Diplomatik xidmət
orqanlarının 100 illiyinə həsr olunmuş VI
müşavirə çərçivəsində seminar
müzakirələr keçirilib
İyulun 15-16-da Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 100 illik
yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində
regional və tematik mövzular üzrə seminar müzakirələr
keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov, Xarici İşlər nazirinin müavinləri
Xələf Xələfov, Ramiz Həsənov, Mahmud Məmməd-Quliyev,
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva,
ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik
nümayəndəliklərimizin rəhbərləri, eləcə
də XİN-in digər rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı
xarici siyasətimizin müxtəlif aspektləri və üzləşdiyi
çağırışlar barədə geniş fikir
mübadiləsi aparılıb. Xarici siyasət sahəsində
işin səmərəliliyinin artırılması və əlaqələndirmənin
gücləndirilməsi məqsədilə tövsiyələr
hazırlanıb.
Eyni zamanda, Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid
Şəfiyev mərkəzin fəaliyyət istiqamətləri
haqqında məlumat verib.
Sonda bu tədbirin keçirilməsinə
görə iştirakçılar tərəfindən Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinə və
onun rəhbərinə təşəkkür ifadə edilib.
Azərbaycan. - 2019.-17 iyul.- S.2.