UNEC-də “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib

 

UNEC-də Azərbaycan Dövlət İqtisad Universitetinin professorları tərəfindən hazırlanan və Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci və anadan olmasının 96-cı ildönümünə həsr olunan "Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib.

UNEC ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradovuniversitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov müstəqillik illərində ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası sahəsində əldə olunan uğurların məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bu gün də həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrdən söz açan rektor, ulu öndərin tövsiyələrinin UNEC-in inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən olunduğunu qeyd edib. UNEC-in 90 illik yubileyində ulu öndərin verdiyi tapşırıqlara və bu tapşırıqların icrasına həsr olunan yeni kitabın hazırlanacağını deyib. Ə.Muradov monoqrafiyanın əhəmiyyətindən söz açaraq, ümummilli lider Heydər Əliyevin zəngin irsinin hələ uzun illər tədqiq ediləcəyini vurğulayıb. Ulu öndərinin irisinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi missiyasının UNEC-in öz üzərinə götürdüyünü bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafındakı tarixi xidmətlərindən söz açıb. UNEC professorlarının hazırladığı dəyərli monoqrafiyada ulu öndərin iqtisadi inkişaf strategiyasının bütün məqamlarının dərin təhlil olunduğunu bildirib.

AMEA-nın müxbir üzvü, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev Heydər Əliyevin müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, ölkəmizdə tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Monoqrafiyada ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasını əks etdirən və mühüm faktlara əsaslanan məqalələrin yer aldığını vurğulayıb.

UNEC-in kafedra müdiri, professor Məhiş Əhmədov monoqrafiyada Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının mahiyyəti, ümumixarakterik cəhətləri, prioritetlərinin sistemli şəkildə təhlil olunduğunu bildirib. Monoqrafiyanın müasir Azərbaycanın davamlı və dinamik sosial-iqtisadi inkişafının mənbələrini, hərəkətverici qüvvələrini daha dərindən və aydın dərk etməyə imkan verdiyini diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın müşaviri, akademik Əli Abbasov ulu öndər Heydər Əliyevin elm və təhsilin, bilikinformasiya resurslarının inkişafında, eləcə də insan kapitalının formalaşmasındakı rolundan bəhs edib. UNEC professorlarının hazırladıqları monoqrafiyada iqtisadiyyatın bütün sahələri ilə yanaşı, bilikinformasiya resurslarına əsaslanan yeni iqtisadiyyatın qurulması barədə məqalələrin yer aldığını, həmçinin çox mühüm nəticələr əldə olunduğunu qeyd edib. Akademik monoqrafiyanı ulu öndər Heydər Əliyevin sosial iqtisadi siyasətinə verilən qiymət kimi dəyərləndirib.

Tədbirdə çıxış edən millət vəkilləri Vahid Əhmədov, Rüfət Quliyev, UNEC-in professoru Arif Şəkərəliyev ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əhəmiyyətindən danışıblar. UNEC alimlərinin hazırladığı monoqrafiyanın bu strategiyanın təbliğ olunması istiqamətində dəyərli töhfə olacağını deyiblər.

 

Azərbaycan.- 2019.-13 iyul.- S.8.