Şəfası da var, səfası da...

 

Bu, Masallıdakı "İsti susanatoriyasıdır

 

Masallının "İsti susanatoriyası adla deyilir. Respublikamızda elə adam tapılmaz ki, adını eşitməmiş olsun. Bu möcüzəli şəfa qaynağı keçən əsrin 60-cı illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng tərəfindən kəşf edilib.

Sözügedən şəfalı müalicə ocağı Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının döşündə, gah kükrəyən, gah da lal axan Viləş çayının sahilindədir. Yerin çox dərin qatlarından 60 dərəcədə çıxan isti suyun tərkibi orqanizm üçün lazım olan hidrogen-sulfat, natrium-xlor, kalsium, maqnezium-hidrokarbonat maddələri ilə zəngindir. Bu suyun hər litrində 30 milliqram yod da var. Sovetlər zamanında Azərbaycana gələn bir qrup rus alimi Masallı rayonunda olarkən burada "isti su”yun tərkibindəki mineralların insan sağlamlığı üçün çox mühüm olduğunu təsdiq etmişdir. Ta qədimdən isə buranın ətraf ərazilərin əhalisi xüsusən yay aylarında - qovun yetişəndə "İsti su”ya gələrək primitiv şəkildə olan gölməçələrə girər, öz azar-bezarlarını çıxarardılar. Beləcə, bu suyun xeyri, şəfası haqqında xoş söz-söhbət dillərdə gəzmiş, eldən-elə yayılmışdır. Təsdiq olunmuşdur ki, bu suyun hikməti ilə bir çox xəstəlikləri: revmatizm onun fəsadlarını, dəri, böyrək sidik yolları, radikulit, prostat, hipertoniya, qaraciyər öd yolları, qadın kişi sonsuzluğu, mədə-bağırsaq, travmatik zədə s. sağaltmaq mümkündür.

Xüsusi əhəmiyyət kəsb etdiyindən 1971-ci ildə o, Ümumittifaq müalicəvi kurort-sanatoriyası statusu alıb. "İsti su” 1998-ci ildən adamı Hacı İldırım Allahyarov tərəfindən özəlləşdirilərək burada genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanmışdır. Müalicə vannaları ilə təchiz edilmiş 3 korpus, qapalı açıq tipli hovuzlar, həkim, masaj, fizioterapiya otaqları, kotteclər, uşaqlar üçün əyləncə qurğuları, müasir tipli yeməkxana s. tikilərək istifadəyə verilmişdir. İndi eyni zamanda 160 nəfərin müalicəsi istirahəti üçün sanatoriyada hər cür şərait mövcuddur. Görülən işlər, həyata keçirilən tədbirlər nəticəsiz qalmır. "İsti su”ya gələnlərin sayı ildən-ilə artır. Yay aylarında burada boş yer tapmaq mümkün deyil. Ayrı-ayrı sahə həmkarlar ittifaqlarının xətti ilə gələnlər çoxdur.

Ölkəmizdə turizmin inkişafı üçün yaradılan şərait bu müalicə ocağının fəaliyyətində özünü aydın göstərir. Bir neçə nəfərlə görüşüb təəssüratlarını bölüşməyi xahiş etdik. Rasim Hüseynov əslən Cəlilabadın Göytəpə şəhərindən olsa da, 1986-cı ildən Ukraynanın Odessa şəhərində yaşayır. Əsgərlikdən sonra orada qalıb, ali təhsil alıb, ailə qurub. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2000-ci ildə ailə həyatı qurub. İki övladı var. Oğlunun da adı Rasimdir - öz adını verib. Qızının adı isə Əminədir. R.Hüseynov deyir ki, hər il buraya - "İsti susanatoriyasına gəlib xeyrini görürük. Oynaq, bel ağrılarını burada qoyub gedirik. Sevinirik ki, doğma vətənimizdə belə şəfa ocaqları var. Bəzən biz olanların qədrini bilmirik. Ora-bura getməyə üstünlük veririk. Amma inamla deyə bilərəm ki, "İsti su”yun tayı-bərabəri yoxdur.

Söhbətə Rasimin həyat yoldaşı Svetlana Zelenyak da qoşulur: "Burada hər şey gözəldir. Bir tərəf yamyaşıl meşəli dağdır, aşağı hissədən isə çay axıb gedir. Dəmirağacı mən yalnız burada görmüşəm. Düzdür, Ukraynada da meşəliklər, müxtəlif ağaclar çoxdur. Ancaq bizdə dəmirağacı bitmir. Bu da təbiətin Azərbaycana bəxş etdiyi sərvətdir. İnsanların müalicəsi, istirahəti üçün burada hər cür şərait yaradılıb. Həkimlər, masajçılar, tibb bacıları pasiyentlərə yüksək səviyyədə xidmət göstərirlər. Yeməklərə söz ola bilməz. Mədəni-kütləvi tədbirlər öz yerində. Qonaqları vaxtaşırı gəzintilərə aparırlar. O gün Masallı-Yardımlı şose yolunun üstündə yerləşən şəlaləyə getmişdik. Başqa bir mənzərəni seyr etdik. Şəkil çəkdirdik. Bundan öncə Lənkərana səfər etmişdik. Ora da gözəldir”.

Sahibkar İ.Allahyarovla çay süfrəsi arxasında oturub işlərin necə getdiyi ilə maraqlanırıq. Turistlər bir-bir yanımızdan ötüb vanna korpuslarına yaxınlaşırlar. Hər biri salamlaşıb keçir. Sahibkar deyir ki, yeni, Ələt - Astara magistral şose yolu çəkiləndən sonra turistlərin sayı xeyli artıb. Əvvəllər cənub bölgəsinə gedib-gəlmək indikindən çətin idi. Ulu Öndər Heydər Əliyevin "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdirməşhur kəlamını da sitat gətirir. Söhbət əsnasında öyrənirik ki, buraya hər il Rusiya, Ukrayna, İran, Gürcüstan, Yaponiya, Çin Avropa ölkələrindən turistlər gəlir. Onların qidalanması əsasən sanatoriyanın yardımçı təsərrüfatında yetişdirilən məhsullar hesabına təmin edilir. Burada mal-qara, toyuq-cücə fermaları, balıqyetişdirmə dambası, arıçılıq təsərrüfatı s. fəaliyyət göstərir.

Bizdən bir az kənarda stol arxasında oturub çay içə-içə şirin söhbət edən adamlar diqqətimizi cəlb edir. İ.Allahyarovdan ayrılıb onlara yaxınlaşırıq. Haradan gəldiklərini, burada onlara necə xidmət göstərildiyini soruşuruq. Gülərüz qadın deyir: "29 il bundan əvvəl burada olmuşdum. Çox dəyişib. Bakının Xəzər rayonunun Zirə qəsəbəsi sakinləriyik. Bu mənim həyat yoldaşım Gülağa Əliyevdir. 42 il Pirallahıdakı NQÇİ- işləyib. O biri yeniyetmə nəvəmizdir. Adı Kənandır. Orta məktəbin yuxarı sinfində təhsil alır. Mən, Gülzar Əliyeva, uzun illər rabitə sahəsində çalışmışam. Yoldaşım da, mən hazırda pensiyaçıyıq. Burada bizə yaxşı baxırlar. Çox sağ olsunlar. Həkim Mirməmməd Ağayevə isə xüsusi təşəkkürümüzü bildirmək istəyirəm. Evə qayıdandan sonra buranın xeyri adamlar üçün yaradılan şərait barədə dostlara, qohum-qonşulara ətraflı danışacağam. Məsləhət görəcəyəm ki, gəlib Masallı "İsti su”yunda müalicə alsınlar, dincəlsinlər”.

Müsahiblərimdən ayrılıb İ.Allahyarovun yanına qayıdıram. Onunla birlikdə Viləş çayının sahilinə enirik. Burada isə tamam başqa mənzərə var. Yuxarı hissədəki sakitlikdən əsər-əlamət yoxdur. Uşaqlar açıq havadakı hovuzda çimir, karuseldə fırlanır, valideynlərinin nəzarəti altında at belində gəzirlər. Bir sözlə, həyat burada elə "İsti su”yun özü kimi qaynayır.

İ.Allahyarov dövlət başçısı İlham Əliyevin sahibkarlar üçün yaratdığı şəraitdən danışır, bu məsələnin Masallı Rayon İcra Hakimiyyəti rəhbərliyinin daim diqqət mərkəzində olduğunu, lazım gəldikdə əməli kömək göstərildiyini vurğulayır.

İnsanlara sağlamlıq bəxş edən "İsti susanatoriyasından beləcə xoş təəssüratla ayrılırıq.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.- 20 iyul.- S.4.