BTC-dən başlanan yol geniş dəhlizlərə
qovuşur
Kəmərin tam
sistem kimi istifadəyə verilməsindən 13 il
keçir
2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsi çətin mübarizələrdən keçmiş bu nəhəng layihənin qələbəsi demək idi.
Bu münasibətlə Türkiyənin Ceyhan şəhərində keçirilən təntənələrdə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının, səhmdar şirkətlərin rəhbərlərinin, hörmətli qonaqların iştirakı ölkəmizin yaratdığı regional və beynəlxalq tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərdi.
BTC Ulu Öndər Heydər Əliyevin dərin zəkası, gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində araya-ərsəyə gəlmişdir və öz yaradıcısının adını şərəflə daşıyır. Belə ki, BTC-nin çəkilişi ideyası ortaya çıxandan layihənin gerçəkləşməsinə mane olmaq istəyən qüvvələr müxtəlif bəhanələr gətirərək işləri əngəlləməyə çalışırdılar. İstər xaricdəki bədxahlarımız, istərsə də layihənin ölkə daxilindəki əleyhdarları Azərbaycanın xətti doldurmaq üçün yetərincə neftinin olmadığını, marşrutun düzgün seçilmədiyini, seysmik cəhətdən təhlükəli zonalardan keçdiyini, ekologiyaya böyük zərbə vuracağını söyləyərək onun özünü doğrultmayacağını deyirdilər.
Ulu Öndər isə böyük qətiyyətlə "Bakı-Tbilisi-Ceyhan irəliləyə gedəcək, gedəcək, gedəcəkdir!” deyirdi və zaman bu sözlərin necə böyük uzaqgörənliklə və müdrikliklə deyildiyini sübuta yetirdi. Ceyhan terminalında BTC nefti ilə ilk tankerin yükləndiyi vaxtdan 13 il keçir. Kəmərin nəql etdiyi neft indiyədək 4100-dən çox tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
BTC ilə "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft, "Şahdəniz” yatağından əldə olunan kondensat, müəyyən miqdarda Türkmənistan, Qazaxıstan və Rusiya nefti də nəql edilir. Xəzərin karbohidrogenlərini uzun müddətdir ahəngdar və təhlükəsiz nəql etməsi BTC-nin böyük uğurudur. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqəni də məhz BTC yaradıb.
2002-ci il sentyabrın 18-də üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan bu kəmərin təməli qoyularkən Ümummilli Lider Heydər Əliyev demişdir: "Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür”.
Ulu Öndər uzaqgörənliklə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycanın böyük inkişafına təkan verəcəyini və yeni meqalayihələrə yol açacağını dəqiqliklə müəyyənləşdirmişdi. Məhz bu düzgün xətt ölkəmizi böyük inkişaf yoluna çıxartmışdır.
Prezident İlham Əliyev çıxışlarında bunu dəfələrlə vurğulamış, BTC-nin Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələri verdiyini, özündən sonra neçə-neçə meqalayihəyə yol açdığını qeyd etmişdir. 2018-ci il yanvarın 30-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı bu barədə demişdir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axını təmin edir. Bu kəmərlər olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik? Daxili bazarımız isə bizdə olan yataqlarla müqayisədə kiçikdir. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək üçün anti-Azərbaycan qüvvələr nə qədər səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq, güclü iradə göstərmişdik və bu layihələri qonşu dövlətlərlə birlikdə icra etdik. Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət göstərir. On ildən çoxdur ki, qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql edir. Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars da olmazdı. Əgər bu olmasaydı, "Şahdəniz-2” də olmazdı. "Cənub qaz dəhlizi” - dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Bu layihələr, eyni zamanda uzunmüddətli inkişafımıza şərait yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində. Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da olmayacaqdı”.
Tikinti mərhələsindən başlayaraq BTC təkcə Azərbaycana deyil, bütün regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə tranzit ölkələrin mühüm gəlirlər əldə etməsinə imkan verir. BTC, həmçinin neft daşımalarının artımına, ekoloji risklərin azalmasına kömək edir. Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələri gücləndirir.
Müasir dövrdə karbohidrogenlərin daşınması üçün ən etibarlı vasitə torpağın altında basdırılan kəmərlər sayılır və bunlardan biri BTC-dir. BTC gözə görünməyən, səssiz və nefti minimum risklə nəql edən kəmərdir. Bunun nəticəsidir ki, kəmər texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə malikdir. Mütəxəssislərin gəldiyi nəticəyə görə, BTC dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəmərlərindən biridir.
Keçən il mayın 30-da "Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: "2002-ci ildə artıq biz "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.
BTC-dən başlanan yol bu gün geniş dəhlizlərə qovuşur. Bu polad kəmər Azərbaycanı dünya ilə getdikcə daha sıx birləşdirir.
Flora SADIQLI
Azərbaycan.-
2019.-13 iyul.- S.1; 10.