Kür suyunun Bakı yolu

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür Sutəmizləyici Qurğular Kompleksi 48 ildir dayanmadan paytaxt əhalisini içməli su ilə təmin edir

 

Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü qeyd edilir. 1969-cu il iyulun 14-də dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi müasir tariximizin dönüş nöqtəsidir.

Məhz bu tarixdən etibarən Azərbaycan tənəzzüldən milli inkişafintibah yoluna qədəm qoydu. Ulu Öndərin Azərbaycana rəhbər seçilməsi ilə yeni inkişaf yoluna qədəm qoyan respublikamızın hər bir yerində iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. Bununla da keçmiş ittifaqın geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan qısa müddətdə nəhəng tikinti-quruculuq meydanına çevrildi.

Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin respublika rəhbərliyinə gəlişindən sonra, digər sahələr kimi, su təchizatı sektorunda da ciddi dönüş yarandı, Bakı şəhərinin və Abşeronun su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına nail olundu. Ümummilli Liderin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür Sutəmizləyici Qurğular Kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Bəs, görəsən, Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür Sutəmizləyici Qurğular Kompleksinin ərazisi bu gün hansı vəziyyətdədir və orada istismar olunan qurğu, avadanlıqların prinsipi necədir?

"Azərsu” ASC sədrinin müşaviri, vaxtilə Kür Sutəmizləyici Qurğular Kompleksinin və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev deyir ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə "Şollar”, İkinci Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su təminatında ciddi çətinliklər yaranırdı: "Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti ortaya çıxır. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş dahi lider Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu Öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları "Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır”.

Layihənin birinci növbəsi çərçivəsində 1970-71-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə verilir. Kür su kəməri kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradır. Ötən əsrin 80-ci illərində isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilir.

1998-2005-ci illərdə "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür Sutəmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xloratorreagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda suyun keyfiyiyyəti standartlara uyğunlaşdırılıb.

Kür sutəmizləyici qurğularının prinsipi, suyun təmizlənməsi prosesi də maraqlıdır. Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənovun sözlərinə görə, çaydan üzən nasos stansiyaları vasitəsilə götürülən su radial durulduculara ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülürburadan nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin MuğanAran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərindən 7 şəhərin və 168 kəndin 630 min nəfər sakini faydalanacaq.

Xatırladaq ki, 2014-cü il dekabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad-Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 2017-ci il martın 28-də isə Saatlı şəhərinə içməli suyun verilməsi mərasimləri keçirilib.

Ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq "Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2019.-14 iyul.- S.10.