Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına
Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
İyulun 19-da Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına
Yardım üzrə Mərkəzi Komissiyanın
növbəti geniştərkibli
iclası keçirilib.
AZƏRTAC xəbər
verir ki, Baş Nazirin müavini, komissiyanın sədri Əli Həsənovun yanında keçirilən iclasda yerlərdə əhalinin siyahıyaalınmasına yardım
komissiyalarının sədrləri
olan rayon, şəhər
və şəhər
rayonlarının icra
hakimiyyəti başçılarının
müavinləri, müvafiq
dövlət qurumlarının
rəhbərləri və
nümayəndələri iştirak
ediblər.
Baş Nazirin müavini Əli Həsənov bildirib ki, əhalinin siyahıyaalınması Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun aparılır. Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarı ilə yaradılan komissiyanın bugünkü geniş iclasının keçirilməsində əsas məqsəd siyahıyaalma prosesini ətraflı müzakirə etmək, hazırlıq işlərini nəzərdən keçirməkdir. Komissiya sədri əminliyini ifadə edib ki, ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə baş tutacaq. Bu proses əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir. Eyni zamanda, bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verir. Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür.
İclasda bildirilib ki, siyahıyaalma prosesinə
43 min insan cəlb olunacaq. Artıq siyahıyaalma materialları
hazırdır. Əhalinin sayına
uyğun sorğu vərəqələri çap
edilib. 28 bənddən ibarət sorğu vərəqələrində
46 sual üzrə 280-ə
yaxın göstərici
yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb
edir. Bu prosesin
əhaliyə geniş
şəkildə çatdırılması
üçün KİV-lərin
üzərinə böyük
vəzifə düşür.
Sonra komissiyanın sədr müavini - Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, komissiyanın üzvləri
– Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Fidumə Hüseynova,
Xarici İşlər
nazirinin müavini
Nadir Hüseynov və
Daxili İşlər
nazirinin müavini İsmət Əliyev hazırlıq prosesi ilə bağlı ətraflı məlumat veriblər.
İclasın sonunda müvafiq dövlət qurumlarına
aidiyyəti üzrə
tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycan
qanunvericiliyinə görə
hər 10 ildən bir baş tutan
əhalinin siyahıyaalınması
prosesi növbəti dəfə 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçiriləcək.
Azərbaycan.- 2019.- 20 iyul.- S.2.