Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər
Seqmentində çıxış edib
ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökumət rəsmilərinin iştirak etdikləri Nazirlər Seqmentində çıxış edib.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə ətraflı məlumat verib. O, son 15 ildə 2 milyondan çox iş yerinin yaradıldığını, əməkhaqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını diqqətə çatdırıb.
Baş Nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə inteqrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi üçün respublika səviyyəsində müxtəlif ictimai dinləmələrin həyata keçirildiyini bildirib.
Eyni zamanda,
Baş Nazirin müavini, ölkəmizdə DİM-lərə
nail olunması istiqamətində əsas
çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini
bir daha məlumatlandırıb,
münaqişə nəticəsində erməni işğalçıları tərəfindən Azərbaycan
torpaqlarının 20 faizinin işğal olunduğunu və
1 milyondan çox
soydaşımızın yurd-yuvalarından qaçqın və
məcburi köçkün düşdüyünü, bütün
bunların ölkədə dayanıqlı inkişaf
məqsədlərinə nail
olunmasında çətinliklər yaratdığını
diqqətə çatdırıb. O, BMT-nin
Təhlükəsizlik Şurasının münaqişəyə
dair qəbul etdiyi qətnamələrin
hələ də yerinə yetirilmədiyini vurğulayıb.
Azərbaycan.- 2019.-19 iyul.- S.2.