Böyük
islahatlar ili
İlham
Əliyevin sosial siyasətinin fəlsəfəsi iqtisadi
inkişafın nəticələrini əhalinin rifah
halının daha da yüksəldilməsinə yönəltməkdir
Müasir Azərbaycan cəmiyyəti
öz inkişafının elə bir tarixi mərhələsini
yaşayır ki, hər bir vətəndaş dövlətin
iqtisadi inkişafının uğurları fonunda xalqın
sosial rifahının yüksəldilməsi istiqamətində
görülən işlərə şahidlik edir və
atılan addımları düzgün qiymətləndirə
bilir. Bu gün həqiqətən Azərbaycan dövlətinin
sosial sahədə atdığı addımlar öz
miqyasına, təsir dairəsinə, əhəmiyyətinə
görə hətta bir çox böyük ölkələrdə
belə müşayiət olunmur. Ölkəmizin
hər bir vətəndaşı aydın şəkildə
dövlətin onun yanında olduğunu görür və bunu
yüksək dəyərləndirir. İlin
əvvəlindən başlayaraq Prezident İlham Əliyevin
böyük sosial islahatlar paketi çərçivəsində
imzaladığı fərman və sərəncamlar təsdiq
etdi ki, dövlətin sosial siyasətinin fəlsəfəsi
iqtisadi inkişafın nəticələrini əhalinin rifah
halının daha da yüksəldilməsinə yönəltməkdir.
Son 16 ildə, yəni 2003-cü ildən
ötən dövrdə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən
çox, həssas qruplara yönələn müavinət və
təqaüdlərin dəfələrlə
artırılması, yoxsulluğun 5 faizə enməsi bunu təsdiqləyir.
2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı
27,7 dəfə artırılaraq 250 manata
çatdırılıb, orta aylıq əməkhaqqı isə
7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.
Təkcə bu il ərzində minimum
əməkhaqqının, pensiyanın, tələbələrin
təqaüdlərinin artırılması, digər ödənişlərin
verilməsi və əhalinin sosial müdafiəsinin yüksəldilməsi
sahəsində atılan addımların əhatə dairəsini
daha da genişləndirmək məqsədilə imzalanan sənədlər
əlbəttə ki, xalqın dövlətə, onun liderinə
olan inam və etimadını daha da gücləndirir.
2019-cu ildə elə bir sahə
yox idi ki, maaşlarda, eləcə də sosial müavinətlər
və təqaüdlərdə artımlar edilməsin. Prezidentin sosial islahatlar
paketi çərçivəsində bu il
təqdim etdiyi iki sosial paket xalqın rifahının yüksəldilməsi
istiqamətində bir-birinin ardınca atılan inqilabi xarakterli
addımlar idi. Dövlət başçısının bu
ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində
minimum əməkhaqqı martın 1-dən 40 faizədək
artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği
isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata
çatdırılıb. Bu gün həmin
artımlardan 830 min insan yararlanır. Həmçinin
aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə
sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər
üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği
orta hesabla 100 faiz artırılıb. Sosial
təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib.
Aylıq sosial müavinət alan I dərəcə
əlilliyi olan şəxslər üçün Prezidentin
aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi
olan şəxslərə də şamil edilib. Sayı
80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər
təsis olunub. Sosial müavinət və təqaüd
artımları, təsis olunan yeni təqaüdlər 600 minədək
vətəndaşın rifahını
yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi
köçkünlərin aylıq müavinəti 50 faiz
artırılıb, 800 min vətəndaşın problemli
kreditləri həll olunub, tələbələrin təqaüdlərində
əhəmiyyətli artımlar edilib.
Cari ilin ilk rübündə
reallaşdırılan və artımların təmin edilməsi
üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə
götürdüyü birinci sosial paket 3 milyona yaxın
insanın rifahına mühüm dəstək kimi cəmiyyət
tərəfindən yüksək dəyərləndirilir.
Prezident İlham Əliyevin ikinci
sosial paketini əhatə edən 18 iyun 2019-cu il
tarixli sərəncamları isə əhalinin rifah
halının yaxşılaşdırılması istiqamətində
inqilabi addımların ardıcıl xarakter
aldığını bir daha təsdiqlədi. İlin
birinci rübünün yekunlarına dair keçirilən
iclasda dövlət başçısı bildirmişdi ki,
sosial sahədəki artımlar dövləti qane etmir və
yaxın zamanlarda minimum pensiya və müavinətlər, əməkhaqlarında
artımlar olacaq. İki ay sonra dövlət
başçısı imzaladığı sərəncamlarla
bir daha verdiyi sözə, vədə sadiq olduğunu təsdiqlədi.
Bu sərəncamlarla ölkədə
minimum əməkhaqqının, həmçinin müxtəlif
sahələrdə çalışanların
maaşlarının artırılması təmin olundu. "Minimum aylıq əməkhaqqının
artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama
əsasən, ölkədə minimum əməkhaqqının
məbləği cari il sentyabrın 1-dən 40 faizədək
artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində
Azərbaycanda minimum əməkhaqqının məbləği
93 faiz artırılmış olur. Bununla
ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının
məbləği yaşayış minimumunu (180 manat) üstələyəcək.
Yəni minimum səviyyədə olan əməkhaqqı
belə yaşayış minimumundan 70 manat və ya 40 faiz
çox olacaq. Minimum əməkhaqqının bu
artımı 950 min nəfərin (muzdla
çalışanların azı 63 faizini)
maaşlarının artımına səbəb olacaq ki,
onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət
sektorunda çalışanlardır.
Həmçinin Prezidentin sərəncamı
ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən
160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən
25 faiz artım deməkdir. Minimum pensiya məbləğinin
artırılması ümumilikdə 660 min
pensiyaçını əhatə edəcək.
Artımın edilməsi üçün illik 216 milyon manat,
cari il (oktyabr-dekabr ayları) üzrə 62
milyon manat əlavə vəsait yönəldiləcək.
Göründüyü kimi, il ərzində minimum əməkhaqları, əmək
pensiyası artıq ikinci dəfə ciddi şəkildə
artır. Belə ki, əgər mart ayına qədər
minimum əməkhaqqı 130 manat idisə, bu rəqəm 3
ayda iki dəfə artaraq əvvəlcə 180, sonra isə 250
manata yüksəldi. Bu, ümumilikdə 92,3
faiz artım deməkdir. Mart ayınadək olan
minimum pensiya 116 manat idisə, iki sərəncamla əvvəl
160, sonra isə 200 manata yüksəldi. Yəni minimum
pensiyanın məbləğində 72,4
faiz artım edildi. Bu isə o deməkdir ki, oktyabr ayından
ölkədə 200 manatdan aşağı pensiya alan olmayacaq.
Cənab İlham Əliyevin
sosial siyasətinin davamı kimi cari ilin ötən
dövründə həyata keçirilən və vətəndaş
rifahının yüksəldilməsinə xidmət edən
iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı
əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə
zəmin yaradan həmin addımların atılması
üçün dövlət tərəfindən əlavə
olaraq illik 3,9 milyard manat ayrılacaq ki, bu
da Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına
xüsusi diqqətini və qayğısını bir daha
göstərir.
Bütün bu
uğurları şərtləndirən amil əlbəttə
ki, ölkənin uğurlu iqtisadi inkişafıdır. Həyata
keçirilən iqtisadi islahatlardan əldə edilən
dividendlər artıq sosial sferaya yönəldilir.
Bu gün Azərbaycanın
iqtisadi inkişafı göz önündədir. Prezident
İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına
- MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri
ilə görüşdə söylədiyi kimi, hazırda Azərbaycan
dövləti ölkə iqtisadiyyatının şaxələndirilməsi
üzərində işləyir. Bu gün
neft-qaz sektorundan asılılığın azaldılması
dövlətin əsas vəzifəsidir.
İqtisadi inkişaf göstəricilərinə
nəzər yetirsək, aydın şəkildə iqtisadi
islahatların real nəticələrinin şahidi olarıq. Belə ki, bu il
ölkədə qeyri-enerji sektoru 3 faizdən çox artıb
və kənd təsərrüfatında rekord həcmdə, təxminən
13 faiz artım olub. Qeyri-enerji sənayesində
isə artım təxminən 15 faiz təşkil edir. Hətta beynəlxalq təşkilatların
proqnozları da müsbətdir. Belə ki, Dünya
Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu isə 3,4 faiz
artacağını proqnozlaşdırır. Ötən il
iqtisadiyyata 8,2 milyard dolları xarici
investisiyalar olmaqla 15,3 milyard dollar sərmayə
yatırılıb. Bütün bunlar isə
iqtisadiyyatın şaxələndirilməsinin yaxşı nəticələr
verdiyini bir daha təsdiqləyir.
Maaşların, pensiyaların,
müavinətlərin və təqaüdlərin bir il ərzində bir neçə dəfə
artırılması əhalinin sosial durumuna ciddi şəkildə
təsir edəcək və insanların alıcılıq
qabiliyyətini artıracaq. Atılan addımlar,
eyni zamanda beynəlxalq reytinq təşkilatları tərəfindən
də təqdir edilir. Proseslər göstərir
ki, aparılan sosial siyasətin alternativi yoxdur. Ölkəmiz
inkişaf, tərəqqi yolunu seçib və əminliklə
deyə bilərik ki, 2019-cu il müasir Azərbaycan
tarixində islahat ili kimi yaddaşlara həkk olunacaq.
Prezident İlham Əliyev may
ayının 16-da Pirallahı Sənaye Parkında "Diamed”
şpris istehsalı zavodunun açılış mərasimində
də bu məsələyə toxunaraq islahatların davam edəcəyini
vurğulamışdı: "Biz Dünya
Bankının biznes mühitinə dair hesabatına görə,
bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə
qeyd edirəm, ictimaiyyət bilsin ki, nə qədər
böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək,
işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və
beləliklə, vətəndaşların sosial təminatını
gücləndirək. Bu il atılan
addımlar, imzalanmış sərəncamlar, qəbul
edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və
bu siyasət öz nəticəsini verir”.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 19 iyul.- S.1; 3.