Oxucunun və izləyicinin
"Sensasiya xəstəliyi"
Bir də
özümüzə qoyduğumuz ad
Belə bir mənzərəni göz önünə gətirək:
Gözəl bir tamaşa gedir, salon da
ağzınacan doludur...
Yaxud hamının sevdiyi müğənninin
konsertinin şirin yeridir...
Və ya tanınmış şairlər
bir-birinin ardınca gözəl şeirlər oxuyurlar...
Bu dəmdə arxa cərgədən
hündür səs eşidilir:
- Ayə, qoyma, vur!
Salonun reaksiyası necə
olacaq?
Şübhəsiz, hamı
çönüb arxaya baxacaq, kimin kimi vurduğunu öyrənmək
istəyəcək, diqqətlər səhnədən -
gözəl tamaşadan, əsrarəngiz musiqi nömrəsindən,
qəlbləri oxşayan poeziya nümunələrindən
yayınacaq!
Yenidən nəzər və diqqətin
səhnəyə yönəlməsi isə müəyyən
vaxt aparacaq!
Buna insanların təbii
reaksiyası demək olarmı?
Amma baxır hansı insanların!
İndi isə əksini
düşünək:
İki, yaxud bir neçə adam qabaq-qənşər vuruşaraq bir-birini
söyür, yerə yıxıb yumruqlayır,
ayağından tutub sürüyür...
Onları ayırmaq üçün
kimsə mahnı oxuyur, gözəl şeir söyləyir və
ya aşıq saz çala-çala aralarına girir...
Reaksiya nə olacaq?
Dalaşanlardan, yaxud buna ləzzətlə
baxanlardan kimsə gözəl musiqiyə, şeirə,
aşığın çalıb-oxumasına baxacaqmı,
dalaşanlar və söyüşənlər "işlərini”
yarımçıq saxlayacaqlarmı?
Bu da təbii haldır.
Amma hamımız belə edirik:
"pisləri” yaxşılardan ani də olsa üstün
tuturuq!
Niyə?!
İnsan dünyaya adsız gəlir!
Sonradan valideynləri ona ad qoyurlar: bəzən
asanlıqla, hərdən mübahisə edərək...
Dədə Qorqudun
dövründə isə anadan doğulan oğlanlar
böyüyüb bir igidlik edənəcən adsız
qalırdılar.
Elə ki bir sücaət
göstərərdilər, Dədə Qorqud qopuzunu
çalaraq onun əməlinə uyğun ad seçib
qoyardı.
İndi isə adı nə
valideyn qoyur, nə də Dədə Qorqud.
Söhbət "jurnalist”
adından gedir!
Kiməsə "mühəndis” demək
üçün o insan ali məktəb
bitirib Dövlət İmtahan Komissiyasının qərarı
əsasında diplom almalıdır.
Həkim, iqtisadçı, baytar,
aqronom və s. olmaq üçün də müvafiq təhsil
alıb diploma yiyələnməlisən!
(Bircə "müəllim”
istisnadır.
Çünki bəzən diplomu, hətta ali
təhsili olmayanlara da hörmət mənasında "müəllim”
deyirik).
Yeganə istisna "jurnalist”
adınadır!
İndi hərə özünə
jurnalist adı verir: təhsilsiz, diplomsuz və qərarsız!
Hansısa bir qəzet redaksiyasında,
saytda özü kimisinin biri onu işə götürüb
"müxbir”, "şöbə müdiri”, "redaktor” və
s. vəzifəyə təyin edərək vəsiqə verirsə,
həmin şəxs çönüb olur "jurnalist”!
Üstəlik, başqaları da ona
jurnalist deyirlər!
Nəinki deyirlər, hətta jurnalistə
aid bütün imtiyazlardan (o cümlədən
"toxunulmazlıq”) istifadəyə başlayırlar!
Bəzi beynəlxalq qurum və
təşkilatlar jurnalistə "toxunulmasını” azad
sözə qəsd kimi qiymətləndirirlər.
Hətta cinayət törətmiş
"jurnalistə” cəza veriləndə "hüquq
müdafiəçiləri” bunu onun "tənqidi
yazılarına görə” iqtidar tərəfindən
"qurulan tələ” və ya "haqq-hesab
çürütmə” kimi qələmə verərək
müdafiə edirlər!
Odur ki, "5-ci kolon”un üzvləri əvvəlcə
bu sayaq özlərinə "jurnalist” adı verəndən
sonra "fəaliyyətə” başlayırlar!
"Jurnalist” adı
almağın asanlığı, onun cəzadan yaxa
qurtarmasının və müdafiəsinin (beynəlxalq təşkilatlar
tərəfindən) təmini anti-Azərbaycançı
şəbəkə üzvlərinin sayının
artmasında bir stimula çevrilib!
Bəli, hər kəsin özünə
"jurnalist” adı verməsinə və bununla
"sığortalanmasına” göz yumuldu, indi isə
altını da çəkməkdəyik!
Bu gün bir paraları sosial şəbəkəyə
israrla "sosial media”, "ictimai jurnalistika”, "yeni
dövrün mətbuatı” adını
yapışdırmağa çalışır!
Heç bir qanunla nizamlanmayan sosial
şəbəkəyə!
Jurnalistlərin peşə
davranışı qaydalarını tanımayan sosial şəbəkəyə!
Milli-mənəvi dəyərlərlə
hesablaşmayan sosial şəbəkəyə!
Sözün məsuliyyətindən
xəbərsiz sosial şəbəkəyə!
İnsanın şərəf və
ləyaqətinə qiymət verməyən sosial şəbəkəyə!
Necə bilirsiniz, indi sosial
şəbəkəyə də "jurnalistika”, "mətbuat”
statusu verək, sonra əlində əsir-yesir qalaq?!
***
Sovet dövründə fabrik
və zavodlarda "təhlükəsizlik texnikası üzrə
mühəndis” adlı bir ştat vardı. Qadın, kişi
- kim olsaydı, həmin vəzifəyə təyin edərdilər.
Nə iş gördüyü bəlli
deyildi!
Guya müəssisə əməkdaşlarının
və gələn qonaqların sexlərdə "istehsalat
travması” almasına mane olacaqdı...
Gördüyü iş isə
"şunu götür, şunu qoy” idi!
İndi ucdantutma hər idarə,
müəssisə, təşkilat, nazirlik, komitə, nə
bilim, daha haralardasa yaradılan "mətbuat xidmətləri”
də həmin funksiyanı daşıyır.
Hətta ildə-ayda bir dəfə mətbuata
çıxmayan qurumlarda da bu ştatlar var!
Hətta xidmətin rəhbəri və
bir neçə sayda işçilər də olur!
Yüksək maaş
alırlar... (Deməli, yüksək pensiyaları da olacaq)
Bəzən "dövlət
qulluqçusu” sayılırlar... (İmtiyaz sahibi olurlar)
Nadir hallarda jurnalist
ixtisasına yiyələnmiş olurlar (Özləri və
başqaları onları "jurnalist” adlandırırlar).
Əsas vəzifələri isə
çalışdıqları qurum haqqında KİV-də tənqidi
yazıların getməsinin qarşısını almaqdan ibarətdir!
Bir çoxu ilə telefon əlaqəsi
yaratmaq, gərək olan informasiyanı operativ şəkildə
əldə etmək müşkül, bəlkə də
mümkün olmayan məsələdir!
Rəhbərliyin göstərişi
və icazəsi olmadan kimsəyə bircə fakt belə deyə
bilməzlər!
Daha bunun harası "mətbuata
xidmət” oldu?!
Daha bunun harası mətbuat
və söz azadlığına xidmət oldu?!
Daha bunun harası KİV-lə
"operativ, açıq və səmimi” əlaqə
qurulması oldu?!
Hələ bu harasıdır...
Hər nazirlik və komitənin
özünün mətbu orqanları - qəzet və
jurnalları var!
Özləri özlərini (xüsusən
rəhbərliyin "səmərəli” fəaliyyətini) tərifləyib,
özləri də oxuyurlar!
Öz elan və reklamlarını
(qapalı, gizli və heç kəsin xəbəri olmadan)
özləri verib, özləri də qazanırlar!
Ona görə də
"böyük mətbuata” çıxmaqda həvəsli
deyillər!
Ona görə də gizli tenderlər
keçirə bilirlər!
Ona görə də ölkədə
qəzetlər üçün səmərəli "reklam
bazarı” formalaşdırmaq olmur!
Ona görə də reklamsız qalan
qəzetlərin vəziyyəti get-gedə pisləşir,
maddi durumları ağırlaşır, bu səbəbdən
həqiqi jurnalistlərin yaşayışı çətinləşir!
Daha jurnalistika "prestij”
peşə sayılmır!
Daha savadlı,
dünyagörüşlü və istedadlı insanlar
jurnalistikaya gəlmirlər!
Odur ki, jurnalistikada peşəkarlıq
səviyyəsi sürətlə aşağı
düşür!
Odur ki, jurnalistikadan "qəzet
reketləri”nin, dələduzların kökünü kəsmək
mümkün olmur!
Onlardır at oynadan!
Onlardır müxtəlif vasitələrlə
pul qazanan!
Nə dövləti maraq və milli mənafe
tanıyırlar, nə də vətənpərvərlik
duyğusuna və mənəviyyata malikdirlər!
Belələrinin yazdığı
şər və böhtan, söyüş və təhqir,
amalları isə qulaq kəsməkdir!
Dolanışığın çətin
olduğu sahəyə daha abırlı və
ağıllı adamlar gəlmirlər!
***
"Söz azadlığı”nın
"söz azğınlığı”na çevrilməsi,
"reket” qəzet və saytların sərbəst fəaliyyət
göstərməsi, "5-ci kolon” üzvlərindən
"söyüş müxalifəti”nin yaranması, sosial
şəbəkədə söz meydanına girənlərin
milli dəyərlərə və mənəviyyata laqeyd
yanaşması artıq yeni tip "izləyici və oxucu” təbəqəsinin
yaranmasına səbəb olmuşdur!
Təəssüf ki, oxucu və
izləyicilərin bir qismi ucuz "sensasiya xəstəliyi”nə
yoluxmuşdur!
Belələri ağıllı
yazı, doğru informasiya, maarifləndirici material
axtarmırlar!
Yalançı sensasiya, kiminsə
kimsənisə söyməsi, mənəvi dəyərlərə
sığmayan hadisə, yanaşma və ifadələrin
üstünlük təşkil etdiyi materiallar onların
zövqünə daha çox uyğundur!
Bir vaxtlar mətbuatın
"aşına doğradığı” indi
"qaşığına” çıxır...
Artıq media bu tip oxucu və izləyicilərin
korlanmış zövqünə köklənməyə məcburdur!
Milli mətbuatımızın ənənə
və prinsiplərindən kənara sapan jurnalist, qəzet və
saytların (sosial şəbəkədə isə ümumiyyətlə
heç bir ənənə olmayıb, indi formalaşır -
ancaq necə?) sayı durmadan artmaqdadır!
Daha mətbuatın tərbiyəvi
rolu və əhəmiyyəti yoxdur!
Daha mətbuatda mənəviyyatsızlığa,
milli maraqların pozulması hallarına oxucuların ictimai
müqaviməti görünmür!
Amma Azərbaycan milli mətbuatını
yaradanlar, onun ənənə və prinsiplərini formalaşdıranlar
hər şeyi milli maraqların qorunmasına, insanlarda
müasir dünyagörüşü və vətənpərvərlik
hisslərinin formalaşdırılmasına, maarifləndirməyə,
bilik və mədəni səviyyənin yüksəldilməsinə
hesablamışdılar...
Kökünə bağlı mətbu
orqanların sayı get-gedə azalır...
Naşıların, məkrli niyyətlilərin,
qərəzlilərin üstünlük təşkil etdiyi
KİV isə çoxalır...
Bunu həm də sürətli və
qaçılmaz edən belələrinə müxtəlif mənbələrdən
verilən maliyyə dəstəkləridir!
***
Azərbaycan milli mətbuatı 144
ildir yol gəlir...
Bu yolda başı çox bəlalar
çəkib: pulsuzluqdan açılıb
bağlandığı da, ikiqat senzuraya ("QLAVLİT” və
partiya nəzarəti) məruz qaldığı da, yad
ideologiyaya xidmət etdiyi də, xalqın təkcə sevincli
yox, kədərli və faciəli anlarından
yazdığı da çox olub!
Amma həqiqəti olduğu kimi
söyləməyə çalışıb!
Xalqın halına yanıb, dərdini
çəkib!
Yaxşını da, yamanı
da tarixə çevirməyi bacarıb!
Ədəbli və tərbiyəli
davranıb!
Niyyəti xeyirxahlıq, məramı
xoş, məqsədi nəcib olub!
Zaman-zaman buraxdığı səhvləri
də düzəltməyi bacarıb!
Şair demiş:
Babalarımız qaçaq oldu, mərd
oldu!
qoçaq oldu, mərd oldu!
kasıb oldu, mərd oldu!
Bu namərdlər hardan
çıxdı,
Bax, bu mənə dərd oldu!
Yaxşı, qəzetləri də
yavaş-yavaş sıradan çıxaraq!
Sonra da arxivlərin küncünə
basaq ki, yavaş-yavaş saralsınlar!
Daha sonra onların yerini verək
elektron mediaya və sosial şəbəkəyə!
Kim nə itirəcək!
Qəzetçilər
çönüb olacaqlar "saytçı”!
Jurnalistikanın informasiya və
müsahibə janrından başqa qalan janrları gedəcək
öz işinin dalınca!
Jurnalist peşəkarlığı
isə heç kəsə gərək olmayacaq!
AMMA VACİB
BİR MƏQAMI UNUTMAYAQ:
Qəzet təkcə informasiya və
maarifçilik üçün deyil!
Qəzet həm də dövlətin
siyasi xəttini və milli maraqları daim qoruyan, saxlayan
sütundur!
Qəzet mətbuatın ənənələrinə,
prinsip və janrlarına sadiq qalan vasitədir!
Qəzet söyüşdən və
təhqirdən uzaq duran mənəvi dəyərdir!
Onun boşalan yerini nə
tutacaq, sosial şəbəkə?!
Güman etmirik ki, sosial şəbəkənin
meydanını genişləndirmək müsbət nəticə
verər!
Dövlətlərin
informasiya təhlükəsizliyinə təhdidlər törədən,
nə qanunlara, nə mənəvi normalara, nə də
heç bir davranış qaydalarına məhəl qoymayan,
insanın şərəf və ləyaqətini daim ucuz tutan,
mənəvi dəyərlərə arxa çevirən "sərhədsiz
və məsləksiz söz meydanı” artıq bir çox
ölkələrin ciddi narahatlığına və
narazılığına səbəb olub.
Əlbəttə, onun belə ərköyün,
idarəolunmaz, sərbəst şəkildə şər,
böhtan, yalan söyləmə, insanları kütləvi itaətsizliyə,
dövlətin maraqlarını tapdalamağa
çağırmaq imkanında olması kimlərəsə sərf
edir və belə qalmasında maraqlıdılar!
Lakin hər dövlətin milli
maraqlarının mövcudluğunu da unuda bilmərik!
Məhz bunu rəhbər
tutan bir çox ölkələr artıq sosial şəbəkələrə
"filtr” (süzgənc) qoymağa başlayıblar!
Bəs biz niyə belə etməyək:
Öz vətəndaşının mənafe
və ləyaqətini qorumaq üçün!
İzləyici və
oxucuları "sensasiya xəstəliyi”ndən sağaltmaq
üçün!
Anti-Azərbaycançı şəbəkənin
mənfur niyyətlərinin qarşısına sədd çəkmək
üçün!
Ən nəhayət, azad, qərəzsiz,
obyektiv və ədəbli sözü müdafiə edərək
hüquqlarını qorumaq üçün!
Bəlkə bu barədə düşünək?!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2019.- 21 iyul.- S.1; 4.