Dayanıqlı İnkişaf Məqsədləri
Azərbaycanda uğurla reallaşır
Nailiyyətlərimiz BMT rəhbərliyi tərəfindən
təqdir olunub
Bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ikinci Könüllü Milli Hesabatı təqdim olunub. Hesabat iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.
2016-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində elan edilib. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Elə həmin sammitdə Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.
Dayanıqlı inkişaf məqsədləri dedikdə gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur. Bu məqsədlər yoxsulluğa və aclığa son qoymaq, yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq, hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək, gender bərabərliyinə nail olmaq, dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək, möhkəm infrastruktur yaratmaq, innovasiyaların inkişafına dəstək vermək, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək, su ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək üçün ölkələrin qlobal fəaliyyət istiqamətlərini müəyyən edəcək yeni inkişaf gündəliyinin təməlini qoyub. Bununla da Dayanıqlı İnkişaf Məqsədləri əslində insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırır.
Xatırladaq ki, Dayanıqlı İnkişaf Məqsədləri 2000-2015-ci illər ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri əsasında hazırlanıb.
Yüz milyonlarla insanın həyatı məhz həmin inkişaf gündəliyinin birgə tətbiqi nəticəsində yaxşıya doğru dəyişib. Belə ki, Minilliyin İnkişaf Məqsədləri yoxsulluğun azaldılması, daha yaxşı içməli su mənbələrinə çıxışın təminatı, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması, ibtidai təhsildə gender bərabərliyinin təmin olunması kimi hədəfləri reallaşdırıb. Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azalıb, məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 100 faiz təşkil edib, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə edilib.
Lakin Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulmuş hədəflər daha böyükdür və 17 prioritet vəzifə qarşıya qoyulub. Yeni məqsədlərin özünəməxsusluğu isə onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur.
Azərbaycan dövləti bütün bu 17 məqsədi əhatə edən uğurlu dövlət siyasəti həyata keçirməkdədir. Ölkəmiz bu məqsədlərə qoşulmazdan öncə də qeyd olunan 17 istiqamət üzrə böyük nailiyyətlər əldə edib. Sosial-iqtisadi sahədə qazandığımız uğurlar, əhalinin sağlamlığının qorunması ilə bağlı atılan addımlar, mütərəqqi təhsil, ekologiya siyasəti, gender bərabərliyinin qorunması göstərir ki, Azərbaycanın inkişafı kompleks xarakter daşımaqla dövlətin və xalqın maraqlarını layiqincə təmin edir.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilən iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının reallaşdırılması üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi önəm daşıyır. Məhz buna görə də Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli fərmanı ilə "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Milli Əlaqələndirmə Şurasının əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin, eyni zamanda onlara dair göstəricilərin müəyyənləşdirilməsi, habelə ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasıdır. Ötən müddət ərzində Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər BMT tərəfindən yüksək qiymətləndirilib.
Artıq Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən istiqamətlər üzrə bir dəfə könüllü hesabat təqdim edib. İkinci milli hesabat isə BMT-nin müəyyən etdiyi "İnsanların hüquq və imkanlarının genişləndirilməsi və onların inklüzivliyinin və bərabərliyinin təmin edilməsi” tematik mövzusuna uyğun 4-cü "Keyfiyyətli təhsil”, 8-ci "Layiqli əmək və iqtisadi artım”, 10-cu "Bərabərsizliyin azaldılması”, 13-cü "İqlim dəyişikliyinə qarşı mübarizə”, 16-cı "Sülh, ədalət və səmərəli institutlar” və hər il nəzərdən keçirilən 17-ci "Məqsədlər üçün tərəfdaşlıq” məqsədləri üzrə təqdim olunub.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov hesabat barədə təqdimatla çıxış edərək son dövrlərdə ölkəmizdə inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, "heç kimin geridə qalmaması” prinsiplərinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə fəaliyyətin tənzimlənməsi və məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşməsi barədə ətraflı məlumat verib. Eyni zamanda nümayəndə heyətinin rəhbəri Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb.
Hesabat İqtisadiyyat Nazirliyi tərəfindən yerli ekspert və Dayanıqlı İnkişaf Məqsədləri üzrə yaradılmış işçi qruplarının iştirakı ilə aidiyyəti dövlət qurumlarının məlumatları nəzərə alınmaqla hazırlanıb. Hazırda Azərbaycan regionda və MDB məkanında ilk, ümumiyyətlə isə dünyada ikinci hesabatı təqdim edən 14 ölkədən biridir.
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əldə etdiyi uğurlar Əli Əhmədovun BMT Baş katibinin birinci müavini xanım Amina Mohammedlə görüşündə də xüsusi vurğulanıb. Amina Mohammed Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradılmasını, qısa müddət ərzində Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunmasını yüksək qiymətləndirib. O, Dayanıqlı İnkişaf Məqsədlərinin ümumilikdə icrası istiqamətində ölkə tərəfindən atılan addımların təqdirəlayiq olduğunu söyləyib.
Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti nəticə etibarilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda daha sürətlə reallaşmasına yol açıb. Digər tərəfdən bu məqsədlərə nail olunması istiqamətində görülən işlər 2016-cı ildən də əvvəl başlayıb. Ona görə Azərbaycan ikinci Könüllü Milli Hesabatını regionda və MDB də ilk təqdim edən dövlətdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.-19 iyul.- S.1; 3.