Artemida məbədi

 

Dünyanın yeddi möcüzəsi

 

Qədim dünyanın möcüzəsi sayılan bu tikili barədə əsrlər boyu heyrətlə, heyranlıqla söz açıblar. Antik dövrün məşhur alimi, riyaziyyatçısı və fiziki Arximedin müasiri, İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında fəaliyyət göstərmiş yunan mühəndisi və ixtiraçısı, bizanslı Filon (miladdan əvvəl 280-220) yazırdı: "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir Piramidalarının qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara ucalan Efesdəki məbədi gördükdə digərlərinin kölgədə qaldığını hiss etdim”.

 

Bərəkət və doğruluq tanrısı

 

Bu tikili - Artemida məbədi antik dünyanın məşhur və sitayiş olunan ziyarət yerlərindən biri idi. Efes şəhərini himayə edən ilahə Artemidanın şərəfinə mərmər məbəd tikməyi miladdan əvvəl knosslu memar Xarsifron təklif etmişdi.

Mənbələrə əsaslanan araşdırıcılar tanrı Artemis adına ilk türbənin miladdan əvvəl 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə inşa olduğunu bildiriblər. Məlumatlara görə, bəzən Diana da adlandırılan Efes tanrısı Artemida yunan Artemidası ilə eyni deyil. Belə ki, yunan Artemidası ov, Efes Artemidası bərəkət və doğruluq tanrısı idi.

Artemida məbədində Yupiterdən düşən meteorit olduğu güman edilən müqəddəs bir daş vardı.

Sonrakı əsrlərdə tikili dəfələrlə dağıdıldı, yenidən inşa olundu. Miladdan əvvəl 600-ci illərdə Efes böyük ticarət limanı şəhərinə çevrildi. Xarsifron adlı memar yüksək daş sütunları olan yeniböyük məbəd inşa etdi.

Lidya çarı Krez miladdan əvvəl 550-ci ildə Efesi fəth etdi. Həmin döyüş zamanı məbəd dağıdıldı. Krez memar Theodorusa əvvəlkiləri kölgədə qoyan məbəd inşa etdirdi. Əvvəlkindən 4 mərtəbə, 90 metr yüksəklikdə, 45 metr enlikdə böyük olan yeni məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi.

 

"Herostrat şöhrəti”

 

Məlumata görə, miladdan əvvəl 356-cı ildə Efes şəhərinin gənc sakini Herostrat Artemida məbədini yandırdı. İşgəncə altında təqsirini etiraf edən Herostrat məbədi şöhrət qazanmaq üçün yandırdığını, hər kəsin onun barəsində bilməsini istədiyini söylədi. Onu edam etdilər. Məhkəmənin qərarı ilə Herostratın adının tarixə yazılması qadağan olundu. Məhkəmə qərarının icraçıları ev-ev dolaşır, "Herostratı xatırlamaq qadağandır!” deyə xəbərdarlıq edirdilər. Bununla Herostratın adını unutdurmaq istəyən məhkəmə onu daha çox tanıtdı, məşhurlaşdırdı. Hamı məbədi Herostratın yandırdığını öyrəndi. "Herostrat şöhrəti” ifadəsi belə yarandı. Həmin ifadə indiyədək də mənfi mənada işlədilir.

Yanğın hadisəsinin başqaları tərəfindən törədildiyini bildirənlər də olmuşdur. Belə ki, qədim yunan tanrısı - Zevsin qızı, Apollonun bacısı olan ilahə Artemidanın şərəfinə tikilmiş məbəd gətirilən ianələrin, qurbanların hesabına olduqca zəngin idi. Məbədin anbarında xeyli qızıl, pulbaşqa qiymətli əşyalar saxlanılırdı. Buna görə məbədin kahinləri bir gün qərara gəldilər ki, qızılı və pulu saxlamaqdansa, tacirlərə faizlə borc versinlər. Kahinlərin planı baş tutdu. Onlar xeyli gəlir əldə etdilər. Ancaq bir müddət sonra borcların qaytarılmasında problemlər yarandı. Tacirlər borclarını ödəməkdən imtina etməyə başladılar. Onlar yaxşı bilirdilər ki, kahinlər məhkəməyə, yaxud başqa yerə şikayət edə bilməzlər. Çünki məbədin toxunulmaz olan sərvətlərindən şəxsi mənfəətləri üçün istifadə etdikləri hamıya məlum olar.

Kahinlər qorxuya düşdülər. Məbədin anbarında saxlanılan sərvətlər barədə onlar hər il xalq yığıncağında hesabat verməli idilər. Xalq yığıncağı anbarda həmin sərvətləri yoxlaya bilərdi. Kahinlərin məbədi yandırmaqdan başqa çarələri qalmadı. Təqsiri isə Herostratın boynuna qoydular. Həqiqəti gizlətmək üçün hər yerdə elan etdilər ki, Herostratı xatırlamaq qadağandır! Beləliklə, günahsız bir gəncin adı tarixə təqsirkar kimi düşdü.

 

Dəfələrlə yandırılan məbəd...

 

Yanğın nəticəsində dağılmış məbəd qısa müddətdə dövrünün ən tanınmış heykəltəraşı Skopaslı Paros tərəfindən yenidən inşa edildi. Romalı tarixçi Plin yeni məbədin 130 metr uzunluqda, 68 metr enlikdə olduğunu yazırdı. Tavanını yüksəkliyi 18 metr olan 127 sütun dəstəkləyirdi. Tikinti işləri 120 il davam etdi. Miladdan əvvəl 333-cü ildə Makedoniyalı İsgəndər Efesə gələndə məbədin inşası başa çatmamışdı. Ovaxtadək tikilmiş yunan məbədləri içərisində belə böyük və möhtəşəmi olmamışdı. Məbəd tamamilə mərmərdən inşa edildi.

Eramızın 57-ci ilində Müqəddəs Paul xristianlığı yaymaq üçün Efesə gəldi. O, elə uğur qazandı ki, şəhərin dəmirçisi və məbəddəki heykəllərin bir hissəsinin sahibi Demetrius bundan təlaşa düşdü. Çünki o, hər il məbədə ziyarətə gələnlərin hesabına yaxşı gəlir əldə edirdi. İnsanların dinini dəyişdirməsi Demetriusu bu qazancdan məhrum edirdi.

Demetrius həyəcanla "Yaşasın efeslilərin Artemisi” deyərək xalqı öz ətrafına topladı. Onlar dərhal Müqəddəs Paulun yardımçılarından ikisini tutdular. Bundan sonra üsyan başladı. Nəticədə Müqəddəs Paul tutulmuş köməkçiləri ilə birlikdə Makedoniyaya dönməli oldu.

Böyük Artemida məbədi 262-ci ildə qotların basqınları zamanı da yandırıldı. Yüz il ötdüRoma imperatoru Konstantin şəhəri yenidən inşa etdirdi. Xristian olduğu üçün o, məbədi bərpa etdirmədi. İmperatorun bütün səylərinə baxmayaraq, Efes keçmiş şöhrətinə qovuşa bilmədi. Çünki gəmilərin lövbər saldığı liman yox olmuşdu. Sakinlər şəhəri tərk edirdilər. Məbədin qalıqlarından başqa tikintilərdə, heykəllərin hazırlanmasında istifadə olunurdu.

1863-cü ildə memar Con Tertl məbədi araşdırmağa başladı və 1869-cu ildə 6 metr dərinlikdən məbədin sütunlarını aşkara çıxardı. Palçığın içərisindən çıxardığı heykəlləri və bəzi qalıqları Britaniya Muzeyinə apardı. Həmin muzeyin əməkdaşları 1904-cü ildə D.G.Hograthın rəhbərliyi ilə işləri davam etdirdilər. Onlar qazıntılar apararaq ərazidə bir-birinin üzərində tikilmiş 5 qalıq tapdılar.

...İndi Artemida məbədinin yerini görmək üçün gələn turistlər bataqlıq vəziyyətində olan bölgəyə baş çəkməli olurlar. Orada bir sütun basdırılıb. Bu, düz dayanaraq qollarını yanlara açmış bir tanrının - yunan üslubuna bənzəməyən tərzdə tikilmiş məşhur Artemidanın heykəlinin qalıqlarıdır.

 

Z.FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-19 iyul.- S.1; 6.