Batumidə
Aİ-nin “Şərq tərəfdaşlığı”
proqramının on illiyinə həsr olunmuş beynəlxalq
konfrans başa çatıb
Batumi şəhərində Avropa
İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı”
proqramının 10 illiyinə həsr olunmuş yüksəksəviyyəli
beynəlxalq konfrans iyulun 12-də başa çatıb.
AZƏRTAC xəbər verir ki,
iyulun 11-də başlayan konfransda Avropa İttifaqı
Şurasının Prezidenti Donald Tusk, Avropa İttifaqına və
"Şərq Tərəfdaşlığı”na üzv
olan altı tərəfdaş ölkənin yüksəkvəzifəli
şəxsləri, akademik dairələrin, qeyri-hökumət
təşkilatlarının və biznes sektorunun nümayəndələri
iştirak ediblər.
Azərbaycanı tədbirdə
Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev,
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil
edib.
İki gün davam edən konfransda
"Şərq tərəfdaşlığı”
proqramının nailiyyətləri, 2020-ci ilə qədər
əməkdaşlıq planları və cari geosiyasi vəziyyət
müzakirə olunub. Bundan başqa, əməkdaşlığın
əsas istiqamətlərinə həsr olunmuş tematik
sessiyalar təşkil edilib. İştirakçılar əməkdaşlığın
gücləndirilməsi üçün və 2020-ci ildən
sonra Avropaya inteqrasiya proseslərinin təşviqi ilə
bağlı yeni ideyalar barədə fikir mübadiləsi aparıblar.
Tədbir
iştirakçıları, həmçinin demokratik proseslər,
Qara dəniz regionunda təhlükəsizlik və bölgədə
davam edən münaqişələr, tərəfdaşların
Aİ ilə iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə
yönəlmiş nəqliyyat, energetika və digər iqtisadi
sahələr üzrə layihələri nəzərdən
keçiriblər.
M.Məmməd-Quliyev konfransda və
panel iclasda çıxış edərək Azərbaycanın
Avropa İttifaqı ilə, eləcə də "Şərq
Tərəfdaşlığı” proqramı çərçivəsində
əməkdaşlığı barədə məlumat verib.
Azərbaycan.- 2019.- 13 iyul.- S.11.