Qızıl orta...
Təbiət və təbiətin qanunları,
qaranlıqda gizliydi.
Tanrı: - Nyuton
olsun! - dedi
və hər şey aydınlandı...
Aleksandr Pop
Ötən həftə keçirilən
"Fizika və lirika" konfransına dəvət olunanda öncə Yılmaz Əsədoğlunu xatırladım. 1937-ci ildə Bakıda "xalq düşməni"
Əsəd Verdiyevin ailəsində dünyaya gəlmiş Yılmaz bəy 1962-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmiş,
elə Moskvada da fizika elmlər
doktoru alimlik dərəcəsini müdafiə
etmişdi. Sonra Azərbaycan
Elmlər Akademiyasının
Fizika İnstitutunda Kvant Sahə Nəzəriyyəsi laboratoriyasının
müdiri, 1992-ci ildən
2003-cü ilə - ömrünün
sonuna kimi isə Türkiyədə
Trakya Universitetinin professoru olmuşdu. Kvant Sahə Nəzəriyyəsinin
dünyada seçkin ismlərindən biri olan Yılmaz Verdiyev həm də dilçilərimizin
bugünə qədər
xəbərsiz qaldığı
"Ləhcə farkımız
fərqimizdədir" adlı
unikal bir araşdırmanın müəllifidir.
"Fizika və
lirika" konfransına
dəvət aldığımda
ilk yadıma düşən
də Yılmaz Əsədoğlunun həmin
əsəri oldu.
Çünki bu
kitabında Əsədoğlu
öz bənzərsiz
alim təfəkkürünü
həm də ortaq türkcənin gerçəkliyə çevrilməsi
probleminə yönəltmişdi...
Dünyaca ünlü
fiziklər - Fəza Gurseyin, Asim Barutun dəyər verdikləri Yılmaz bəy 2001-ci ildə "Yeni Azərbaycan" qəzetində "Ədəbiyyat"
əlavəsinin məsul
redaktoru olduğum dönəmdə
mənə göndərdiyi
bir məktubu Eynşteynin sözləri
ilə başlayırdı:
"Nyutonu bir şairlə müqayisə
etmək olar. Onun şeirləri o qədər
zərifdir ki, onları ancaq yeni bir dillə
yazmaq mümkündür.
Elə bir dil ki,
onu yalnız şairin özü yaratmalıdır".
İndi hamı Füzuli deyil ki, "elmsiz şeirin, əsassız divar olduğunu" anlasın. Və məncə,
yüksək erudisiyası,
dərin zəkası
olan alimlər şairlərimizə qloballaşmaqda
olan dünyanın ahəngini dərk etməkdə yardım edə bilər. Məsələn, belə
bir konuda: yüksək texnologiyalar əsrinin şeir dili necə olmalıdır? Fikrimi örnəklərlə dəqiqləşdirmək istəyirəm.
Bir vaxt biz Tixonovun "xeyir-duası" ilə
"şair xalq"a
"çevriləndə" bunun ən böyük
fəsadı ədəbiyyatımıza
dəydi. Və elə
o zaman kristalloqraf Xudu Məmmədov "Məhdudiyyət fikrin anasıdır" deyə
şairlərimizə səsləndi. Xatırlatdı
ki,
"forma məhduddursa, fikir sıxılır, yığcamlaşır, büllurlaşır.
Dərinlik burdan gəlir".
Yəni uzun-uzun, qafiyəli sicilləmələrə ehtiyac
yoxdur. Bunu xatırlatdı və məhdud formada fikrin necə yığılmasını, yığcam
formada fikri necə dəqiq ifadə edə bilməyin örnəklərini
də özü yaratdı:
Anam ozan olubdur,
Dərdə dözən olubdur.
Dili haqdan bağlanıb
Naxış düzən olubdur.
Yəni anam ozandır, amma söz söyləmir,
naxış düzür.
Ozanlığını naxış düzməklə
izhar edir. Çünki dili haqdan bağlanmış bu anaya Tanrı
şeir yazmağın
dilini deyil, xalça toxumağın dilini öyrədib. Fikir nə qədər
şairanə və necə sərrastdır...
Hətta
Xudu Məmmədovun yazdığı bu bayatıdakı estetik harmoniya Maleviçin "Qara kvadrat"ındakı
fəlsəfi dərinliyi
də aşıb-keçir.
Dörd misrada sıxılmış
enerjinin partlayışı
sənətdə yeni
bir kainat yaratmaq gücündədir.
Kristalloqraf alim anaların toxuduğu xalçanı Füzulinin
yazdığı şeir
kimi oxumağın kodunu yaradır, həm xalçaçılıq
estetikamızın yeni
rakursdan dəyərləndirilməsinə,
həm də poeziyada fikrin sıxılmasına, yığcamlaşmasına,
büllurlaşmasına necə
nail olmağın yolunu
göstərir, fizika ilə lirika arasında qızıl ortanı tapır...
Tanpınarın "Ne içindeyim zamanın, /
Ne de büsbütün dışında
/ Yekpare, geniş bir anın / Parçalanmaz akışında"
misraları birbaşa
intellektlə intuisiyanın
birgəliyindən, qovuşuğundan,
hibridindən hasilə
gəlib. "Ne içindeyim
zamanın" Berqsona
aid zaman fəlsəfəsinin gəlişdirdiyi
düşüncənin şeiridir.
Tanpınarın bu məqama
yalnız ilham pərisinin qanadları üzərində, yaxud stixiyalı şəkildə
gəlməsi mümkün
deyildi. Onu bu şeirə gətirən Berqson fəlsəfəsidir: "Şeir
və sənət anlayışımda Berqsonun
zaman tələqqisinin
mühüm bir yeri var. Freydlə Berqsonun bərabər paylaşdıqları bir dünyanın çocuğuyuq.
Onlar bizə sirri insan zəkasında,
insan həyatında aramağı öyrətdilər...".
Bir garip rüya şeklinde,
Uyuşmuş gibi her şekil.
Rüzgarda uçan
tüy bile
Benim kadar
hafif değil.
Tanpınar bu şeiri yazdığı
illərdə kvant fizikasında metafizika ilə fizikanın bir-birindən ayırılıb-ayrılmayacağını
təyin etməyə
çalışan belə
bir hipotez də vardı: kainat bir vakuumdan,
məkan və zamanda heçlik durumundan yaradılmış
bir kvant dalğalanmasıdır.
Bu şeirdə
bir də Eynşteyn cazibəsi var. Eynşteyn "Mən həyatım boyu işığın nə
olduğunu araşdıracağam"
- deyirdi. Tanpınarın
şeiri isə "Mavi, masmavi bir
işıq, / Ortasında
yüzmekteyim" - deyə
bitir. Əslində, bitmir. Ucsuz-bucaqsız zamanın içinə dalıb işığın
qoynunda axmaqda davam edir. Çünki bu varlıq
üçün keçmiş,
indi və gələcək yoxdur.
O, "Yekpare, geniş
bir anın / Parçalanmaz akışında"n
keçib gedir.
Yaxud Everettin çoxlu dünyalar interpretasiyası
həm də ədəbiyyatda paralel dünyalar anlayışının
gəlişməsinə səbəb
oldu. Nobel mükafatı laureatı
Əbdüs Salamın
"İdeallar və
gerçəklər" kitabında "Kosmik kod" əsərinin müəllifi Paqelsə istinadən Nobel mükafatı
laureatı Feynmanın
belə bir təcrübəsi xatırladılır;
o, hissiyyatlardan təmizlədilmiş
bir təcrübə qurğusunun içərisinə
girərək orada ekzosomatik (bədən dışı) bir təcrübə keçirmişdir.
Öz bədəninin çölə
çıxdığını və bədəninin öz yaxınlığında
yatdığını müşahidə
edən Feynman bu təcrübənin doğruluğunu
yoxlamaq üçün
qolunu hərəkət
etdirmiş, bu zaman önündəki bədəninin də qolunun hərəkət etdiyini görmüşdür.
Sonra bədəninin xaricində
qaldığını düşünüb
təkrar özünə
dönmüş, bədəninə
girmişdir. Feynmandan
bu qəribə təcrübəsini nə
ilə izah edə biləcəyini soruşanda cavab verib ki, pozulmuş
heç bir fizika qanunu görmədim...
Paralel dünyaların
varlığı kvant
fizikasının dahisi
tərəfindən elmi
və praktik yolla belə isbatlanıb...
Yenə də konfransa qayıdıram. Məruzələri dinlədikcə üç kitab barədə düşünürdüm - Xudu Məmmədovun "Qoşa qanad"ı, Azad Mirzəcanzadənin "Yaradıcılıq haqqında düşüncələr"i və Yılmaz Əsədoğlunun "Bir fizikçinin hatıraları ve düşünceleri". Hər üç kitabın epiqrafını xatırladım: "Qoşa qanad" Taqorun "Yanlışların üzünə qapı bağlananda, həqiqət bayırda qalır" aforizmi, "Yaradıcılıq haqqında düşüncələr" Rəsul Rzanın "Damla dənizdə yaxşıdır / Damlasız dəniz olmaz" misraları, "Bir fizikçinin hatıraları ve düşünceleri" isə Əli bəy Hüseynzadənin "Ucundadır dilimin həqiqətin böyüyü / Nə qoydular deyəyim, nə kəsdilər dilimi" ağrısı ilə başlayır. Elmi təfəkkürlə bədii fəhmin, lirika ilə fizikanın mistik kodlarını daşıyan belə mətnlərin meydana çıxmasına zamanın ehtiyacı var. Təbii ki, qızıl ortanı unutmamaq şərtilə.
18 iyul
2019
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2019.-20 iyul.- S.5.