Ölkəmizə 200 mindən çox
çinli turist gələcək
Çinin Şanxay şəhərində 84 ölkədən 800-dən çox şirkətin iştirakı ilə keçirilən "ITB China” beynəlxalq sərgisində Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Ölkəmizi bu sərgidə Heydər Əliyev Beynəlxalq Hava Limanı, "Azərbaycan Hava Yolları”, Bakı Konqres Mərkəzi, "Silkway Travel”, "Flame Travel”, "HIS”, "China Travel” və "Turizm.az” şirkətləri təmsil etmişdir.
Sərgidə Çin bazarı üçün ölkəmizin turizm potensialı ilə yanaşı, yeni məhsullar da nümayiş etdirilmişdir. Qeyd edək ki, 2018-ci ilin dekabr ayından Çində fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi tərəfindən Pekin, Şanxay və Qunaçjou kimi böyük şəhərlərdə Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində fəal iş aparılır.
Cari ilin yanvar ayında Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları” və ÇXR-in aparıcı turizm şirkəti "ETI-Holidays” arasında üçtərəfli anlaşma memorandumu, mart ayında isə "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Razılaşmaya əsasən, yaxın illərdə ölkəmizə gələcək çinli turistlərin sayının 200 mindən çox olacağı ehtimal edilir. Buna səbəb ilk növbədə cari ilin aprel ayında Prezident İlham Əliyevin Çində keçirilən "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakıdır. Forumda dövlət başçısının çıxışından irəli gələn məsələlərin icrası çərçivəsində Dövlət Turizm Agentliyi və ÇXR Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış anlaşma memorandumu hər iki ölkə arasında turizm əlaqələrinin intensivləşdirilməsi istiqamətində atılan mühüm addımlardandır. Görülən işlərin nəticəsidir ki, cari ilin ilk 4 ayı ərzində ötən illə müqayisədə ölkəmizə gələn çinli turistlərin sayında 50 faizdən çox artım müşahidə olunub.
Rəhman SALMANLI
Azərbaycan.-
2019.- 12 iyul.- S.10.