Şəxsiyyət zirvəsi
Hər bir xalqın dünya miqyasında tanınmasının, şöhrət qazanmasının çox aydın və danılmaz şərtləri var. Həmin şərtləri tarixi reallıqlar da dönə-dönə təsdiq etmişdir. Həqiqət ondan ibarətdir ki, bütün xalqların cəmiyyətdə mövcud olmasına, fəaliyyət göstərməsinə, ilk növbədə arxalandığı, sosial-iqtisadi inkişafı üçün vəsilə saydığı təbii və mənəvi şərtlər, maddi-mənəvi abidələr kifayət etmir.
Ölkənin müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə tənzimləyən fenomen şəxsiyyətdən də çox asılıdır.
İntibah yolunun başlanğıcı
Ötən əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə başçılıq etmək qisməti Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Artıq həmin vaxtdan 50 il ötür. 50 il əvvəl onun xalqımızı müstəqilliyə, azadlığa qovuşduran əsl rəhbər xarizmasına çevriləcəyinə, ölkəni bu günlərə gətirib çıxaran tarixi yolun təməlini qoyacağına hamı inana bilməzdi. Çünki bu şəxsiyyətin vətəni, xalqı üçün böyük xariqələr yarada biləcək potensial imkanlarını insanlar hələ görməmişdilər. Bu keyfiyyətlər tədricən, zaman-zaman onun işgüzar fəaliyyətinin nəticələri kimi üzə çıxdı.
Heydər Əliyevin uzaqgörən siyasəti ilə cilalanan tarixi təcrübə göstərir ki, Azərbaycanda sosial-iqtisadi inkişaf konsepsiyasının yaranmasının başlanğıcını Sovet İttifaqının tərkibində olarkən respublikanın baş nəzarət və fəaliyyət istiqamətini tənzimləyən Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun keçirildiyi 1969-cu il avqustun 5-i tarixindən götürmək lazımdır.
Bu mövzuda danışmaq mənim üçün də qürurvericidir. Çünki siyasi və idarəçilik fəaliyyətimdə ilk addımlarımı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra atmışam. 1972-ci ildə Lənkəranda komsomolun birinci katibliyinə namizədliyim irəli sürülən zaman məni qəbul edən Heydər Əliyevin verdiyi tövsiyələr həyatım boyu siyasi fəaliyyətimin yeganə istinadgahı oldu.
1969-cu ilin iyul ayından sonra rəsmi dövlət tədbirlərinin o vaxt respublikamızın həyatında necə əks-səda doğurduğunu yaxşı xatırlayıram. Azərbaycan əhalisi görür və hiss edirdi ki, Heydər Əliyevin siyasi hakimiyyətdə rəhbər yerini tutması təsadüfi deyil. Həmin günlərdə insanların dilində tez-tez "ədalətli rəhbər” sözlərinin eşidilməsinin də real əsasları var idi. Elə əhalinin özü də Heydər Əliyevin respublikada Mərkəzi Komitənin birinci katibi seçilməsinə başqa mövqedən yanaşmaq istəmirdi. Axı insanları yüksək vəzifəyə təyin edərkən adətən onların bilik və bacarığını, təşkilatçılıq qabiliyyətini nəzərə alırdılar. Şübhəsiz ki, bu keyfiyyətlər siyasət aləmində potensial enerjiyə malik olan Heydər Əliyevin şəxsində də cəmləşmişdi. O, bu məsul vəzifəyə gələndə "qətiyyətli başçı” imicini qazandırmış bir siyasi xadim idi.
Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə "Qoy ədalət zəfər çalsın!” devizi ilə gəlmişdi. O, sovet dövlətinin Konstitusiyası çərçivəsində verilmiş imkanlarından xalqın mənafeyi üçün tam şəkildə istifadə etməyə çalışır, maneələri köklü şəkildə təmizləməyə səy göstərirdi.
Heydər Əliyev yüksək bilik və təşkilatçılıq qabiliyyətini elə ilk günlərdən ortalığa qoydu. O, lider xarizmasını, milli adət və ənənələrlə bağlı idarəçilik məharətini işə tətbiq etməyi, çətin və mürəkkəb, hədsiz dərəcədə məsuliyyətli fəaliyyətinin vacib şərti sayırdı. Dahi rəhbər elə həmin günlərdən insan hüquqlarına dərin hörmət və ehtiram hissi ilə yanaşmaqla, onların qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə başladı. Məhz bunlara görə Heydər Əliyev o zamanlarda xalqının xeyrinə hansısa bir işi görmək naminə ittifaq rəhbərliyi ilə daim üz-üzə gəlirdi. Onun məqsədi birinci növbədə haqq yolunda mübarizə aparmaq idi. Bu mübarizə Azərbaycan xalqının həllini gözləyən bir sıra problemlərlə üzləşdiyi vaxta təsadüf edirdi. Həmin problemlər Heydər Əliyevə qədər yığılıb qalmış, aradan qaldırılması yolunda kifayət qədər iş görülməmişdi.
Qətiyyətli rəhbər
Ümummilli Lider çətinliklərin haradan və nədən irəli gəldiyini müəyyənləşdirdi, diqqəti cəmiyyətdə özünü göstərən başlıca problemlərə - milli vəhdətin, hakimiyyətlə xalqın yekdilliyinə, onlar arasında birliyin təmin olunmasına yönəltdi. Heydər Əliyev görürdü ki, sovet dövründə hələ çarizmdən "miras qalmış” bir meyilin zərərli nəticələri özünü yenə də büruzə verməkdədir. O zaman hakimiyyətdə azərbaycanlıların təmsil olunmasına ciddi maneələrin hökm sürməsi, onların daha çox aşağı vəzifələrdə yerləşdirilməsi həmvətənləri arasında birliyə maneçilik törədir, yorucu intriqalara gətirib çıxarırdı. Bacarıqlı rəhbər belə xoşagəlməz hallara son qoymaq üçün möhkəm iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirməyə başladı. O, xalqla görüşlərində, rəsmi dövlət tədbirlərində respublikada özünü göstərən mənfi cəhətləri açıq deməkdən, onları yerindəcə tənqid etməkdən ehtiyatlanmırdı.
Heydər Əliyevin Azərbaycan KP MK-nın tarixi 1969-cu il avqust plenumundakı dərin məzmunlu çıxışı hamını heyrətdə qoymuşdu. O, bütün neqativ hallar barədə fikirlərini böyük cəsarətlə, açıq-aydın, təfərrüatı ilə yığıncaq iştirakçılarının diqqətinə yetirdi. Qeyd etdi ki, hakimiyyətin idarəçiliyi sistemində yerlibazlıq, regionçuluq təzahürləri önə çəkilmiş, dövlət işinə xeyir gətirən, daha böyük səmərə verən təşkilatçılıq bacarığı, işgüzarlıq keyfiyyətləri kölgəyə alınmışdır. Nəticədə bürokratik meyillər güclənmiş, rüşvətxorluq kimi neqativ hallara hətta yuxarı instansiyalarda göz yumulmuşdur.
Heydər Əliyev həmin plenumda kadr siyasətinə yüksək məsuliyyətlə yanaşmağın onun idealı olduğunu belə bəyan etdi: "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar”.
Həmin plenum respublikanın sosial-iqtisadi inkişafı istiqamətində çox böyük və nəhəng işlər görmək, yeni, çox səmərəli islahatlar həyata keçirmək məqsədi daşıyan əlamətdar bir hadisəyə çevrildi. Bundan dərhal sonra respublikanın ictimai-siyasi həyatında canlanma hiss olunmağa başladı. Plenumda başlıca problem olan siyasi rəhbərliklə bağlı yekdilliyə səsləyən çağırışlar eşidildi. Bu məsələlər ətrafında işini qurmaq istəyən görkəmli partiya və dövlət xadimi hakimiyyət strukturunda azərbaycanlıların sayının az olması halına çox mənfi yanaşdı, xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini öz həmvətənlilərinin şəxsində üzə çıxarmaq siyasəti ilə işə başladı. Ulu Öndər cəsarətlə bacarıqlı yerli kadrları ətrafında yerləşdirmək və regionlara işi bacaran kadrları göndərməklə, respublikanı, sözün həqiqi mənasında, tərəqqi yoluna çıxartdı. Belə bir fəaliyyət nəticəsində Azərbaycanın partiya, qanunvericilik, sosial, mədəni-məişət, məhkəmə orqanları arasında yekdil əlaqə zəncirləri yarandı.
Respublikada rüşvətxorluğa qarşı mübarizə tədbirləri həyata keçirildi. Korrupsiya hallarının aradan qaldırılması istiqamətində aparılan işləri insanlar şüurlarında formalaşan ümummilli məsələ hesab edirdilər. Böyük əks-səda doğuran rəsmi dövlət tədbiri respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasını müəyyənləşdirdi.
Sosial-iqtisadi və mədəni yüksəliş mərhələsi
1969-cu ildən başlayaraq respublikada özünü qabarıq şəkildə göstərən iqtisadi tənəzzülün qarşısının alınmasına, sənayedə, kənd təsərrüfatında yeni islahatların həyata keçirilməsinə dair müvafiq tədbirlər planı hazırlandı. Kommunist Partiyasının aparıcı qüvvə olduğu bir zamanda fərqli milli siyasət yürüdülməsi işləri tədricən tənzimlənir, bu sahədə mühüm qərarların qəbul edilməsi gündəlik fəaliyyətin əsasını təşkil edirdi. Ulu Öndər yaxşı bilirdi ki, respublikanın iqtisadiyyatını ayağa qaldırmadan, onu yüksəltmədən qarşıya qoyulan qlobal vəzifələri həyata keçirmək o qədər də asan deyil.
Odur ki,
respublika sənayesi ilə kənd təsərrüfatını
yeni, daha mütərəqqi yollarla dirçəltmək,
xalqın maddi rifah halını yüksəltmək, doğma
vətəni ittifaq səviyyəsində birincilər
sırasına çıxarmağı məqsədyönlü
fəaliyyət proqramına çevirdi. Bu sahədə
məsuliyyət, partiya tələbkarlığı, hətta
inzibati cəza tədbirlərinin tətbiqi məsələləri
davamlı fəaliyyət proqramı kimi ortalığa qoyuldu.
Bir-birinin ardınca qəbul
olunan qərarlar respublikamızda sənayenin inkişafına təkan
verdi. Bakı Kondisionerləri
Zavodunun tikilib istismara verilməsi böyük rezonans
doğurdu. Onun məhsullarına onlarla
ölkənin tələbatı yarandı. 1980-ci ilin
göstəricilərinə görə sənayenin əsas
istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə
iki dəfə artaraq 8,4 milyard rubla
çatdırıldı. 10 il ərzində
respublikada 15 yeni iri maşınqayırma müəssisəsi
istifadəyə verildi. 12 müəssisənin
istehsal gücü əvvəlki illərlə müqayisədə
bir neçə dəfə artdı, sənaye istehsalı
üç dəfə yüksəldi. Sonra
sənaye istehsalının artım sürətinə görə
Azərbaycan ittifaq səviyyəsində ön sıraya
çıxdı.
Ötən əsrin 70-ci illərində
kənd təsərrüfatı sahəsində də
mühüm nailiyyətlər əldə olundu. 1982-ci ildə
kənd təsərrüfatı məhsulları
istehsalının həcmi 1969-cu ildəkinə nisbətən
təxminən beş-altı dəfə artdı. Həmin dövrdə Azərbaycanda yeni inkişaf və
tərəqqi dövrünün əsası qoyuldu və
ayrı-ayrı sahələrdə islahatlar
aparılmasının istiqamətləri müəyyənləşdirildi.
Məhz Heydər Əliyevin təşəbbüsü
ilə yeni istehsal sahələri işə düşdü, sənaye,
kənd təsərrüfatı məhsullarının həcmi
ildən-ilə yüksəldi. 1979-cu ilin
fevralında "Azərbaycan SSR-də
üzümçülüyün və şərabçılığın
inkişaf etdirilməsi haqqında” qərarın qəbul edilməsi
respublikada iqtisadi potensialın reallaşması yolunda
uğurlu bir addım idi. Bu qərara əsasən
1985-ci ilədək Azərbaycanda üzüm istehsalı 3
milyon tona çatdırılmalı idi. Bu
qərarda təsbitini tapan 23 bənddən yalnız 4-ü
birbaşa üzümçülüyün və şərabçılığın
inkişafı ilə bağlı idi. Qalan
bəndlər bu sahənin inkişafı hesabına
respublikanın sosial-iqtisadi inkişafını təmin etməklə
bağlı idi.
Həmin illərdə
respublikanın rayonlarında üzümçülük
çox yüksək templə inkişaf etdirildi. Rayonlarda
üzüm emalı zavodları işə düşdü,
şərabçılıq sənayesi öz məhsullarını
respublikadan kənara ixrac etməyə başladı. Bunun sayəsində müvafiq rayonların siması
büsbütün dəyişildi. Üzümçülük
və şərabçılıqdan milyon manatlarla gəlir əldə
edildi. Qazanılan vəsait əhalinin maddi
vəziyyətini xeyli yaxşılaşdırdı,
tikinti-abadlıq işlərinin dairəsi xeyli genişləndi.
Azərbaycanın ən
çox nəzərə çarpan bölgələrindən
biri də Lənkəran idi. Bərəkətli
torpağı, füsunkar təbiəti olan bu yeri o zaman "Cənub
mirvarisi” adlandırırdılar. Lənkəran
ümumittifaq tərəvəz bostanına çevrilmişdi.
Baxmayaraq ki, rayonun torpaqları subtropik bitki və
meyvələr üçün daha münasib idi. Rayonda nəhəng Xanbulançay su anbarı tikilib
istismara verildi. Heydər Əliyev onun
açılışında iştirak etdi. Məhsuldarlığı yüksəltməyin əsas
amili olan suvarma problemi bu yolla həll olundu. Min hektarlarla əkin sahəsini
"Xanbulağı”nın suyu cana gətirdi.
Lənkəranda faraş tərəvəz
məhsullarının yetişdirilib ittifaqın mərkəzi
şəhərlərinə göndərilməsi bölgəyə
böyük sərmayə gətirdi. Rayona milyon manatlarla vəsait
daxil oldu. Rayon bu uğurlarını "Məhsul
bayramı” adı ilə hər il qeyd edirdi. Zəhmət adamına pul mükafatları, minik
maşınları, xalçalar və sair hədiyyə
verilirdi. Ümumi daxili məhsulun
artımı, onun satışından əldə olunan gəlir
hesabına Lənkəranda tarix və mədəniyyət abidələri
bərpa olunur, tikinti-abadlıq işləri genişlənirdi.
Sosial-mədəni inkişaf hər addımda
özünü göstərirdi. Yüksəliş
qonşu rayonlarda da nəzərə çarpırdı.
Ötən əsrin 70-ci illərində
respublikada tikinti abadlıq işləri də geniş vüsət
almışdı. Hər yerdə böyük sürətlə
tikinti işləri aparılırdı. 1970-1985-ci illərdə
ümumi sahəsi 22,2 milyon kvadratmetr olan mənzillər
tikilmişdi. Bakıda yeni yaşayış
massivləri meydana gəlirdi. Çöl-biyabanı
xatırladan ərazilərdə planlı şəkildə 5
və 9 mərtəbəli yaşayış evləri
ucaldılır, mikrorayonlar salınırdı. Əhmədli, Yeni Günəşli, Yeni Yasamal
yaşayış massivlərində məhz həmin dövrdə
yüzlərlə, minlərlə insan rahat,
yaraşıqlı, hər cür kommunal şəraiti olan mənzillərdə
məskunlaşdı.
Həmin illərdə
işsizlik demək olar ki, büsbütün aradan
qalxmışdı. İnsanlar iş yerləri axtarmırdılar, iş
yerlərinin özü onları halal zəhmətləri ilə
dolanmaq üçün dəzgah arxasına, məhsul becərilən
tarlalara dəvət edirdi. 1985-ci ildə respublikada işləyənlərin
sayı 2,4 milyon nəfərə
çatırdı. 1970-ci ildə orta aylıq əməkhaqqının
səviyyəsinə görə Azərbaycan 15 respublika
arasında axırıncı yerdə gedirdi. 1980-ci ildə isə bu sahədə 4-cü yerə
çıxdı.
Ana dili hər bir xalqın
taleyində müstəsna rol oynayır. Azərbaycan
xalqının Ulu Öndərin dediyi kimi, çox zəngin, dərin
tarixi köklərə malik dili vardır. Lakin
azərbaycanlılar öz ana dilinin zənginliyindən uzun illər
yetərincə istifadə edə bilmirdilər. Bu vəziyyət 1970-ci illərə kimi davam etdi.
1978-ci ildə Azərbaycan Sovet
Respublikasının Konstitusiyası qəbul olunanda ona Heydər
Əliyevin cidd-cəhdi ilə "Azərbaycan dili Azərbaycan
Sovet Respublikasının rəsmi dövlət dilidir” maddəsi
daxil edildi.
Müasir dövlətimizin
qurucusu
1991-ci il
oktyabrın 18-də dövlət müstəqilliyinin elan
olunması Azərbaycanın yeni intibahının
bünövrəsi demək idi. Xalqımız
cümhuriyyətin dövlətçilik ənənələrini
davam etdirərək bu tarixi varislik üzərində öz
dövlətini yaratdı. O dövrü şərh edən
Ulu Öndər Heydər Əliyev demişdir: "Əsrin
sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan
Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir
Hacıbəylinin və Əhməd Cavadın
yaratdıqları Dövlət himnini, Xalq Cümhuriyyətinin
üçrəngli bayrağını və gerbini bərpa
elədi. Bu dövlətçilik atributları bu gün də
hər bir Azərbaycan vətəndaşı
üçün olduqca əzizdir... Bu dövlət,
bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin
varisidir”.
Lakin 1991-ci ildən sonra
hakimiyyət dairələrinin səbatsız və qətiyyətsiz
adamların əlində olması milli dövlətçiliyimizin
taleyini təhlükə altında qoymuşdu. Ölkədə
yaranmış anarxiyadan cana doymuş, ən
başlıcası isə müstəqilliyimizin itirilməsindən
ehtiyatlanan xalqın çağırışı və təkidli
tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi
hakimiyyətə qayıdan və dövlətçiliyimizin
sükanını öz etibarlı əllərinə alan
Ümummilli Lider Heydər Əliyev xilaskarlıq
missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət
və böyük uzaqgörənliklə yerinə yetirməyə
başladı.
Böyük və
güclü şəxsiyyətlər cəmiyyətdə, o
cümlədən geosiyasi arenada baş verən hadisələrə
çox ciddi təsir göstərir. Onların
dünyagörüşü, uzaqgörənliyi, həyat təcrübəsi
və siyasi iradəsi hər hansı bir ölkənin
inkişaf strategiyasının xüsusiyyətlərini müəyyənləşdirməklə
həlledici məqamlarda gələcək üçün
düzgün yol seçimini formalaşdırır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə
qayıdışı və ondan sonra ölkədə baş
verən pozitiv yeniliklər bunu təsdiq edir. Təkcə onu demək kifayət edir ki, Ümummilli
Liderin dühası sayəsində mürəkkəb geosiyasi
dövrdə ölkə vətəndaş
qarşıdurması və hərc-mərclik, dərin iqtisadi
və sosial-siyasi böhran vəziyyətindən
çıxarıldı, inkişafın təməli qoyuldu.
Heydər Əliyev dövlətçiliyin
qüdrətlənməsinə, rifahın
yaxşılaşmasına xidmət edən dövlət
quruculuğu xəttini böyük ardıcıllıqla həyata
keçirdi, Azərbaycan dünyanın sayılıb,
seçilən ölkələrindən birinə
çevrildi.
Heydər
Əliyev ideyalarının davamı cəmiyyətin
sifarişidir
Ümummilli Lider Azərbaycan
xalqına son müraciətində demişdir:
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”. Müraciətdən ötən illər təsdiq
etdi ki, Ulu Öndər haqlı imiş. Qədirbilən
xalqımız 2003, 2008-2013 və 2018-ci illərin prezident
seçkilərində Heydər Əliyev kursunun davam etməsinə
səs verdi. Bu mənada
İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun
davamı kimi baxmaq lazımdır. Heydər Əliyev və
İlham Əliyev dövlət quruculuğunun mahiyyətinə,
onlar arasındakı əlaqəyə diqqət yetirsək
görərik ki, Ümummilli Lider tərəfindən
uzaqgörənliklə, mükəmməl şəkildə
müəyyən edilmiş strategiya İlham Əliyev tərəfindən
dəqiqliklə, xalqımızın və dövlətimizin
mənafeyi nəzərə alınmaqla həyata
keçirilir. Bununla yanaşı, İlham
Əliyevin dövlət quruculuğu modeli özünəməxsus
ştrixlərlə də diqqəti cəlb edir. Ulu Öndərin irimiqyaslı neft qaz layihələrinin
gerçəkləşməsi və bu istiqamətdə
ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin
daxil olması Heydər Əliyev tərəfindən
başlanan islahatların, o cümlədən sosial
islahatların daha da gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi
üçün şərait yaratdı.
Cəmiyyətdə sosial ədalətə
nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq
mümkün deyil. Sosial ədalət Azərbaycan
cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə,
ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə
tərəfdar olub, ədaləti müdafiə edib. Fəxrlə deyə bilərik ki, sosial ədalətlilik
prinsipi bu gün Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada
özünü göstərir. Ədalətlilik ölkənin
sosial-iqtisadi inkişafından ədalətli şəkildə
xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərindən
əldə olunan gəlirlərin insanlarımıza ədalətli
şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar
iqtisadiyyatının yaratdığı ziddiyyətlərin
hansısa bir zümrəyə ziyan vurmasının
qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün
olduqca əhəmiyyətli bir prinsipdir.
Bütün cəmiyyətlərin
tarixi göstərir ki, ədalət prinsipi pozulduqda
qarşıdurma meyilləri güclənir. Bu isə xaosa
və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan
keçir. Daimi islahatlar, inkişaf yolu ilə,
həmçinin cəmiyyətdə insanların təbəqələşməsi
fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə
sosial ədalətin təmin olunması bu gün ölkəmizdə
uğurla gerçəkləşir. Sosial ədalət
dedikdə hər bir ailənin, hər bir vətəndaşın
rifahının yaxşılaşdırılması, cəmiyyətin
idarəçiliyində hər kəsin iştirakının
təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı
və bu kimi digər məsələlər nəzərdə
tutulur. Prezident İlham Əliyev deyir: "Ölkəmizin
qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf
etdirmək, ölkəmizdə yaşayan hər bir insanın
həyat şəraitini yaxşılaşdırmaqdır”.
Müasir cəmiyyət
üçün sosial ədalət anlayışının məzmununun
daim genişlənməsi, daha şaxələnmiş
strukturlanması səciyyəvidir. Prezident İlham
Əliyevin dövlət idarəçiliyi konsepsiyası da
sosial ədalət prinsipinin ön planda
saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan
artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə
yönəlmiş layihələrin miqyaslarının
genişlənməsi və bu qəbildən olan digər hadisələr
bunu təsdiq edir. Azərbaycan Prezidenti İlham
Əliyevin "sosial ədalət bizim üçün
xüsusi önəm daşıyır” fikirləri cəmiyyətimizin
həyat fəaliyyətində sosial ədalət prinsipinin nə
dərəcədə vacib rol oynadığını
sübuta yetirir.
Nümunəyə çevrilən
iqtisadi inkişaf
Vaxtilə daxili və xarici
investisiyaların Bakı şəhərinə, onun
infrastrukturunun yenilənməsinə cəlb edilməsi,
regionlarda kommunal infrastrukturun tələblərə cavab verməməsi
paytaxtla regionlar arasında fərqli həyat yaratmışdı. Hamı şəhərdə
yaşamaq, işləmək istəyirdi, regionlardan əhali
şəhərə miqrasiya etməyə
başlamışdı. Belə bir tarixi məqamda
Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsi
və ölkəmizə valyuta axını regionların
sosial-iqtisadi problemlərinin həlli üçün
davamlı maliyyə resurslarını yaratdı.
2003-cü ilin seçkilərində hamının Prezidenti
olmağa, 5 il ərzində 600 min iş
yeri açmağa vəd verən İlham Əliyev
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramını (2004-2008-ci illər) təsdiq etdi. Proqramın və regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul edilmiş digər
sənədlərdə nəzərdə tutulmuş tədbirlərin
icrası dövründə regionların siması tamamilə
dəyişdi. Əgər 2004-cü ildə ölkədə
ÜDM istehsalı 8,5 milyard manat təşkil edirdisə,
2008-ci ildə bu göstərici 38 milyard manata
çatmış, iqtisadiyyatda 2,4 dəfə real artıma
nail olunmuşdu.
Bu işlərin davamı
olaraq ölkə Prezidenti tərəfindən 2009-2013-cü və
2014-2018-ci illəri əhatə edən növbəti Dövlət
proqramları təsdiq olundu. Statistik göstəricilər
ötən 16 ildə Azərbaycan iqtisadiyyatının
inkişafını və dayanıqlığını bir
daha təsdiq edir. Belə ki, bu illərdə ümumi
daxili məhsul istehsalı real ifadədə 3,2
dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə,
sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən
qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş
vəsaitlər 3 dəfə, o cümlədən
tikinti-quraşdırma işləri 4,9 dəfə, kənd təsərrüfatı
məhsulları istehsalı 1,7 dəfə,
yükdaşımalar 2,1 dəfə, informasiya və rabitə
xidmətləri 11,2 dəfə, pərakəndə ticarət
dövriyyəsi 3,8 dəfə artıb. Bu dövrdə
dövlət büdcəsinin gəlirləri 13,5
dəfə artıb. 2004-cü ildən 2018-ci
ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta
ehtiyatları 28 dəfə artaraq 50 milyard ABŞ dollarına
yaxınlaşıb.
Qürurverici
göstəricilər
Sosial-iqtisadi siyasətin mərkəzində
vətəndaşların rifahının
yaxşılaşdırılması dayanır və həyata
keçirilən bütün tədbirlər məhz bu məqsədə
xidmət edir.
Xalqa xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq ölkə rəhbərinin həyat fəlsəfəsidir.
Dövlət başçısının qeyd etdiyi kimi:
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı,
onun qayğıları, rifahı, sağlamlığı və
təhlükəsizliyi dayanır”.
Ötən 16 ildə sosial
sahədə həyata keçirilən islahatlar və məqsədyönlü
tədbirlər əhalinin etibarlı sosial müdafiə
sisteminin formalaşmasını təmin edib. Əhalinin
sağlamlığının qorunması, təhsilin səviyyəsinin
yüksəldilməsi, səmərəli məşğulluğunun
təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər
davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin
həcmi ildən-ilə artırılır. Həyata
keçirilən sosialyönümlü siyasətin nəticəsi
olaraq yoxsulluq və işsizlik səviyyəsi 5 faizədək
azalıb.
Son 16 ildə 3000-dən
çox məktəb, 650-yə yaxın səhiyyə müəssisəsi
tikilib və ya yenidən qurulub. İnsan kapitalının
inkişafı məqsədilə minlərlə gənc
dünyanın nüfuzlu ali təhsil
müəssisələrində ölkəmiz
üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil
alıb. Dövlət başçısı tərəfindən
idmanın inkişafına göstərilən böyük
diqqət və qayğı nəticəsində təkcə
regionlarda 40-dan çox olimpiya idman kompleksi inşa olunub,
ölkəmiz I Avropa Oyunları, İslam Həmrəylik
Oyunları, "Formula1” kimi mötəbər idman
yarışlarına uğurla evsahibliyi edib. Bu gün Azərbaycan dünyada idman ölkəsi
kimi də tanınır, idman uğurlarımız yüksək
qiymətləndirilir.
Əhalinin sosial müdafiəyə
daha çox ehtiyacı olan hissəsinə, o cümlədən
əlillərə, müharibə veteranlarına, aztəminatlı
vətəndaşlara, qaçqın və məcburi
köçkünlərə dövlət
qayğısının nəticəsi olaraq onların mənzil
və məişət şəraitinin
yaxşılaşdırılmasına xüsusi diqqət
yetirilib, 6000-dən çox əlil və şəhid ailəsi
mənzillə təmin olunub, qaçqın və məcburi
köçkünlər üçün 100-dən çox qəsəbə
salınıb.
Prezident İlham Əliyevin hər bir
sahədə inkişafa nail olmaq üçün
keçirdiyi islahatlar uğurlu nəticələr verməklə
Azərbaycanın dinamik yüksəlişinə səbəb
olub. Bu siyasət 2019-cu ilin əvvəllərindən
mühüm nailiyyətlərlə əlamətdardır.
Həyata keçirilən islahatlar yeni mərhələyə
qədəm qoyub. Bu baxımdan
yarısı geridə qalan 2019-cu ilin iqtisadi mənzərəsi
Azərbaycanın qarşısına qoyduğu hədəflərə
doğru inamla irəliləyən bir ölkə olduğunu
nümayiş etdirir. Lakin cənab İlham
Əliyev islahatların yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq
digər sahələrdə də həyata keçirilməsini
məqsədəuyğun sayır. Bu
baxımdan yeni sosial islahatlar bütün Azərbaycan cəmiyyətində
razılıqla qarşılanır. Bu ilin
fevral ayından həyata keçirilən birinci sosial paket 3
milyon nəfər vətəndaşın sosial
rifahının yüksəldilməsində mühüm rol
oynayıb. Prezident İlham Əliyevin iyun
ayında imzaladığı sərəncamlar isə 2 milyon nəfərdən
çox vətəndaşın əməkhaqqının və
pensiyasının artımına əhəmiyyətli dərəcədə
təsir göstərəcək.
Dövlət büdcəsində
formalaşan əlavə gəlirlərin bilavasitə ölkə
vətəndaşlarının sosial rifahına yönəldilməsi
ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət
- vətəndaş etimad mühitini dərinləşdirməklə,
aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha
sübut edir.
Reallıqlar göstərir
ki, Azərbaycan dövlətinin Heydər Əliyev siyasəti
yaşayır, dövlətin inkişafına, xalqın
rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycanın
bugünkü və gələcək inkişafına, modernləşdirilməsinə
hədəflənmiş səmərəli dövlətçilik
siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Respublikamızın
gələcəyə gedən yolunun konturları isə
aydındır. Bu baxımdan yeni inkişaf
siyasətinin nəticələri bizə gələcəyə
daha inamla və daha nikbin baxmağa imkan verir.
Hadi
RƏCƏBLİ,
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri
Azərbaycan.- 2019.-13 iyul.- S.1; 5.