Cazibədar, əzəmətli Xan
qızı
...Siyasi
gərginliklər artdığı bir
dövrdə xan ailələri üzərində
nəzarətin gücləndirilməsi, baş
verən faciələr, bitib-tükənməyən
qayğılar... Həyat onu dönə-dönə
sınağa çəkdi. Taleyinə yazılanların,
başına gələnlərin ən ağırı isə
on altı yaşlı oğlu
Mir Abbasın itkisi oldu. Mehdiqulu xanın yeganə övladı, Azərbaycanın
gözəl Qarabağının igidlər yetirmiş
Cavanşirlər nəslinin mərdanə qızı Xurşudbanu Natəvan bu
dünyadakı dərdlərin ən
ağrılısını yaşadı. Övlad
dərdi dərmanı olmayan könül yarasına döndü.
Qüssəsi, kədəri həzin-həzin
misralarından boy verdi.
Qələmlə, kağızla dərdləşdi:
Yenə ya rəb, nə qəmgindir
mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad
olan könlüm.
- dedi.
Bir də dərdini, kədərini çəkdiyi
rəsmlərdə ifadə etdi...
Qarabağ xanlığında böyük nüfuza malik, nəsil-nəcabətinə, şəcərəsinə sadiq, mətanətli Xan qızının ömrünün son illəri belə keçdi. Dərdləri məhzun baxışlarında, qüssəli qəlbində yurd saldı. Amma o, bu faciələrin içərisində də öz mübarizliyini, mətinliyini qoruyub saxladı. El-obasını, xalqını düşündü, əlindən gələn köməyi ehtiyacı olanlardan əsirgəmədi.
Taleyi keşməkeşli, mənəvi yükü ağır olan Xan qızını tarix yaddaşında belə saxladı. XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələri arasında öz dəst-xətti ilə seçilən Xurşudbanu Natəvana yeni ömür - abidə ömrü vermək istəyən heykəltaraş da bütün bunları nəzərə almalıydı...
Bakı XX əsrin
ortalarında...
1950-ci illər
idi. Böyük Vətən müharibəsinin
acı nəticələrini
aradan qaldırmaq üçün SSRİ-nin
tabeliyində olan bütün respublikalarda həyata keçirilən
quruculuq işləri davam etdirilirdi. O zaman Azərbaycanın paytaxtında da nəzərəçarpan işlər
görülürdü. Bakı şəhər
İcraiyyə Komitəsinin
sədri Əliş Lənbəranski heykəltəraşlığın
inkişafına və
şəhərdə abidələrin
ucaldılmasına da xüsusi diqqət göstərirdi. Yeni-yeni memarlıq
və heykəltəraşlıq
nümunələri şəhərlərin
hüsnünü bəzəyirdi.
Böyük coşğu ilə həyata keçirliən
işlər istedadlı
heykəltəraşlara həm
öz bacarıqlarını
nümayiş etdirməyə,
həm də arzularını həyata keçirməyə meydan
verirdi. Onlardan biri də Ömər Eldarov idi. O, Azərbaycan Rəssamlıq Məktəbinin
heykəltəraşlıq bölməsini bitirdikdən
sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Y.Repin adına Rəngkarlıq,
Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq
fakültəsində təhsil
aldı. Bakıya qayıtdıqdan sonra böyük həvəslə çalışan
gənc heykəltəraş
çox keçmədi
ki, həmkarlarının
rəğbətini qazandı.
Onu Azərbaycan Bədii-İstehsalat
Kombinatı nəzdində
fəaliyyət göstərən
bədii şuraya üzv seçdilər.
Bir gün rəssam Heydər Cabbarlı öz əsərini şuraya təqdim etdi. O, yağlı boya
ilə çəkdiyi
portretdəki milli geyimli qadının Xurşudbanu Natəvan olduğunu dedi. Heydər Cabbarlı şairənin şəklinin geniş yayılmadığını nəzərə
alaraq onun tək və övladları ilə çəkdirdiyi fotoları
da gətirmişdi.
Beləcə, şura üzvlərini
çətinlikdən qurtardı.
Onlar bu fotoları Heydər Cabbarlının
çəkdiyi rəngkarlıq
əsəri ilə müqayisə edərək
nəticədən razı
qaldılar.
Qızıl Fonda daxil
edilən əsər
Bədii şuranın həmin toplantısı Ömər
Eldarov üçün
unudulmaz oldu. Fotolardakı qadın nüfuzedici baxışları, vüqarlı
duruşu ilə gənc heykəltəraşı
öz cazibəsinə
saldı. Natəvanın
heykəl-portretini yaratmaq
fikrinə düşən
Ömər Eldarov Nizami adına
Ədəbiyyat Muzeyinin
foto-arxivindən Heydər
Cabbarlıda gördüyü
fotoların sürətini
aldı və işə başladı. Şairənin portretini gildən
hazırladıqdan sonra
onu mərmərdə
yondu.
Həmin günlərin birində heykəltəraşların çalışdığı
emalatxanaya Azərbaycan
SSR Ali Sovetinin sədri
Mirzə İbrahimov gəldi. Məqsədi paytaxtda ucaldılacaq
başqa bir abidənin hazırlığına
baxmaq idi. Xurşudbanu Natəvanın mərmər
üzərində təsvirini
də gördü.
Ömər Eldarovun əsərini
çox bəyənən
Mirzə İbrahimov o
vaxtadək Bakıda Xan qızına heykəl qoyulmadığını
söylədi. Belə bir
abidə hazırlamaq üçün istedadına
inandığı gənc
heykəltəraşın razılığını
aldı.
Ömər Eldarov abidə üzərində
dörd il
çalışdı. Görkəmindən məğrurluq, qürur yağan qəhrəmanının
gözlərindəki lal
kədər gənc heykəltəraşa güclü
təsir göstərmişdi.
Bu təəssüratlarla o,
Xurşudbanu Natəvanın
mənəvi çırpıntılarını,
mübarizliyini, sevgi və kədərini böyük ustalıqla təsvir etdi. Müəllif çətin bir
işin öhdəsindən
gəldi. Şairənin heykəlində həm milli xüsusiyyətlər,
həm də müsəlman qadınlarına
xas cəhətlər
əksini tapdı.
Yer seçimi də maraqlı və diqqətçəkici oldu. Şairənin abidəsi paytaxtın mərkəzi küçələrinin
kəsişməsində qoyuldu.
Ətrafında klassik memarlıq
nümunələrinin olması
əsərlə uyumluluq
yaratdı. Nəhəng kinoteatrın fonunda da heykəl görünməz olmadı.
Əksinə, öndən baxanda
kinoteatr sanki heykəlin bir hissəsinə, onu tamamlayan elementə çevrildi.
Şairənin abidəsi o qədər də hündür olmayan binaların əhatəsində, "Azərbaycan”
kinoteatrının fonunda
bütün gözəlliyini,
cazibədarlığını nümayiş etdirə bildi. Əsəri ərsəyə gətirənlər - heykəltəraş
Ö.Eldarov, memarlar E.İsmayılov və F.Leonteva üzərlərinə
götürdükləri vəzifəni
diqqətlə, dəqiqliklə
yerinə yetirdilər.
Dar küçələrin
ölçüsünə uyğun olaraq çox da uca
qurulmayan heykələ
hansı rakursdan baxılsa, görüm nöqtəsi zəifləmir.
Millilik yalnız Xan qızının dəbdəbəli
paltarında, kəlağayısında,
əlindəki qələmdə
əks olunmadı.
Abidənin yerləşdirildiyi qranit kürsülük də milli ornamentlərlə
bəzədildi.
1960-cı ildə
abidənin açılış
mərasimi keçirildi. Əsər yalnız
müəllifinin - görkəmli
heykəltəraş, akademik
Ömər Eldarovun deyil, bütövlükdə
Azərbaycan heykəltəraşlığının
şah əsərlərindən
biri oldu. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən
abidə heykəltəraşlıq
sənətimizin Qızıl
Fonduna daxil edildi. O vaxtdan təsviri sənətin müxtəlif növlərində
Xurşudbanu Natəvana
həsr olunan neçə-neçə əsər
yaradılsa da, bu abidə birinciliyini
saxladı.
Paytaxtın əbədi
sakinlərindən biri
Bu gün
də Bakının izdihamlı yerlərindən
birində qərar tutmuş "Xurşudbanu
Natəvan” abidəsi Şərq qadınının
ruhundakı nəcibliyi,
incəliyi, hassaslığı
nümayiş etdirir. Beləcə, şairə altmış ilə yaxındır ki, paytaxtın ən gözəgəlimli
yerlərindən birində
öz möhtəşəm
kürsüsündə əyləşərək
gəlib-gedənləri "seyr edir”. Sanki indicə canlanacaq
və duyğularını
kağıza köçürəcək.
Bu misraları pıçıldayacaq:
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?
Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Beləcə, fikir dəryasına qərq olmuş Xan qızı öz düşüncələriylə baş-başadır. Axıb keçən zamana qoşulmuş insanlar yanından ötüb keçirlər. O isə öz yerindədir. Hər zamankı kimi gözəl, cazibədar, əzəmətlidir...
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.- 12 iyul.- S.11.