Avropa yenidən Bakıda toplanır

 

XV Avropa Gənclər Yay Olimpiya Festivalını

 

İyulun 21-də Bakıda növbəti böyük idman tədbirinə start veriləcək. Bu dəfə paytaxtımızın arenalarında Avropanı təmsil edən atletlər iyulun 27-nə kimi mübarizə aparacaqlar. Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalına evsahibliyi edəcək. Ümumiyyətlə, Avropanın idman paytaxtı Bakı bu il bir-birindən maraqlı mötəbər idman yarışlarını qəbul edib. Belə ki, paytaxtımız aprelin 26-28-də "Formula-1” Azərbaycan Qran-prisinə, mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasına evsahibliyi etməklə tarixini daha möhtəşəm nailiyyətlərlə zənginləşdirib. Həmin yarışlar ərəfəsində milyonlarla insanın qəlbi Bakıda döyünüb. Bu mühüm hadisələr bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.

Son dörd ildə bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara evsahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

İndiyədək ölkəmiz dünya və qitə çempionatları da daxil olmaqla çoxsaylı idman tədbirləri qəbul edib. Dörd il əvvəl isə Odlar yurdu Avropanın idman tarixinə şərəfli səhifə yazıb: Azərbaycan "köhnə qitə”nin ilk olimpiadasına - I Avropa Oyunlarına evsahibliyi etməklə nəinki təşkilati cəhətdən, həm də idman uğuru baxımından misli görünməmiş qələbə qazanıb. Belə ki, təşkilati işlərin gedişində heç bir problem ortaya çıxmayıb, qrafikdən geriqalma halları olmayıb.

Növbəti Avropa Oyunlarının standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Digər tərəfdən, Azərbaycan atletləri oyunlarda tarixi qələbə ilə yadda qaldılar. 50 ölkədən 10 min idmançının qatıldığı idman tədbirində təmsilçilərimiz 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazanaraq Rusiya atletlərindən sonra ikinci yeri tutdular. Azərbaycan idmançılarının Avropa qitəsinin ən güclü atletləri ilə yarışdıqları nəzərə alınsa, təmsilçilərimizin nə qədər böyük zəfərə imza atdıqları təsəvvür olunar.

İki il öncə isə islam dünyasının idman həyatı üçün əlamətdar olan "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular. İslam dünyasının ən nüfuzlu idman yarışında iştirak edən atletlər, qonaqlar Azərbaycanla tanış oldular, ölkəmizin uğurlu inkişaf modelini növbəti dəfə gördülər.

İndi isə sıra XV Avropa Gənclər Yay Olimpiya Festivalındadır. Xatırladaq ki, Avropa Gənclər Festivalı ideyası yeniyetmə və gənclərə Olimpiya hərəkatını, dəyərlərini və ideallarını öyrətmək, təbliğ etmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdür. 14-18 yaşlılar arasında avropalı idmançıları bir araya gətirən yarış ilk dəfə 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə (cüt deyil, tək illərdə) - qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları və ya Panamerika Gənclər Oyunları kimi ənənəni Avropada davam etdirmək imkanını yaradır. Festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququ qazanır.

Bu arada onu da qeyd edək ki, ölkəmiz XV Avropa Gənclər Yay Olimpiya Festivalında 122 idmançı ilə təmsil olunacaq. Artıq bir sıra idman növlərində yarışacaq atletlərin adlarına da aydınlıq gəlib. Ölkəmiz atletika yarışlarında 18 idmançı ilə təmsil olunacaq. Azərbaycan atletləri qaçışın altı (100 m, 200 m, 400 m, 800 m, 100 m sədlərlə qaçış, və estafet), tullanmanın üç (üçtəkanla, uzunluğa və hündürlüyə) növü, eləcə də lövhəatma və nüvəitələmə yarışlarında mübarizə aparacaqlar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qaçış üzrə kişilərin yarışlarında Aleksey Ələkbərov (100 m, estafet), Əli Abdıyev (200 m, estafet), Teymur Salahzadə (400 m, estafet), Vahid Kərimov (800 m) və Əlhəm Nağıyev (estafet) starta çıxacaqlar. Qızlardan isə Ayana Seyuşeva (100 m sədlərlə qaçış), Fəxriyyə Tağızadə (100 m, estafet), Lamiyə Vəliyeva (200 m, estafet), Bibixanım Qəmbərova, Sabrina Zralova (hər ikisi estafet), Nika Məmmədova (400 m, estafet) və Günel Manafova (800 m) məharətlərini sınayacaqlar.

Tullanma növlərində oğlanlardan Çingiz İsrafilov (üçtəkanla tullanma), Aydın Bədəlov (hündürlüyə tullanma), Məmmədağa Məmmədov (uzunluğa tullanma) çıxış edəcəklər. Lövhəatma yarışında ölkəmizi Yusif Nəzərov təmsil edəcək.

Qızlar arasında keçiriləcək tullanma yarışlarında Sabrina Zralova (uzunluğa və üçtəkanla tullanma), Ləman Hüseynova (hündürlüyə tullanma), nüvəitələmədə isə Günel Hüseynova medallar uğrunda mübarizə aparacaqlar. Cüdo yarışlarında isə Azərbaycanı 12 idmançı - 8 oğlan və 4 qız təmsil edəcək.

Şübhə yoxdur ki, idmançılarımız XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycana yeni-yeni uğurlar qazandıracaqlar. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.-17 iyul.- S.1; 6.