Milli ruh və azərbaycançılıq məfkurəsinin 50 illik yüksəlişi

 

Heydər Əliyevin Azərbaycan Respublikasına hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Ulu Öndər 1969-cu ilin 14 iyulunda Bakı şəhərində keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda yekdilliklə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçildi.

Bu tarixi hadisə Azərbaycanın gələcək inkişaf yoluna üfüqdən doğan günəşin şəfəqləri kimi aydın işıq saçdı. Həmin tarixdən bizi ayıran ötən 50 ilin parlaq və şanlı səhifələri Ulu Öndərin mənalı və şərəfli ömür yolu ilə ayrılmaz vəhdət təşkil edir. Həyat və fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşayan Ümummilli Lider Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərdi. Ulu Öndər Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə möhkəm təməlləri olan dövlət quruculuğunun əsaslarını yaratdı. Harada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq Heydər Əliyev üçün Azərbaycanın mənafeyindən kənarda heç nə mövcud deyildi. Çünki o, ən böyük azərbaycanlı idi.

1969-1982-ci illər ərzində Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan Ulu Öndər respublikada milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər gördü, mövcud imkanlardan bacarıqla istifadə etdi. Təhlil və araşdırmaların təsdiq etdiyi kimi, xalqın tarixi yaddaşının özünə qaytarılması ideoloji təməl prinsipləri əsasında milli ruhun yeni yüksəlişini təmin etdi. Hər bir azərbaycanlının qəlbində illərdən bəri sönməyən milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün respublikada sağlam mühit formalaşdırdı.

Həmin dövrdə qarşıya qoyulan bu məqsədlərin həyata keçməsi üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun Sovet İttifaqı məkanında birincilər sırasına çıxarılmasının əhəmiyyətini görən Heydər Əliyev genişmiqyaslı dəyişikliklərə başladı. Eyni zamanda iqtisadi və sosial sahələrdə dərin struktur islahatları apardı. Xalqın maddi rifah halının yaxşılaşması üçün yeni mərhələyə keçməyə şərait yaratdı. Ümummilli Lider qəti əmin idi ki, iqtisadi cəhətdən azad olmayan ölkənin siyasi müstəqilliyindən söhbət açmaq absurddur. Heydər Əliyevin qətiyyəti sayəsində sovet hökuməti Azərbaycanla bağlı hərtərəfli tərəqqini və dayanıqlı inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etdi. Azərbaycanın inkişafı üçün tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar həmin dövrdə və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyən edirdi.

Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyevin bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə apardığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olurdu: "Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib. 1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. O illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı. Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdü. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdü. Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi”.

Həqiqətən də, ötən əsrin 60-cı illərində səviyyəsi əsaslı surətdə aşağı düşən Azərbaycan iqtisadiyyatı 70-ci illərdən etibarən yeni yüksəliş mərhələsinə qədəm qoydu. 1969-1982-ci illərdə Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə kiçik xammal respublikasından əhəmiyyətli sənaye mərkəzinə çevrildi. Adambaşına düşən ümumi daxili məhsul 2,5, sənaye istehsalı 3, kənd təsərrüfatı məhsulları istehsalı 2,6, əmək məhsuldarlığı 2,5 dəfə artdı. Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı mərkəzi adı yenidən özünə qaytarıldı. Sənaye istehsalı artımı neft sahəsində 3 dəfə, qaz sektorunda isə 2 dəfə çoxaldı. Ümumilikdə ölkədə 250 zavod, fabrik, sex tikilərək istifadəyə verildi. Eləcə də 2 milyondan artıq vətəndaşın mənzil problemi həll olundu. 1970-ci illərin sonlarında Azərbaycan iqtisadiyyatında olan dirçəliş və inkişaf ən yüksək səviyyədə idi. Həmin illərdə Azərbaycan vətəndaşlarının SSRİ-nin müxtəlif orden və medalları ilə, o cümlədən 1007 nəfərin "Lenin”, 10 min 130 nəfərin "Qırmızı Əmək Bayrağı”, 1422 nəfərin "Oktyabr inqilabı”, 1153 nəfərin "Xalqlar Dostluğu” ordenləri ilə təltif edilməsi, 108 nəfərin (onlardan bir neçə nəfərinin ikinci dəfə) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi qətiyyətli siyasətçi, bacarıqlı təşkilatçı kimi tanınan Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin uğurlu və müsbət nəticələri idi.

Ölkədə inkişaf proqramlarının reallaşdırılması ilə paralel olaraq milli mənəviyyatın təşəkkül tapması, tarixi soy-kökə qayıdış, azərbaycançılıq dünyagörüşünün bərqərar olunması həyata keçirilən siyasətin əsas xəttini təşkil edirdi. Bu dövrdə milli təhsilin, elmin, mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı Azərbaycanda hazırda, sözün əsl mənasında, intibah dövrü kimi qəbul olunan inkişaf mərhələsinin əsasını qoydu. Ümummilli Lider uzaqgörən siyasətçi kimi gənc nəslin yetişdirilməsinə, tərbiyəsinə, təhsilinə xüsusi önəm verirdi. Böyük öndərin respublikamıza birinci rəhbərliyi dövründə şəhər və rayonlarda 800-ə yaxın məktəb tikilərək istifadəyə verildi. Ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, bu təhsil məkanlarında müxtəlif ixtisaslara yiyələnən tələbələrin sayı isə 70 mindən 100 minə qədər artdı.

Həmin illərdə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən ölkəmizdə kəskin ehtiyac olan ixtisaslar üzrə mütəxəssis kontingentinin formalaşdırılması, onların bilik və bacarıqlarının milli maraqlar naminə səfərbər olunması idi. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü sayəsində Azərbaycandan kənarda SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ali təhsil müəssisəsində 80-ə qədər ixtisas üzrə 15 min azərbaycanlı gənc təhsil aldı. 1969-cu ilə qədər isə bu rəqəm hər il üzrə cəmi 40-50 nəfər təşkil edirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan cəmiyyətinin bütün sahələrində apardığı milliləşdirmə siyasəti respublikadan kənarda təhsil almağa göndərilən tələbələrin tərkibində də özünü göstərirdi. Belə ki, 1969-cu ilədək bu tələbələrin tərkibində azərbaycanlıların sayı cəmi 40 faiz təşkil edirdisə, 1980-ci ildə bu göstərici xeyli yüksəlmişdi. Heydər Əliyev SSRİ-nin ali hərbi məktəblərinə oxumağa gedən gənclərin milli tərkibinə də xüsusi əhəmiyyət verirdi. Qeyd edək ki, o illərdə Sovet İttifaqının kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlığını dilə gətirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəbin yaradılması da böyük bir amala - gələcək müstəqil Azərbaycanın milli zabit korpusunun yaradılması məqsədinə xidmət edirdi. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən və müdrik şəxsiyyət idi. Məhz Ulu Öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsilalanlar sonradan Azərbaycana qayıdaraq xalqa, millətə, vətənə ləyaqətlə xidmət etdilər. Bu xidmətin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın inkişaf və tərəqqisində də özünü təsdiqləyirdi. Ulu Öndərin həyata keçirdiyi bu siyasət hər birimizin həm əsl vətəndaş, həm də ixtisaslı kadr kimi formalaşmasında əsaslı rol oynadı.

1969-1982-ci illərdə milli mədəniyyətin, incəsənətin və ədəbiyyatın inkişafına böyük önəm verən Ulu Öndər ziyalı elitasına xüsusi diqqət və qayğı göstərirdi. Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə 20-dən çox mədəniyyət və elm xadiminin - Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Fikrət Əmirov, Qara Qarayev, Rəşid Behbudov kimi görkəmli Azərbaycan övladlarının Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad alması məhz Ulu Öndərin xidməti idi. Həmin dövrdə Bakıda və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılması da diqqətdən kənarda qalmırdı. Azərbaycanın paytaxtında Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Mehdi Hüseynzadənin, Cəfər Cabbarlının və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu. Eyni zamanda Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Bülbülün, repressiya qurbanları - Mikayıl Müşfiq və Hüseyn Cavidin ev-muzeyləri yaradıldı. Bütün bunlar mənalı həyatını Azərbaycana həsr etmiş, onun adını ucaldan görkəmli sənət adamlarının adlarının əbədiləşdirilməsi, eyni zamanda gənc nəslin bu şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi məqsədini daşıyırdı.

Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün qanunçuluq prinsipinin möhkəmləndirilməsi istiqamətində ilk real şans da Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsindən sonra yarandı. İlk gündən respublikanın taleyi ilə bağlı ən müxtəlif problemlərə toxunan Ümummilli Lider hüquq mühafizə orqanlarındakı nöqsanları, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərin həlli yollarını göstərdi. Azərbaycana rəhbərlik edən şəxsin bu cür cəsarətli mövqeyi o dövrdə imperiya rəhbərlərinə qətiyyən xoş gəlməsə də, həmin şəxslər Heydər Əliyev dühasının xalq arasındakı hörmət və nüfuzu qarşısında susmağa, onunla hesablaşmağa məcbur olurdular. Dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Ulu Öndər "ədaləti ədalətsizliklə bərpa etmək olmaz” deməklə, dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət göstərdi. Ədliyyə Nazirliyinin yenidən yaradılması da Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə həyata keçdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikamızın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirildi. Sovet ideologiyasının tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilərdi. "Qoy ədalət zəfər çalsın!” - o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi. Heydər Əliyevin gördüyü işlər, prinsipiallığı, şəxsi keyfiyyətləri, əlbəttə ki, sovet rəhbərliyində də yüksək qiymətləndirilirdi.

1982-ci ildə Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutmasından xalqımız qürur hissi keçirirdi. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev ittifaqda artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, ittifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Bir sözlə, Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrildi.

XX əsrin 90-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr, cərəyan edən proseslər, sovet imperiyasının dağılması, bölgələrimizdəki gərgin geosiyasi durum, ziddiyyətli etnik məsələlər, erməni separatizmi və müstəqilliyinə yeni qovuşan respublikanın demokratik siyasi sisteminin formalaşmasına keçidi, Qərbə inteqrasiyası, sosial sahələrdə transformasiya olunma kimi ciddi problemlər yaratmışdı. Bu reallıqları düzgün dəyərləndirən Ulu Öndər Heydər Əliyev mühüm və vacib strateji hədəfləri düzgün və dəqiq müəyyən etdi. Ulu Öndərin Moskvadan Azərbaycana qayıtması, əvvəlcə Naxçıvana, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratdı.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli iclasında üçrəngli Azərbaycan bayrağını dövlət rəmzi kimi qəbul etdirdi. Bu tarixi faktın özü milli dövlətçilik ideologiyası baxımından Azərbaycan üçün önəmli idi. Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik rəmzi kimi qəbul edilən üçrəngli Azərbaycan bayrağının yenidən dövlət bayrağı səviyyəsində qəbul edilməsi SSRİ-nin dağılmasından 11 ay əvvəl baş verdi. Bu, Azərbaycan tarixinin şanlı və unudulmaz səhifələrindəndir. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi bir neçə mühüm tədbir ölkəmizin həyatında önəmli tarixi hadisə idi. Bu tarixi hadisələrdən biri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında 16 dekabr 1991-ci il tarixli sərəncamı idi. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə bu sərəncamla "Dünya azərbaycanlıları” anlayışı böyük siyasətə gətirildi.

Müstəqilliyin ilk illərində ölkəmiz üçün olduqca mürəkkəb və çətin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev respublikada baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoydu. 1993-cü ilin iyunun 9-da Bakıya gələn və iyunun 15-də Ali Sovetin Sədri seçilən Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı və dövlət müstəqilliyi qorunub saxlanıldı.

Heydər Əliyevin misilsiz diplomatik məharəti və siyasi iradəsi sayəsində 20 sentyabr 1994-cü ildə respublikamız və eləcə də bütün region üçün həyati əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevin fenomenal uzaqgörənliyi nəticəsində həyata vəsiqə alan bu ilk neft müqaviləsi müstəqil Azərbaycanın iqtisadi konsepsiyasının əsasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsində dönüş nöqtəsi oldu. Azərbaycan iqtisadiyyatına xarici şirkətlərin çoxmilyardlıq sərmayə qoyuluşu başlandı, iqtisadi inkişafın əsası qoyuldu.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyamızın qəbulu ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar açdı. Ulu Öndər Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyasının hazırlanmasına və qəbul edilməsinə nail olmaqla ölkədə hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. İnsan haqlarının etibarlı qorunmasını dövlətin prioriteti kimi müəyyən edən respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində beynəlxalq konvensiyalara qoşuldu. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı. Azərbaycanda insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi dövlət proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.

1993-2003-cü illərdə ölkə qarşısında duran vəzifələrin uğurla icra edildiyini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, bu 10 il ərzində Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır və bu addımlar hazırda bizim uğurlu siyasətimizi şərtləndirir.

Həqiqətən də, Ulu Öndər Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi. Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.

Bu gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişaf və tərəqqisi sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli siyasi varisi və davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlət başçısı əsası Ümummilli Lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq, dönməz etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmış, regionun lider dövlətinə çevrilmişdir. Son 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqətləri bir daha təsdiqləyir. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, makroiqtisadi sabitlik çox yüksək səviyyədə olmuş, ÜDM 3,2 dəfə artmışdır. Hazırda adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Ölkəmizin iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə yatırılıb və bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir.

Ötən müddətdə çox böyük inkişaf yolu keçən Azərbaycan iqtisadi sahədə tam müstəqillik əldə edib. Rəqabətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin dinamik yüksəlişi, tərəqqisi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Perspektiv inkişafa yönəlmiş, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığına xidmət edən addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” və həmin istiqamətlərə müvafiq olaraq qəbul edilmiş 12 Strateji Yol Xəritəsidir. Strateji Yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun davamlı inkişafı və ixrac potensialının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.

Dünya bankının "Doing Business 2019” hesabatına görə Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təntənəsidir.

Milli iqtisadiyyatda qazanılmış makroiqtisadi nəticələrin qorunub saxlanılması baxımından demokratik inkişafa olduqca böyük önəm verən dövlət başçısı ötən 16 ildə Azərbaycanda həyata keçirilən hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatına da xüsusi diqqət yetirmişdir. Azərbaycanda demokratik proseslərin sürətləndirilməsinin mühüm şərtlərindən biri də məhz qanunçuluğun bütün səviyyələrdə möhkəmləndirilməsi, sosial ədalət meyarına riayət olunması, hakimiyyət bölgüsü prinsiplərinin qorunması, ən başlıcası, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatların aparılmasıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi hüquqi yeniliklər çağdaş dövrün tələblərinə cavab verən cəmiyyətin inkişaf ahənginə adekvat addımlardır. Ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum dərəcədə ehtiva edir.

Ümummilli Lider Heydər Əliyev ölkəmizdə təməlini qoyduğu möhkəm iqtisadi-siyasi bazaya əsaslanaraq deyirdi: "İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”. Milli ruh və azərbaycançılıq məfkurəsinin yüksəldiyi 50 il də bunu deyir.

 

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini,

 Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2019.-13 iyul.- S.1; 3.