəranın turizm
potensialı genişlənir
Lənkəranın əlverişli coğrafi mövqeyi, iqlimi, flora və fauna müxtəlifliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər yaradır. Azərbaycanın "Cənub mirvarisi” adlandırılan Lənkəran gündən-günə gözəlləşir, əsl turizm mərkəzi kimi tanınır.
Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Azərbaycan, rus və ingilis dillərində rayonun turizm potensialını əks etdirən bukletlər, flayerlər, təqvimlər çap etdirilərək müxtəlif sərgilərdə nümayiş olunur, turistlərə paylanılır.
Turist axını nəzərə alınaraq obyektlərdə xidmətin səviyyəsi yüksəldilir. Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə əcnəbi turistlərin qeydiyyatının yeni norma və qaydaları tətbiq olunur. Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə cənub bölgəsinin turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət fotosərgilər, el sənətkarlıq nümunələri sərgiləri və əyləncəli proqramlar təşkil edilir. Yerli sənətkarların hazırladıqları suvenirlər xarici turistlərə satılır.
Sağlamlıq və digər turizm növlərinin təbliği və inkişafı məqsədilə Hirkan Milli Parkında ekoturizm marşrutları üzrə gəzintilər təşkil olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Çexiya Respublikası səfirliyinin təşkilatçılığı ilə həmin ölkənin mütəxəssisləri tərəfindən Hirkan Milli Parkında treninqlər də keçirilmişdir.
Lənkəranın aqrar rayon olması nəzərə alınaraq burada son dövrlərdə xüsusi populyarlıq qazanan aqrar turizmin inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Hazırda ən populyar turlar çay plantasiyaları və çay fabriklərinə olan gəzintilərdir. Aqroturizmin inkişafı ilə bağlı Lənkəran TİM "Yaşıl Çay”, "Astaraçay” şirkətləri Kənd Təsərrüfatı Nazirliyinin burada fəaliyyət göstərən Təcrübə mərkəzi ilə əlaqəli işləyir. Artıq çay turları ilə yanaşı, naringi plantasiyalarına da gedişlər təşkil olunur.
Lənkəran öz müalicəvi termal suları ilə də məşhurdur. Bölgədə ən böyük müalicə-istirahət kompleksi inşa edilmişdir. Burada istirahətlə yanaşı, müalicə prosedurları da aparılır. Lənkəran artıq sağlamlıq turizminin də əsas mərkəzlərindən birinə çevrilib.
Bölgədə ilin bütün fəsillərində Lənkəran, Lerik və Astara rayonlarını əhatə edən turizm marşrutları fəaliyyətdədir. Mehmanxanalarda qalan turistlər haqqında məlumatlar alınır. Orada olan qonaqlar üçün TİM tərəfindən turlar təşkil olunur. Cənub bölgəsində dağ və ekstremal turizmin inkişafına da xüsusi diqqət yetirilir. Lənkəran ŞİH-nin təşkilatçılığı ilə artıq "Çay, sitrus və çəltikçilik festivalı”na start verilmişdir. Bu da bölgəmizə daha çox turistin cəlb olunmasına xidmət edən əsas amillərdəndir.
İlqar ƏZİMOV,
Lənkəran Turizm İnformasiya
Mərkəzinin direktoru
Azərbaycan.-
2019.- 12 iyul.- S.10.