Heydər Əliyev Azərbaycanın meliorasiya və su təsərrüfatı
kompleksinin inkişafına misilsiz töhfələr
vermişdir
Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
"Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Ulu Öndər Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
Heydər Əliyevin respublikanın ağır sosial-iqtisadi böhran keçirdiyi bir vaxtda - 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi gələcək müstəqil ölkəmizi işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. Ulu Öndərin təşəbbüskarlığı və işgüzarlığı ilə həyatın bütün sahələrində böyük dirçəlişə nail olundu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqisi üçün güclü təkan idi.
Həmin illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında da bir neçə tarixi qərar qəbul olundu. "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), "1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarlar xüsusi əhəmiyyət kəsb edirdi. O vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə qərarlar çox nadir hallarda qəbul olunurdu. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyətinin, uzaqgörənliyinin, dahiliyi və nüfuzunun nəticəsi idi.
Məhz həmin qərarlarda nəzərdə tutulan vəzifələrin icrası sayəsində 1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan çox vəsait xərcləndi. Bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edildi.
Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə İran və Azərbaycan ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və digər obyektlər tikilib istismara verildi.
Suvarılan torpaq sahələrində suvarma kanallarının ümumi uzunluğu 50 min, kollektor-drenaj şəbəkələrinin uzunluğu 21 min kilometrə çatdırıldı. Sel və daşqınlardan mühafizə məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi. Belə ki, Kürçayı boyunca 1021 km, Araz çayı boyunca 124 km uzunluğunda torpaq mühafizə bəndləri tikildi, dağ və dağətəyi çaylarda daş-beton bəndlər və divarlar quruldu.
1976-1982-ci illərdə Heydər Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artaraq 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.
Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları, Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası və digər obyektlər tikilib istismara verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coqazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və digər obyektlərin inşasına başlanıldı.
Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldildi ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən çox idi.
Həmin vəsaitlər hesabına 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.
Bütün bunların nəticəsində 1980-ci ildə 1970-ci ilə nisbətən respublika üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2, taxıl istehsalı 2,1, pambıq istehsalı 2,6, üzüm istehsalı 4,6, tərəvəz və tütün istehsalı 2,3, meyvə istehsalı 4,4, çay yarpağı istehsalı 2,2 dəfədən çox artmışdır.
Taxılın məhsuldarlığı hər hektardan 13 sentner artaraq 24,4, pambığın məhsuldarlığı 10,5 sentner artaraq 27,9, tütünün məhsuldarlığı 19,4 sentner artaraq 37,2, tərəvəzin məhsuldarlığı 80 sentner artaraq 205 sentnerə çatmışdır.
Heydər Əliyevin 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin olunması azərbaycanlıların bir millət kimi qibtə doğuracaq potensialını bütün dünyaya nümayiş etdirdi. Onun kuratorluq etdiyi nəqliyyat, səhiyyə, tibb sənayesi, yol tikintisi, rabitə, təhsil, mədəniyyət və digər sahələrdə qısa müddət ərzində gerilik aradan qaldırıldı, sürətli yüksəliş başlandı.
Ulu Öndər keçmiş ittifaq rəhbərliyində olarkən belə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinə də öz qayğısını əsirgəmir, bu sahədə işlərin gedişinə daim nəzarət edir və lazımi kömək göstərirdi. Faktlara nəzər salaq: 1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmış, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır.
Təəssüflə qeyd edək ki, 1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığına görə dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yarandı, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşdü. Tikinti işləri demək olar ki, dayandırıldı. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəiflədi. 1990-1993-cü illərdə isə ölkəmizdə siyasi hərc-mərcliyin, məmləkəti təhdid edən təhlükələrin sonu görünmürdü.
"Olum, ya ölüm” dilemması qarşısında qalan xalq 1993-cü ilin iyununda qəti qərar verdi: böyük dövlət xadimi Heydər Əliyev Bakıya dəvət olunmalı, hakimiyyət ona verilməli, Azərbaycan və onun dövlətçiliyi xilas edilməlidir. Xalq öz tələbində israrlı idi, çünki Heydər Əliyevi tanıyırdı, heç bir qüvvə onu bu qərarından döndərə bilməzdi. 1993-cü il iyunun 9-da təkidli tələblərdən sonra Heydər Əliyev Bakıya gəldi. Xalq dərindən nəfəs aldı, rahatlıq tapdı: ağıl və zəka, Heydər Əliyev dühası düşmən qarşısında ən etibarlı sipər idi.
Hakimiyyətə qayıdan Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə Azərbaycanda cövlan edən mürəkkəb prosesləri təhlil edir, məmləkətin taleyinin xilası yolunda siyasi iradə nümayiş etdirir, qəti addımlar atırdı. 1993-cü ildə "Ostankino” televiziyasına müsahibə verən Heydər Əliyev "Ölkənin gələcəyini necə görürsünüz” sualının cavabında demişdi: "Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır... Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm”.
Gənc müstəqil ölkə olan Azərbaycanın bazar iqtisadiyyatına keçməsi, aqrar islahatların aparılması, torpaq üzərində yeni mülkiyyət formasının yaranması, meliorasiya və irriqasiya sahəsində də münasibətlərin dəyişilməsinə gətirib çıxardı. Meliorasiya və irriqasiya sahəsində də fəaliyyətin hüquqi əsaslarının müəyyənləşdirilməsi tələb olunurdu. Digər tərəfdən, respublika iqtisadiyyatının ən vacib sahələrindən biri olan meliorasiya və irriqasiyanı böhrandan çıxarmaq, xarici investorların bu sahəyə marağını artırmaq, habelə onların konkret kömək göstərmələrini təmin etmək üçün meliorasiya və irriqasiya sahəsində bazar iqtisadiyyatına uyğun qanunvericilik bazasının yaradılması lazım idi.
Heydər Əliyevin 2 mart 1995-ci il tarixli fərmanı meliorasiya və su təsərrüfatında aparılacaq islahatların sürətləndirilməsinə böyük təkan verdi və bunun əsasında islahatlarla bağlı hazırlanacaq normativ-hüquqi sənədlərin siyahısı təsdiq olundu. Ardınca aqrar islahatın qanunvericilik bazasının tamamlanması, "Torpaq islahatı haqqında” qanunda nəzərdə tutulmuş məqsədə nail olmaq üçün zəmin yaradılması sahəsində "Meliorasiya və irriqasiya haqqında” qanunu və onun təbiq edilməsi barədə Heydər Əliyevin fərmanı mühüm addım oldu. Daha sonra ölkədə su münasibətlərini tənzimləmək məqsədilə "Azərbaycan Respublikasının Su Məcəlləsi” haqqında qanun qəbul olundu.
O illər Ulu Öndərin tapşırığı ilə respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən ölkə üçün mühüm əhəmiyyət kəsb edən 11-i seçildi. Onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.
Ümummilli Lider Heydər Əliyevə islam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu. Bunun ardınca Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanıldı. Baş Mil-Muğan kollektorunun istismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratdı.
Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir. Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna, Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir.
Suya daim artan ehtiyacı ödəmək üçün Samur-Abşeron magistral kanalı uzun müddət ərzində fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar edilirdi. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdı. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırıldı və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olundu.
Birinci mərhələdə Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik baxımından bu layihə çox sərfəli idi. Təkçə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olacaqdı.
Vayxır su anbarının inşasına isə 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmadığı üçün tikinti işləri dayandırılmışdı. Heydər Əliyevin 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırıldı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə əsasını qoyduğu uğurlu inkişaf strategiyasını davam etdirmək kimi çox böyük məsuliyyətli və taleyüklü vəzifəni şərəflə irəli aparmaq üçün dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyevə etibar etməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Azərbaycan bütün sahələrdə yüksək uğurlara imza atmışdır. İqtisadiyyatımızın aparıcı sahələrindən olan meliorasiya və su təsərrüfatı sistemi də qazanılmış nailiyyətlərdə öz yeri və payı olan sahəyə, genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. 2004-2018-ci illərdə bütün maliyyə mənbələri hesabına 4,2 min kilometr uzunluğunda suvarma kanalları, 2,8 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri tikilmiş, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 kilometrdən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 subartezian quyusu qazılmışdır. Bunlardan əlavə, Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilmiş, Pirsaatçay, Zoğalavaçay, Ləvain su anbarları təmir-bərpa edilmişdir.
Prezidentin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqları icra etməkdən ötrü kollektivimiz meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə fəaliyyətini davam etdirir.
Dövlət başçısının ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq sərəncamlarının icrası çərçivəsində Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin 11648 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 11,52 kilometr uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, 31 kilometr uzunluğunda dəmir-beton üzlüklü magistral və paylayıcı kanalların qurğularla birlikdə tikintisi yerinə yetirilmişdir. 2018-ci il oktyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilmişdir. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə birinci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 kilometr uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmışdır. Neftçala rayonu ərazisində isə uzunluğu 24,9 kilometr olan Neftçala magistral kanalının son 11,4 kilometr hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin başa çatdırılması ilə 12433 hektar sahənin su təminatı yaxşılaşdırılmış və bununla da layihə üzrə 20205 hektar sahəyə suvarma suyunun çatdırılması təmin edilmişdir.
2018-ci il iyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı da Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Dövlət başçısı Samux və Goranboy rayonları ərazilərində 4695 hektar sahədə yaradılan və Şəmkir-Samux-Goranboy magistral kanalından suvarma suyu ilə təmin edilən Aqroparkla da tanış olmuşdur.
2018-ci il oktyabrın 28-də Qax rayonunda 1553 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikinti işlərinin başa çatdırılması və "Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışı münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.
Şəki-Oğuz rayonları ərazisində 12300 hektar sahədə yaradılması nəzərdə tutulan Aqroparkda salınacaq qoz və badam ağaclarının Türyançay çayından suvarma suyu ilə təmin edilməsi məqsədilə nasos stansiyasının, təzyiqli boru kəmərinin və sututumu 700 min kubmetr olan su anbarının tikinti işləri davam etdirilir. Xəzər rayonunun Qoşaqışlaq kəndi ərazisində 758 hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün beton işləri tamamlanmış, Xəzər və Pirallahı rayonlarındakı 1227 hektar torpaq sahələrinə Abşeron Magistral kanalından, Xızı rayonu ərazisində yerləşən 380 hektar torpaq sahəsinə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi üçün müvafiq tədbirlər başa çatdırılmışdır.
Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə çərçivəsində suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilmişdir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Mirzənağılı kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanmış və obyekt istismara verilmişdir.
Samur-Abşeron və Xanarx kanallarının Qudyalçay, Qusarçay, Vəlvələçay çayları ilə kəsişmələrindəki qurğularda və Vəlvələçay çayından sugötürücü qurğuda tikinti işləri də başa çatdırılmış, Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 pm mühafizə divarları tikilmişdir.
Dünya Bankının krediti ilə həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Şabran, Siyəzən, Yardımlı və Cəlilabadda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Lerik rayonunda işlər ötən il yekunlaşdırılmışdır.
Bütün bunlar görülən işlərin tam siyahısı deyil. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinin icrası ilə bağlı Şabran rayonunda 7172 hektar sahədə su təminatını yaxşılaşdırmaq üçün suvarma və kollektor drenaj şəbəkəsinin tikintisi işləri aparılmışdır. Quba rayonu ərazisində Qaraçay çayından sugötürücü qurğunun və nəqledici kanalın tikintisi tamamlamış, Samur-Abşeron kanalına əlavə suyun verilməsi ilə yanaşı, Quba rayonunda 6000 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olmuşdur.
Ötən il həyata keçirilmiş yenidənqurma və tikinti işləri hesabına 92284 hektar (onun 40108 hektarı yeni suvarılan torpaqlardır) sahədə torpaqlara suvarma suyu çatdırılmış və 8860 hektar sahədə torpaqların merliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Cari ildə 1393 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. İyulun əvvəlinədək Azərbaycanda kənd təsərrüfatı bitkiləri 2,1 dəfə suvarılmışdır.
Bu il, həmçinin 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində 8362 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun qazılması nəzərdə tutulmuş 300 subartezian quyusunun 155-də işlər başa çatdırılmışdır.
Hazırda Şəmkir-Samux-Goranboy magistral kanalının ikinci növbəsinin tikintisi davam etdirilir. Ötən əsrin 80-ci illərindən tikintisi yarımçıq qalmış Kür çayı üzərindəki 1-ci və 2-ci pillə nasos stansiyalarının hər birində 3 nasos aqreqatın qurulması ilə Şəmkir, Samux və Goranboy rayonlarında torpaqların su təminatı yaxşılaşdırılacaq. Xəzər və Pirallahı rayonlarında zeytun və badam bağları salınacaq ərazilərin Abşeron magistral kanalından suvarma suyu ilə təmin edilməsi üçün tikinti işləri davam etdirilir. Sabirabad və Salyan rayonlarında az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlər həyata keçirilir.
"Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi tərkibində Vəlvələçay-Taxtakörpü kanalında sugötürücü qurğunun tikintisi və "Şabran Aqropark” MMC-nin torpaq sahəsinə əlavə su mənbəyinin yaradılması işləri yerinə yetiriləcək.
Kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi ixracyönümlü kənd təsərrüfatı məhsullarının artımına da geniş imkanlar yaradır. Bu istiqamətdə Yevlax, Goranboy, Ağcabədi, Füzuli, Oğuz, Şəki, Xaçmaz rayonlarında yaradılması nəzərdə tutulan iri təsərrüfatlara və aqroparklara məxsus 21166 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün meliorativ tədbirlərin aparılmasına başlanılmışdır. Qobustan və Biləsuvar rayonlarında 2088 hektar sahədə yaradılacaq aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinin layihə-smeta sənədləri hazırlanır.
Ölkədə pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişafı ilə əlaqədar təsdiq edilmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkə əhalisinin daxili istehsal hesabına ərzaq məhsulları ilə etibarlı təminatına, sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə imkanlar yaradacaq. Bütün bunlar o deməkdir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük əzmlə, uğurla davam etdirilir və öz bəhrəsini verir.
Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC-nin sədri
Azərbaycan.-
2019.-14 iyul.- S.1; 7.