“Azərbaycan
məktəbi” jurnalının 95 illik yubiley tədbiri
İyulun 12-də M.F.Axundzadə
adına Milli Kitabxanada "Azərbaycan məktəbi”
jurnalının 95 illiyi münasibətilə tədbir
keçirilib. Tədbir iştirakçıları əvvəlcə
jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi
ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən Təhsil naziri Ceyhun Bayramov
"Azərbaycan məktəbi” jurnalının ilk elmi-pedaqoji
nəşr kimi ölkəmizdə xalq maarifinin
inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü
və formalaşmasında müstəsna rolundan
danışıb. Nazir ümummilli lider Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi illərdə "Azərbaycan
məktəbi” jurnalının inkişaf dövrünü
xüsusi vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, "Azərbaycan
məktəbi” jurnalı Azərbaycan müəllimlərinin
peşəkar inkişafına, bilik və bacarıqlarının
artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə
böyük töhfələr verib. Nazir bu jurnalın əsasını
qoyanların, onun inkişafına təkan vermiş
insanların xatirəsini minnətdarlıqla yad edib. O, həmçinin
"Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq
standartlara uyğunlaşdırılması baxımından əsaslı
şəkildə yeniləndiyini diqqətə
çatdırıb. Jurnalın elektron arxivinin
yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən
Təhsil naziri bu mətbu orqanın kollektivini yubiley münasibətilə
təbrik edib və onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
"Azərbaycan məktəbi”
jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın
tarixi, onun fəaliyyətinin genişləndirilməsi ilə
bağlı həyata keçirilən tədbirlər barədə
ətraflı məlumat verib.
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov jurnalın fəaliyyətinin
əhəmiyyətini diqqətə çatdırıb, onun cəmiyyətə,
maarifə verdiyi töhfələrdən bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru Cəfər Cəfərov "Azərbaycan
məktəbi” jurnalının ölkəmizin təhsilində
oynadığı mühüm rolundan danışıb,
kollektivə uğurlar arzulayıb.
Tədbirdə "Azərbaycan məktəbi
jurnalı-95” adlı sənədli film nümayiş olunub.
Sonda jurnalın əməkdaşlarına
səmərəli fəaliyyətlərinə görə Təhsil
Nazirliyinin Fəxri fərmanı təqdim edilib.
Azərbaycan.- 2019.-13 iyul.- S. 11.