IX Beynəlxalq
Multikulturalizm Yay Məktəbinin iştirakçıları
ilə görüş olub
Azərbaycanda müxtəlif millətlərə,
dinlərə, mədəniyyətlərə mənsub insanlar
əsrlərdir sülh və həmrəylik şəraitində
yaşayırlar.
Beynəlxalq Multikulturalizm Yay və
Qış Məktəbləri bu birgəyaşayışın
bütün dünyaya təqdim olunması baxımından
çox əhəmiyyətlidir. Artıq ənənəyə
çevrilən bu məktəblər əcnəbi tələbələrin
Azərbaycanın multikultural ənənələri ilə
yaxından tanış olmaları üçün çox
yaxşı fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin
iştirakçıları ilə görüşdə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik
Şurasının sədri, akademik Kamal Abdulla deyib.
Yay məktəbinin
iştirakçılarına Azərbaycandakı multikultural və
tolerant mühit barədə məlumat verən Kamal Abdulla
2016-cı ilin Prezident İlham Əliyevin sərəncamı
ilə ölkəmizdə "Multikulturalizm ili” elan edildiyini
bildirib. O vurğulayıb ki, multikulturalizm Azərbaycanın
dövlət siyasəti, xalqımızın həyat tərzidir.
Azərbaycan dövləti özünün multikultural siyasətini,
tolerant mövqeyini daim qoruyur və inkişaf etdirir.
Himayəçilik
Şurasının sədri vurğulayıb ki, Azərbaycanda
multikultural həyat tərzinin qədim tarixi və
böyük ənənələri var. Ən qədim
zamanlardan ölkəmizdə müxtəlif xalqların
nümayəndələri arasında dərin dostluq və
qarşılıqlı əməkdaşlıq mühiti
formalaşıb. "Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabı ölkəmizdəki multikultural həyat
tərzinə işıq salır.
Kamal Abdulla bildirib ki, bu gün Azərbaycan
multikulturalizmi bir çox ölkələrin universitetlərində
fənn kimi tədris edilir.
Görüşdə Beynəlxalq
Multikulturalizm Yay Məktəbinin
iştirakçılarının sualları
cavablandırılıb.
Azərbaycan.- 2019.- 18 iyul.- S.2.