BMT Baş Assambleyasında Azərbaycanda
həyata keçirilən sosial islahatlar barədə danışılıb
Amerika Birləşmiş
Ştatlarının Nyu-York şəhərində
səfərdə olan Azərbaycan
Respublikası Baş Nazirinin
müavini Əli Əhmədov BMT Baş Assambleyasında əhali və inkişaf üzrə Qahirə konfransının
25 illiyi münasibətilə keçirilən
yüksək səviyyəli iclasda
çıxış edib.
AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini 1994-cü ildə təşkil edilmiş Qahirə konfransının əhəmiyyətini vurğulayaraq konfransın həyata keçirilən təşəbbüslərin mərkəzində insanların rifahının ön planda olduğunu sübut etdiyini bildirib. Bununla yanaşı, o, ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılması üçün kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Son 15 ildə Azərbaycanda 2 milyondan çox iş yerinin açıldığını, əməkhaqlarının və pensiyaların müvafiq olaraq bir neçə dəfə artırıldığını, əhalinin 1,6 milyon nəfər artaraq 10 milyona çatdığını vurğulayıb. Ötən dövr ərzində sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və yüzlərlə məktəb, tibb ocaqları və digər sosial obyektlərin inşa edildiyini diqqətə çatdırıb.
Baş Nazirin müavini, eyni zamanda, ölkəmizin gənclər və gender siyasətinə xüsusi önəm verdiyini və gənclərin, qadınların məşğulluğunun, o cümlədən onların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini bildirib.
Bununla yanaşı, Əli Əhmədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.
Eyni zamanda,
Baş Nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası
istiqamətində qısa müddət ərzində əhəmiyyətli
işlərin görüldüyünü,
DİM-lərin ölkə prioritetlərinə inteqrasiya edildiyini, habelə
regionda və MDB məkanında ilk ölkə olaraq ikinci dəfə BMT-nin
Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunduğunu
qeyd edib.
Azərbaycan.- 2019.-18 iyul.- S.1.