Avropa idmanının nəbzi Bakıda döyünür

 

XV Avropa Gənclər Yay Olimpiya Festivalını

 

Sabah Bakıda başlanacaq Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramıdır. Bu, Azərbaycanın inkişafına, sabitliyə, dünya idmanı və Olimpiya hərəkatının liderlərindən biri olmasına verilən növbəti qiymətdir.

Ümumiyyətlə, bu gün öz inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Lakin buna heç də asanlıqla nail olunmayıb. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır.

Azərbaycanda idmana olan dövlət qayğısı, bunun nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, paytaxtla yanaşı, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır.

Bütün bu reallıqlar və XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya Komitəsinin turnirin Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir.

Bu gün Azərbaycan növbəti dəfə Avropanın diqqət mərkəzindədir. Paytaxtımız XV Avropa Gənclər Yay Olimpiya Festivalını keçirməklə növbəti dəfə sübut edəcək ki, beynəlxalq yarışların ən uğurlu məkanıdır.

İlk dəfə 1990-cı ildə, Jak Roq tərəfindən irəli sürülən, iki ildən bir (tək illərdə) qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur. Bununla da Asiya Gənclər Oyunları və ya Panamerika Gənclər Oyunlarında sınanmış ənənələrin davam etdirilməsi imkanları yaradılır.

Azərbaycan həmişə olduğu kimi, bu tədbirə də xüsusi maraqla hazırlaşıb. "Bakı-2019”a hazırlıq işlərinin gedişi ilə bağlı Təşkilat Komitəsi fəal aparıb. Komitə tərəfindən təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. Festivala hazırlıqla bağlı bütün işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması daim diqqət mərkəzində saxlanılıb. Yarışların Əlaqələndirmə Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında xüsusi önəm daşıyıb.

Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarında yoxlama işləri aparıb. Artıq hazırlıq işləri başa çatdırılıb. Atletlər Kəndi də tam hazır vəziyyətdədir. 12 yarış məkanı iyulun 21-27-də qapılarını bütün idmansevənlər üçün açacaq.

Festivalda idman yarışlarını izləmək üçün biletlər pulsuzdur. Hər bir şəxs şəxsiyyət vəsiqəsi ilə dörd bilet əldə edə bilər. Bu imtiyaz şagirdlərə də şamil olunur. İdman müəllimləri isə Festivalın Əməliyyat Komitəsinə müraciət edərək daha çox bilet ala bilərlər.

"Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu olduqca maraqlıdır. "Leo Burnettbrend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamikçevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına evsahibliyi edən ölkənin və şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, sabah baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini və milyonlarla insanı bir araya gətirən idman tədbirində "Bax və hiss et!” şüarını nümayiş etdirməkdir.

Bakının irs və mədəniyyətini - od və Qədim Azərbaycan naxışı olan butanı, birlikdostluq konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq nümunələrini - Alov Qüllələri və Heydər Əliyev Mərkəzini də təsvir edir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir. Bu loqo Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, Avropa Olimpiya Hərəkatının əsl ruhunubütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idman mübarizəsini əks etdirir.

Avropa Olimpiya Komitəsinin qərarı ilə ölkəmizdə keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı Azərbaycanın, bütövlükdə qitənin idman həyatında əlamətdar bir hadisə olacaqdır. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha təsdiq edir ki, ölkəmiz dostluqidman yarışı olan bu beynəlxalq tədbirin keçirilməsinə, Avropanı qəbul etməyə tam hazırdır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.-20 iyul.- S.1; 5.