Qarşılıqlı maraqlara xidmət
edən əməkdaşlıq
Azərbaycanla Avropa İttifaqı
arasındakı iqtisadi əlaqələr
yüksək etimada söykənir
Avropa İttifaqı (Aİ) ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinin ölkəmiz üçün əhəmiyyətini sübut etməyə ehtiyac yoxdur. Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycan o vaxtdan bugünəcən Aİ ilə əlaqələrin daha etibarlı və daha səmərəli müstəvidə inkişaf etməsinə xüsusi önəm və diqqət verir. O üzdən təxminən müstəqilliyimizin bərpasının tarixi yaşında olan bu əlaqələr ötən dövr ərzində qarşılıqlı maraqların təminatı çərçivəsində inkişaf edərək möhkəmlənmişdir.
Həmin münasibətlərin hüquqi əsası isə 1996-cı ilin aprelində Lüksemburqda imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulmuşdur. Saziş onu imzalayan Azərbaycan və Aİ üzvü olan dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu ilin iyulunda qüvvəyə minmişdir. O vaxtdan 20 il ötür. Bu illər ərzində TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər işləyib hazırlamaqla tərəflər arasında münasibətlərə yeni təkan vermişdir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən sazişə əsasən, Azərbaycanla Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması üçün Əməkdaşlıq Şurası, Əməkdaşlıq və Parlamentlərarası Əməkdaşlıq komitələri, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər, eləcə də Enerji nəqliyyat və ətraf mühit məsələləri üzrə alt komitələri kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Əməkdaşlıq Komitəsi isə şuraya tövsiyələr verir. Adları çəkilən alt komitələrə gəldikdə, onlar Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.
Tərəflər arasında bir mühüm mərhələ də var və o, Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycanın Avropa Qonşuluq Siyasətinə (AQŞ) daxil edilməsidir. Avropa İttifaqı ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiyaya xidmət edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın inkişafı baxımından yeni mərhələ olmuşdur. AQS Azərbaycana siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində irəliləyişə nail olunacağı halda Aİ-nin daxili bazarında müəyyən paya sahiblik, vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşdırma proseslərində iştirak imkanları vermişdir.
Məlumdur ki, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birini də enerji dialoqu təşkil edir. Bu çərçivədə Prezident İlham Əliyevin 2006-cı ilin noyabrında Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar açmışdır. Həmin sənədin əsas məqsədi Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, eləcə də ölkəmizin enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə və digər məsələlər olmuşdur.
Memorandumun imzalanmasından cəmi 13 il keçməsinə baxmayaraq, demək mümkündür ki, ölkəmiz həmin sənədlə üzərinə götürdüyü bütün öhdəliklərə ardıcıllıqla əməl edir. Azərbaycan xüsusən Aİ üzvü olan ölkələrin enerji təchizatında etibarlı tərəfdaş kimi özünü təsdiqləyir. Artıq gələn il istifadəyə verilməsi nəzərdə tutulan TAP layihəsi bir sıra Avropa ölkələrinin təbii qaza olan tələbatının qarşılanmasında xüsusi çəkiyə malik olacaq ki, bu da bütünlükdə Aİ-nin enerji təhlükəsizliyinin təminatında ölkəmizin iştirakı deməkdir.
Lakin Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın istər ümumilikdə Aİ, istərsə də birliyə üzv olan ayrı-ayrı ölkələrlə ikitərəfli sıx iqtisadi, o cümlədən ticarət əlaqələri mövcuddur. Rəqəmlərə nəzər salaq: Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinə istinadla açıqladığı son məlumatda bildirilir ki, Azərbaycan cari ilin yanvar-may aylarında 174 ölkədəki tərəfdaşları ilə 14 milyard 74,2 milyon dollarlıq ticarət əməliyyatları aparmışdır. 8,4 milyard 240 milyon dollarlığı ixrac, 5 milyard 834,2 milyon dollarlığı idxal olan bu əməliyyatların xeyli hissəsi Aİ üzvü olan ölkələrin payına düşür. Məsələn, bu müddət ərzində ölkəmizdən ixrac edilən məhsulların 29,2 faizini İtaliya, 5,5 faizini Almaniya, 5 faizini İspaniya, 3,9 faizini Çexiya, 3 faizini Fransa, 2,5 faizini Portuqaliya almışdır. Bu isə o deməkdir ki, 5 ay ərzində Azərbaycanın ixracında Aİ üzvü ölkələrin xüsusi çəkisi 50 faizə yaxın olmuşdur. Razılaşaq ki, Azərbaycan kimi kiçik ölkənin dünyanın iqtisadi düzənində sanballı yeri olan Avropa İttifaqı ilə bu səviyyədə ticarət tərəfdaşlığı sıradan adi göstərici deyil.
İdxala gəldikdə isə bu sahədə də Aİ ilə əlaqələrimiz ixracdakı kimi olmasa da, kifayət qədər genişdir. Yenə də statistikaya müraciət edək: ilin əvvəlindən keçən 5 ay ərzində Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 4,8 faizi Almaniyanın, 2,7 faizi İtaliyanın, 2,1 faizi Fransanın, eləcə də 14,2 faizi Avropanın digər mühüm ölkəsinin - İsveçrənin payına düşmüşdür.
Aİ ilə ticarət əlaqələrimizdə başqa bir vacib amil idxal və ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin dinamik artımıdır. Təkcə son hesabata görə, yanvar-may aylarında ölkəmizdən 786,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,8, real ifadədə 12,6 faiz çoxdur. Bu müddət ərzində qeyri-neft məhsulları üzrə ixracın dəyərində İtaliyaya (7,6 faiz), Yunanıstana (2 faiz), Niderlanda (1,4 faiz), Almaniyaya (1,4 faiz), eləcə də İsveçrəyə (6,7 faiz) göndərilmiş malların payı üstün olmuşdur.
Bu gün Avropa ölkələrində "Made in Azerbaijan” brendi getdikcə daha çox tanınır. Açılan ticarət evləri və nümayəndəliklərinin fəaliyyəti sayəsində meyvə və tərəvəzimiz, içki və konservlərimiz, bitki yağlarımız və pambıq liflərimiz Aİ-də alıcı sarıdan korluq çəkmir. Lakin dövlət başçısının tövsiyə etdiyi kimi, Azərbaycanın ixraca köklənmiş istehsalçıları əldə olunanlarla kifayətlənmirlər. İş adamlarımız hər gün təzə bazarlar axtarışındadırlar. Onların sırasında isə Avropa İttifaqına üzv olan ölkələrin, ümumilikdə Avropa bazarının xüsusi yeri var. Çünki qarşılıqlı faydalı əməkdaşlığın yolu ilk növbədə səmərəli iqtisadi, o cümlədən ticarət əlaqələrindən keçir. Bu cür əməkdaşlıq və əlaqələr isə ölkəmizin strateji maraqlarına cavab verir, iqtisadi gücünü və nüfuzunu artırır.
Raqif MƏMMƏDLİ
Azərbaycan.- 2019.-18 iyul.- S.1-2.