Aqrar sektor həm də ixraca
köklənir
Bu ilin birinci rübündə kənd təsərrüfatı məhsulları istehsalında əldə edilən 4,2 faizlik artım bütünlükdə aqrar sektorun dinamik inkişafından xəbər verir. Ənənəvi məhsulların istehsalının artımı ilə bağlı nə qədər ciddi addımlar atılıbsa, bir o qədər də digər sahələrə diqqət yetirilib. Ölkədə yaradılmaqda olan 45 aqropark isə ixrac potensialının inkişafında inqilabi nəticələrə nail olmağa hədəflənib.
Azərbaycan dünyada yeni ixrac bazarlarının axtarışındadır və bu istiqamətdə atılan ilk addımlar artıq bəhrəsini verir. Müxtəlif ölkələrə ixrac missiyalarının ezamı, səfirliklərin nəzdində ticarət nümayəndəliklərinin, dünyanın müxtəlif ölkələrində ticarət evlərinin yaradılması davam edir. Prezident bu sahədə görülən işlərdən razı qalsa da hesab edir ki, daha fəal və ciddi nəticələrə nail olmaq lazımdır.
Köhnə bazarlarda daha əminliklə oturmaq, yeni bazarlarda nüfuz qazanmaq üçün ölkənin aqrar sektorunda geniş islahatlar aparılır, ənənəvi məhsulların istehsalı dövlət səviyyəsində stimullaşdırılır. Məsələn, ölkədə 400 hektar sahədə yeni istixana kompleksləri yaradılır, onların sahələrinin genişləndirilməsi üçün maliyyə vəsaiti ayrılır.
Aqrar sektorda ixracın nəbzini tutmaqda "Azexport” portalı əvəzsiz rol oynayır. Bura daxil olan sifarişlər marketinq üçün əhəmiyyətli vasitədir. Əvvəl kortəbii görülən işlər indi bu portal vasitəsi ilə həyata keçirilir. İstehsalçılara məhsullar barədə məlumatlar verilir, xaricdən sifarişlər alınır. Portal dünya bazarında hansı məhsula daha çox tələbat olduğunu görməyə və bazarın tələblərinə uyğunlaşmağa kömək edir.
Azərbaycanda güclü emal sənayesi yaradılsa da, onlarca konserv zavodu tikilsə də, dövlət başçısı belə hesab edir ki, mövcud inkişafla kifayətlənmək olmaz. Yeni emal sahələrinin yaradılması və daha çox hazır məhsulun dünya bazarına çıxarılması lazımdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərin bundan sonra daha qətiyyətlə davam etdiriləcəyini bildirmiş, o cümlədən üzümçülük və şərabçılığın problemlərinin ciddi təhlil edilməsinin zəruriliyindən danışmışdır: "İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir”.
İxracyönümlü sahələrdən biri də pambıqçılıqdır. İndi bu sahədə təxminən 200 minədək insan işləyir. Pambığın satınalınma qiyməti artırılıb, emalı üçün Mingəçevir Yüngül Sənaye Parkı yaradılıb. Bu sahə yerli istehsala təkan verməklə yanaşı, ixracı da artırır. Əgər 2015-ci ildə cəmi 35 min ton pambıq istehsal edilmişdisə, keçən il 207 min tona çatmışdır.
Dünya bazarlarında zeytun yağına böyük tələbat olsa da, cəmi bir neçə ölkədə istehsal edilir. Azərbaycanın bu, həmçinin digər sahələrdə layiqli yer tutması üçün geniş potensialı vardır. Reallıq ondan ibarətdir ki, bütün ölkə miqyasında meyvə bağlarının sahəsi genişlənir və fermerlər artıq əvvəlki kimi kortəbii qaydada yox, yalnız xarici bazarda tələbat olan meyvə növlərinin sahəsinin artırılmasına fikir verirlər. Çayçılıq, çəltikçilik, fındıqçılıq, baramaçılıq, sitrus meyvəçiliyi, tütünçülük və digər sahələr inkişaf etdirilir. Bu sahələrin genişləndirilməsi ilə bağlı dövlət səviyyəsində bir neçə müşavirə keçirilmiş, hədəflər dəqiqləşdirilmiş, perspektivlər təyin edilmiş, əlavə maliyyə vəsaitləri ayrılmışdır.
Nəticələr ürəkaçandır. Məsələn, əgər 2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona çatmışdır. Cari il isə tədarük ediləcək barama 500 tona çata bilər. Bu da Şəki İpək Kombinatının ilboyu fasiləsiz işləməsi deməkdir.
2015-ci ildən salınmağa başlanılmış fındıq bağlarının sahəsi 2016-cı ildə 40 min hektara çatmışdır. Bu il salınan fındıq bağlarının ümumi sahəsinin 70 min, gələn il 80 min hektara çatdırılacağı gözlənilir. Belə olarsa, Azərbaycan dünyada fındıq istehsal edən ölkələrin birinci üçlüyü sırasına düşəcək.
Ölkədə gedən bütün islahatlar Azərbaycan Prezidentinin gərgin əməyi sayəsində reallaşır. Amma dövlət başçısı belə hesab edir ki, hər bir fermer öz sahəsində yenilikçi olmalı, bazarın yeni çağırışlarına köklənməyi bacarmalıdır: "Bir çox hallarda onlar passivlik göstərirlər, təşəbbüs göstərmirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa belə tənbəllik edirlər. Gözləyirlər ki, kimsə gəlib onların qapısını döyəcək, onların məhsulunu alacaq. Onlar özləri getməlidirlər, bazarları axtarmalıdırlar, kontraktlar imzalamalıdırlar, təmaslar qurmalıdırlar. Biz hətta xarici ölkələrin televiziyalarında kənd təsərrüfatı məhsullarının reklamını da dövlət hesabına edirik. Onu da etmirlər. Yaxşı, indi bir az hərəkətə gəlsinlər. Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir”.
Dövlət başçısı iradlarında haqlıdır. Sahibkarın da, fermerin də işinə münasibəti dəyişməlidir. Bunu zaman tələb edir. Bu baxımdan kiçik torpaq paylarına malik olan fermerlərin bəzi problemləri var. Həmin problemlərin böyük bir qismi iqtisadi biliklərin azlığı, iş qurmaq bacarığı, hətta kredit almaq üçün yetərli təcrübənin olmamasıdır. Torpaq payı var, amma fermer ondan necə faydalanmağın, xeyir götürməyin yollarını bilmədiyindən əziyyət çəkir.
Dövlət bu sahədə də qayğısını əsirgəmir. Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. Artıq bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə olunacaq, ailəsi ilə birlikdə öz iş yerini yaradacaq, əlinin zəhməti ilə dolanışığını təmin edəcək.
Beləliklə, dövlət aqrar sektorda köklü islahatları davam etdirir. Bundan hər bir fermerin yararlanmaq şansı var. Əsas odur ki, qolunu çırmalayıb öz işinə can yandırasan.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.-16 iyul.- S.1; 4.