İpək
kimi
Barama
istehsalı son 5 ildə 2,6 min dəfə artmışdır
Ölkədə yaş barama tədarükü
üzrə iyunun 30-na olan məlumata görə,
kümçülərimiz "Azəripək” MMC-yə 633,26
ton yaş barama təhvil vermişlər. Onu da xatırlamaq
yerinə düşər ki, 5 il əvvəl ölkədə
cəmi 236 kiloqram yaş barama tədarük edilmişdi. Yəni
bu günə tədarük edilən yaş baramanın
çəkisi 5 il əvvəlkindən 2682 dəfə
çoxdur.
Bu o deməkdir ki,
baramaçılıq indi ölkənin aqrar sektorunda
inkişaf tempinə görə rekord qıran ənənəvi
sahələrdən biridir. Əlbəttə, heç bir
uğur asan əldə edilmir. Azərbaycan
baramaçılarının son 5 ildə qazandıqları
nailiyyətlər müasir dünya təcrübəsinin tətbiqinin,
dövlətin ciddi maliyyə dəstəyinin və
kümçülərə verilən xüsusi diqqətin nəticəsidir.
Baramaçılıq dünyada
xüsusi imici, bənzərsiz keyfiyyətləri ilə
seçilən sahədir. Xalqımız əsrlər boyu ipək
istehsal etmiş, onun şöhrətini göylərə
qaldırmışdır. İpək məhsullar milli geyimlərimizin,
bayramlarımızın və toylarımızın bəzəyi
olmuşdur. Digər tərəfdən, ipək dünyada ən
təmiz ekoloji məhsul sayılır, min hektarlarla çəkilliklərin
- tut bağlarının salınması, tingçiliyin
inkişafı ekoloji balansı qoruyur,
yaşıllıqları artırır. Elə ona görə
də ölkəmizə milyonlarla çilingin gətirilib yeni
yaşıllıqların yaranmasına, təbii
landşaftın qorunmasına ciddi dəstək verilir. Bunlardan
əlavə, barama qurdlarının inkubasiyası, yemlənməsi
və yetişməsi mərhələlərində herbisidlərin
və pestisidlərin tətbiqi sıfır səviyyəsində
olur. Yəni bu proses başdan-ayağa ekoloji cəhətdən
tam təhlükəsizdir.
İndi dünya bazarlarına
insanların səhhəti və sağlamlığı
üçün ziyanlı olan yüzlərlə məhsul
çıxarılır. Bir çox kənd təsərrüfatı
məhsulları yetişdirilərkən tətbiq edilən
pestisidlər və herbisidlər çoxsaylı ağır xəstəliklərə
səbəb olur. Məhz bu baxımdan barama ən təmiz və
nadir ekoloji məhsuldur. Məhz bu amillərə görə,
baramaçılığın inkişafında əldə
edilən uğurlarla öyünməyə dəyər.
Yeri gəlmişkən
xatırladaq ki, Azərbaycanda yaş barama istehsalı 1970-ci
ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci
ildə 5,5 min ton olmuşdur. O illər Elmi-Tədqiqat İpəkçilik
İnstitutu, damazlıq stansiyaları, barama toxumu zavodları,
rayon barama qurutmaxanaları, ipəkçilik idarələri,
tingçilik təsərrüfatları və emal müəssisələri
vahid kompleks şəklində fəaliyyət göstərirdi.
İpəkçiliyin elmi əsasları işlənilir, tut
ağaclarının və ipəkqurdunun seleksiyasına dair tədqiqatlar
aparılır, superelit toxumlar hazırlanırdı. Təəssüf
ki, belə bir sahə müstəqilliyin bərpasından
sonrakı ilk illərdə tənəzzülə
uğramışdı.
2016-cı ildən isə ipək
istehsalının müasir infrastrukturunun yaradılmasına qərar
verildi və həmin il barama istehsalı 70,7 tona, 2017-ci ildə
isə 245,2 tona çatdırıldı. Prezidentin "Azərbaycan
Respublikasında ipəkçiliyin maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” və "İpəkçiliyin
inkişafına dövlət dəstəyinin davam etdirilməsi
ilə bağlı tədbirlər haqqında” sərəncamlarına
uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyası
bərpa edildi, əlavə istehsal sahələri
yaradıldı.
Baramaçılığın və
ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər
üçün Dövlət Proqramına əsasən,
ölkədə sözügedən sahəyə
investisiyaların cəlb edilməsi, kümçülərə
səmərəli iqtisadi dəstək mexanizminin
formalaşdırılması, tut (çəkil)
ağaclarının məhsuldarlığının
artırılması və barama toxumçuluğunun
inkişafı istiqamətində ciddi tədbirlər həyata
keçirilir. Nəticələr ürəkaçandır. Kənd
Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr
və informasiya təminatı şöbəsinin məlumatına
görə, cari ildə ən çox yaş barama təhvili
iyunun 13-də qeydə alınıb. Həmin gün
kümçülər tərəfindən ümumilikdə
121,69 ton yaş barama təhvil verilib. Əgər 5 il əvvəl
kim desəydi ki, kümçülər bir gündə bu qədər
barama təhvil verəcəklər, heç kəs
inanmazdı.
Bu il barama tədarükünə
görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Şəki,
Balakən, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Tərtər
və Ağdam rayonları öndədir. Son məlumata görə,
Zərdabda 65,32, Ağcabədidə 54,46, Zaqatalada 52,95,
Füzulidə 49,54, Şəkidə 47,89, Balakəndə
44,14, Bərdədə 36,6, Qaxda 27,29, Kürdəmirdə
22,62, Ağdaşda 17,62, Tərtərdə 17,34, Ağdamda
16,38, Göyçayda 16,57, Sabirabadda 14,2, Ucarda 12,25, Tovuzda
11,45 ton yaş barama tədarük edilmişdir.
Məlumat üçün bildirək
ki, hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarük
olunur. "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı”nın icrası nəticəsində
2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min
tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət
tərəfindən subsidiyalaşdırılır.
Kümçülər yaş baramanı kiloqramı 4 manatdan
"Azəripək” MMC-yə təhvil verirlər. Dövlət
əlavə olaraq hər kiloqram yaş barama istehsalına
görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş
baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem
bazasının yaradılması məqsədilə son 3 ildə
Çindən ölkəmizə 3,5 milyon tut tingi (çəkil)
gətirilərək əkilmişdir. Sonuncu dəfə ötən
il dekabrın 4-də Çindən gətirilən 1 milyon tut
tingi 36 rayona paylanmışdır.
Bu gün dünya bazarlarında ipək
məhsullara tələbatın artması müşahidə
olunur. İpək dünya toxuculuq sənayesi malları
bazarının yalnız 0,2 faizini təşkil etsə də,
ipəkçilik dünyanın 30-dan çox ölkəsində
yayılmışdır. Çin, Hindistan, Özbəkistan və
Braziliya ən böyük ipək
istehsalçılarıdır. Dünya üzrə xam ipək
istehsalının 84, ixracın 54,1 faizi Çin Xalq
Respublikasının payına düşür. Hindistan ikinci
yerdə olsa da, yerli əhali arasında ipək parçalardan
istifadə geniş yayıldığı üçün
istehsal əsasən yerli tələbatı ödəyir.
İpək istehsalı ölkənin ixrac potensialını
gücləndirir, istedadlı modelyerlərin, dizaynerlərin
diqqətini perspektivli sahə kimi özünə cəlb edir.
Bütün bunlar həm də onu deməyə əsas verir
ki, baramaçılıq ən geniş ixrac imkanlarına
malik olan sahələrdən biridir.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.
- 2019.-19 iyul.- S.1; 3.