Heydər Əliyev siyasətinin davamlılığı bugünümüzün və gələcəyimizin etibarli təminatıdır

 

Əhəmiyyətindən və məzmunundan asılı olmayaraq hər bir tarixi prosesin uğurlu nəticəsi ilk növbədə xalqa və dövlətə rəhbərlik edənlərin qətiyyəti və düzgün mövqeyi nəticəsindən təmin olunur. Lakin başqa bir reallıq da var ki, bəzən müdrik dühalar özləri əməlləri ilə tarixin gedişatını dövlətin və xalqın mənafeyi naminə elə nizamlayırlar ki, nəticə etibarilə əslində tarixin müəllifinə çevrilirlər.

Bu gün - iyulun 14-də Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 50-ci ili tamam olan Ulu Öndər Heydər Əliyevin ömür yolu da təsdiq edir ki, yalnız böyük şəxsiyyətlər tarixin gedişində ən dəyərli nümunələrin müəllifi olmağı bacarırlar. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Həssas olan bir bölgədə yerləşən Azərbaycanda müasir dövlətçiliyin yaradılması və bu dövlətçiliyin çox ölkələrə örnək olan inkişaf modelinin qurulması istiqamətində Heydər Əliyevin tarixi xidmətləri bütün dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir. Heydər Əliyev müasir dövlət quruculuğu fəlsəfəsini yaradan bir siyasətçi idi. O, sivil, demokratik, dünyəvi dövlət quruculuğu təcrübəsini ortaya qoydu. Heydər Əliyev kimi şəxsiyyətlər tarix yaradırlar, sonrakı nəsillər üçün örnək və məktəb olurlar.

1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan ölkəyə çevrildi. Heydər Əliyevin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tapdı.

Sovet illərində Heydər Əliyevin təşəbbüsləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına da güclü təkan verən tədbirlər həyata keçirildi. Bu mənada o illərdə sosial-iqtisadi yüksəlişlə yanaşı, milli dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet dövründə Ulu Öndər mənəvi dəyərlərimizin itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet ideologiyası xalqımızın dəyərlərini silə bilmədi.

Tarixi hadisələrin sonrakı gedişisübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Azərbaycanın indiki siyasiiqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

SSRİ-nin süqutundan sonra bütün ittifaq respublikaları müstəqilliyə qovuşdular. Amma Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Belə bir ağır və mürəkkəb dövrdə Azərbaycan xalqı çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Məhz bu dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə hakimiyyətə böyük qayıdışı Azərbaycanı bürümüş böhrandan, parçalanmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, böyük siyasətçi yalnız bu tarixi yarada bilərdi.

Həmin dövrdə həlli vacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsinin gedişinə təsir göstərə biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Böyük sərkərdə olan Heydər Əliyevin qətiyyəti sayəsində vahid komandanlığa əsaslanan ordunun formalaşdırılması və geniş miqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı uğurlu hərbi əməliyyatlar keçirildi. 1994-cü ilin sentyabrında isə köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı.

Lakin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması Azərbaycanı yenidən anarxiya və başıpozuqluq girdabına salaraq, bundan öz mənfəətləri naminə istifadə etmək istəyən daxilixarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Yalnız Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qızğın şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zorsilah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

Biz bu gün müstəqilliyimizdə, inkişafımızda Heydər Əliyevə borcluyuq. Tarix sübut edir ki, Heydər Əliyevin Azərbaycan üçün seçdiyi yol düzgün idi. Bu gün Azərbaycan bütün parametrlər üzrə nəinki regionun, ümumilikdə götürdükdə böyük bir arealın inkişaf nümunəsidir. Heydər Əliyev irsinə dünyanın bir çox yerlərində müraciət edirlər. Dünyanın neçə-neçə ölkəsində ulu öndərin abidəsi qoyulub, onun irsi öyrənilir. Biz Heydər Əliyevlə fəxr edirik, ondan nümunə götürürük.

Ömür yolunu dövlətə və xalqa həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Aradan ötən illər bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə daha dərindən dərk etmək imkanı verir. Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görürük ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən Ulu Öndər hər zaman ona bəslənilən ümidləri layiqincə doğruldub.

Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrildi, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətləndi. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin gələcək inkişafını müəyyənləşdirdi. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşması ulu öndərin uzaqgörənlik və müdrikliklə düşünülmüş siyasətinin bəhrəsidir. Bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu yolla gələcəyə doğru inamla addımlayır. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin dərindən düşünülmüş, xalqının və dövlətinin maraqlarına xidmət edən siyasəti nəticəsində Azərbaycanın dinamik inkişafı davamlı xarakter almış, respublikamızın beynəlxalq aləmdə yerinüfuzu daha da möhkəmlənmişdir.

Cənab İlham Əliyevin fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsas qayəsini təşkil edir.

Bu baxımdan Azərbaycanın əldə etdiyi uğurların miqyası kifayət qədərdir. Xüsusilə qeyd edilməlidir ki, maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayan, habelə iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən birimilli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edən bu yanaşma Azərbaycanda da mühüm tarixi nailiyyətlərlə müşayiət olunmaqdadır.

Bu siyasətin mahiyyətində duran önəmli cəhətlərdən biri Azərbaycanın öz inkişafında təkcə təbii sərvətlərdən yox, həm də malik olduğu digər potensialdan, elmi-texniki tərəqqinin nailiyyətlərindən, insan resurslarından faydalanması, təhsilin, elmin inkişafıdır. Bu istiqamətdə həyata keçirilən siyasətin tərkib hissəsi kimi son illərdə Azərbaycanda minlərlə yeni məktəb binası tikilmiş, yaxud yenidən qurulmuş, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilmişdir.

Bütövlükdə, Prezident İlham Əliyevin hər bir sahədə inkişafa nail olmaq üçün keçirdiyi islahatlar uğurlu nəticələr verməklə Azərbaycanın dinamik yüksəlişinə səbəb olub. Bu siyasət 2019-cu ilin əvvəllərindən olduqca mühüm nailiyyətlərlə əlamətdardır və görünən odur ki, respublikada həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Artıq yarısı geridə qalan 2019-cu ilin iqtisadi mənzərəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə olduğunu nümayiş etdirir. Bu dövrün iqtisadi statistikası İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun praktikada özünü tam doğrultduğunu ortaya qoyur.

Son 16 ildə bütün sahələrdə əldə edilən göstəricilər üzrə regionun liderinə çevrilən Azərbaycanın uğurları təsdiq edir ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ən yüksək zirvələri fəth etməyə qadirdir. Ən əsası bu siyasət gələcək nəsillərin firavan həyatının təminatçısıdır. Bütün bunları yüksək dəyərləndirən müdrik xalqımız Heydər Əliyevin ən layiqli siyasi varisi olan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

 

Xanlar FƏTİYEV,

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini

 

Azərbaycan.- 2019.-14 iyul.- S.8.