Əlincə qalası

 

Abidələrimiz

 

Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri Əlincə qalasıdır.

Yazılı mənbələrdə adı X yüzildən başlayaraq, "Alıncaq”, "Alancıq” , "Əlincək” və "Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.

Əlincəqalanın tikilmə tarixi barədə müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr mənbələrində Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur.

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, dövrünün ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalasını belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlarhovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir.

Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir”.

 

Azərbaycan.- 2019.- 12 iyul.- S.11.