Rəsmi dövlət qəzeti nümunəsi: ənənə
və müasirlik
Yüz il sonra
sorsan: "Bəs o, hardadır?”
Hər beyti səslənər:
"Burda, burdadır!”
Nizami GƏNCƏVİ
XI yüzilliyin böyük
Türk dilçi alimi, folklorşünası
Kaşğarlı Mahmudun (1008-1105) "Divanu
lüğat-it-Türk” əsərindəki Yaxın və Orta
Şərqin Türk arealını əks etdirən məşhur
xəritəsində Türk etnosunun geniş
yayıldığı ölkələrdən biri kimi Azərbaycanın
("Ərzi-Azərbadkan”) adı da qeyd olunmuş və sərhədləri
göstərilmişdir.
Bu böyük alimin dünyaya gəlişindən
düz 910 il sonra həmin ərazidə
eyni adlı bir qəzet dünyaya göz açdı: "Azərbaycan”.
Bu hadisə 15 sentyabr 1918-ci ildə, Azərbaycanın qədim
mədəniyyət mərkəzlərindən biri olan,
dünya poeziyasına və ədəbi-fəlsəfi fikrinə
Nizami Gəncəvi (1141-1209) kimi bir düha bəxş
etmiş, xalqımızın çoxəsrlik azadlıq
mübarizəsinin verdiyi ən böyük nemətin -
demokratik respublikanın ilk paytaxtı Gəncə şəhərində
baş vermişdi.
İlk
"doğuluşunda” cəmi iyirmi aya yaxın bir ömür
sürdü; kobud bolşevik çəkmələrinin
ağırlığı, sinəsinə qələm əvəzinə
tuşlanmış bolşevik süngülərinin qanlı
qorxusu altında səhifə gözlərini qapasa da, ölmədi,
70 illik bir "qış” yuxusuna getdi. Azərbaycanın dahi vətənpərvər
şairi Mirzə Ələkbər Sabirin başqa bir mətbu
orqanımızın qapanması münasibətilə ürək
ağrısı ilə dediyi kimi: "Bir badi-xəzan əsdi,
gülüstan da qapandı...”
Yox, "Azərbaycan” qəzeti
qapanmadı, sadəcə ünvanını dəyişdi -
müvəqqəti olaraq vətənsevər
ziyalılarımızın azadlıq eşqi, müstəqillik
yanğısı ilə döyünən ürəklərinə
köçdü - bir gün yenidən "əbədi və
dönməz” (Ümummilli Lider Heydər Əliyev) olaraq Azərbaycan
övladlarının qucağına qayıtmaq,
barmaqlarının mehriban təmasını duymaq
üçün.
"Azərbaycan” qəzetinin
nəşrinə qədər Azərbaycan mətbuatının
onilliklərlə ölçülən zəngin ənənələri
vardı və bu ənənələrin davam və inkişaf
etdirilməsi Şərqdə ilk demokratik respublikanın rəsmi
orqanının "çiyinləri” üzərinə
düşürdü. Bu qəzetə qədər Avropa tipli
müasir Azərbaycan mətbuatı yarım əsrə
yaxın şərəfli bir yol keçmişdi və bu 50
ildə dünya mətbuat tarixi xəzinəsinə kifayət
qədər layiqli töhfələr vermişdi.
"Əkinçi”
(1875-1877) ilə mətbuat tarixinə qədəm qoymuş Azərbaycan
mediası 1906-cı ildə "Molla Nəsrəddin”lə
özünün ilk zirvə nöqtəsini fəth etdi. Əlbəttə, bu
sırada Azərbaycan sosial-ədəbi-fəlsəfi fikrinin
qoşa qanadları kimi yanaşı çırpınan
"Həyat” və "Füyuzat” nəşrlərinin də
tarixi xidmətlərini unutmayaq gərək. Bu məsələni
dərin elmilik prizmasından qiymətləndirən akademik
İsa Həbibbəyli yazmışdır: "Cəlil Məmmədquluzadənin
"Molla Nəsrəddin” jurnalı Azərbaycan demokratik mətbuatının
bayraqdarı, mollanəsərddinçilər isə azərbaycançılıq
və müstəqil dövlətçilik idealı
uğrunda dönmədən mübarizə aparan mətbuat
ordusu idilər. Əli bəy Hüseynzadənin
"Füyuzat” jurnalı mətbuatda romantik cəbhəni
formalaşdıran məktəb vəzifəsini yerinə
yetirmişdir”.
"Azərbaycan” qəzetinin
meydana çıxmasına qədər keçilmiş bu
qısa zaman kəsiyi ərzində mətbuatımız
özünün simasını tapdı, öz təkraredilməz
üslubunu müəyyənləşdirdi, mütərəqqi
humanist səsini dünya mətbuatının səsinə
unison köklədi.
"Azərbaycan Cümhuriyyəti
hökumətinin xəbərləri” kimi nəzərdə
tutulmuş və bu funksiyanı daşıyan "Azərbaycan”
qəzeti üzərinə qoyulan bu məsul vəzifəni
şərəflə yerinə yetirməklə bərabər,
həm də müstəqil dövlətin və xalqın həyatının
bir çox sahələrinə işıq salırdı.
Xalq Cümhuriyyəti
dövründə qəzetin cəmi 881 sayı (Azərbaycan
dilində 443, rus dilində 438 say) işıq üzü
görmüşdü. "Qış yuxusundan” sonrakı oyanışında
1000-ci sayının çapdan çıxması münasibətilə
qəzetin kollektivini təbrik eləyən Ümummilli Lider
Heydər Əliyev yazırdı: "Əsası 1918-ci ildə
qoyulmuş "Azərbaycan” qəzeti müstəqil dövlətçilik
tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr
olunmuş "Azərbaycan” xalqımızın istiqlal
mübarizəsində mühüm xidmətlər göstərmişdir.
Məlum tarixi səbəblər üzündən
AXC (Azərbaycan Xalq Cümhuriyyəti - T.K.) kimi, "Azərbaycan”
qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində
itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa
etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə
başladı və müstəqil Azərbaycan
Respublikasının rəsmi dövlət qəzeti kimi həyatda
layiqli yerini tutdu”.
XX əsrin əvvəllərində
Azərbaycanın ən böyük ziyalılarından biri
kimi şöhrət tapmış, "Azərbaycan” qəzetinin
nəşrə başlamasından cəmi iki ay öncə Gəncədə
erməni quldurları tərəfindən qətlə
yetirilmiş Abbas Səhhətin (1874-1918) məşhur bir
sözü var, deyir ki: "Sabir İran inqilabına bir ordu qədər
xidmət göstərmişdir”. Eynilə
"Azərbaycan” qəzeti də nəşrə
başladığı dövrdən səpdiyi azadlıq
toxumları, Azərbaycan xalqının istiqlal mücadiləsində
oynadığı müstəsna rol ilə bir ordu qədər
xidmət göstərmişdir. Məhz
buna görə "Azərbaycan” qəzeti ən müxtəlif
rakurslardan işıqlandırılaraq xalqın və dövlətin
sosial-siyasi, mədəni-mənəvi, ədəbi-tarixi həyatına,
həlli vacib problemlərinə obyektiv güzgü tutan bir
tribuna kimi araşdırılmağa və qiymətləndirilməyə
layiqdir.
Obyektivliyə maksimum dərəcədə
nail olmaq, həyat həqiqətinə sədaqət,
sosial-siyasi problemlərin labirinti içərisində ən
optimal yolu seçə bilmək, ağrılı problemlərin
həlli yollarını sağlam məntiqin qanunları ilə
müəyyənləşdirmək - hər bir mətbuat
orqanının qarşısında duran şərəfli
vəzifələr sırasındadır. Bütün bu və
başqa bu kimi vəzifələrin öhdəsindən
alın açıqlığı və üz
ağlığı ilə gəlməyə nail olmuş
"Azərbaycan” qəzetinin Vətən və Millət
qarşısındakı xidmətlərini yüksək qiymətləndirən
Prezident İlham Əliyev xüsusi halda demişdir: "Azərbaycan”
qəzeti peşəkarlıq, obyektivlik və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl etmiş,
ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş
cəmiyyətinin formalaşması, milli həmrəyliyin
möhkəmlənməsi və digər sahələrdə həyata
keçirilən dövlət siyasəti barədə həqiqətlərin
Azərbaycan ictimaiyyətinə çatdırılması
istiqamətində məqsədyönlü fəaliyyət
göstərmişdir”.
Dahi Nizami sanki 800 il
bundan öncə "sarı medianı” nəzərdə
tutaraq yazmışdı:
Doğrunu yazmağa var ikən imkan,
Neyçün gəlməlidir
ortaya yalan?
Qiymətdən salmışdır
sözü yalanlar,
Doğrunu söyləmək daha
xoş olar!
Bu gün bütün dünyada
sensasiya dalınca qaçaraq işi-gücü yalan-palan
quraşdırmaqdan ibarət olan minlərlə bulvar qəzetlərinin,
internet saytlarının içində "Azərbaycan” qəzeti
kimi mətbu orqanlar yalan və böhtan "dəryası”
içində ucalan qocaman dağlar kimi vüqarla
dayanmaqdadırlar. Böyük vətənpərvər
şairimiz Mirzə Ələkbər Sabirin obrazlı şəkildə
dediyi kimi:
Seyli-tən öylə təməvvüclə
alıb dövrü bərim,
Bənzərəm bir qocaman dağa
ki, dəryada durar...
Mətbuat aləminə
göz açdığı gündən üzərinə
böyük bir missiya götürən "Azərbaycan” qəzeti
hər şeydən öncə bu missiyanı adında ifadə
etmişdir.
"Azərbaycan” sözü ölkədə və
bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlılar
üçün böyük dünyanın kiçik modeli,
kiçik bir dünyadır və bu dünyanın
bütün yönlərinə ayna tutub, olduğu kimi
böyük dünyaya və hər şeydən öncə
isə xalqın özünə təqdim etmək, onun maddi-mədəni
dəyərlərini lazımi səviyyədə təbliğ
etmək və sevdirmək media mənsubundan Azərbaycan boyda
bir ürək və bu ürəkdə Azərbaycan boyda bir
sevgi tələb edir. Əcəba, hali-həyatda
olduğu 30 ildən artıq bir dövr ərzində "Azərbaycan”
qəzetini araya-ərsəyə gətirənlərdə Azərbaycan
boyda bir ürək, bu ürəkdə Azərbaycan boyda bir
sevgi, bir vurğunluq, bir heyranlıq var idimi? Bu sualın cavabı üçün bir qədər
tarixə baş vuraq.
Qəzetin ilk redaktorları,
ilk yazarları, ilk müəllifləri kimlər idi?
Heç şübhəsiz
ki, Azərbaycanın o keşməkeşli dövrdəki
say-seçmə övladları, millətin önündə
gedən ziyalılar, düşüncə ağaları və
qələm sahibləri, ərdəmli kişilər və
qeyrətli vətəndaşlar. Onların təkcə
adlarını sadalamaq əslində bizə hər şeyi
deyir: Azərbaycanın, Azərbaycan xalqının xoşbəxt
gələcəyi uğrunda qələmə
sarılanların başında Ceyhun bəy Hacıbəyli
durdu.
Ondan sonra görəlim kimlər
gəldi?
Azərbaycan peşəkar
musiqisinin beşiyi başında duran, xalqımızın
şan-şöhrətli oğullarından Üzeyir bəy
Hacıbəyli gəldi. "Çal qələmin, ağam Ceyhun,
yetdim!” - dedi.
Onun ardınca görəlim
kimlər gəldi?
Qəzetin rus
variantının ilk redaktoru Səfi bəy Rüstəmbəyli
gəldi. "Çal qələmin, bəyim Üzeyir, yetdim!”
- dedi.
Onun ardınca görəlim
kimlər gəldi?
Ədib, tərcüməçi,
terminoloq Xəlil İbrahim gəldi. "Çal qələmin,
bəy Üzeyir, yetdim!” - dedi.
Onun ardınca görəlim
kimlər gəldi?
Qəzetin yazarları da redaktorlardan az şöhrətli deyildilər. Kimlər idi "Azərbaycan” qəzetinin müəllifləri?
Məhəmməd Əmin Rəsulzadə,
Mirzəbala Məmmədzadə, Əhməd Cavad, Firidun bəy
Köçərli, Ömər Faiq Nemanzadə, Cəfər
Cabbarlı, Məhəmməd Hadi, Seyid Hüseyn, Ümmügülsüm
Sadıqzadə, Şəfiqə Əfəndizadə,
Əlabbas Müznib, Məmməd Sadıq Axundzadə, Əli
Yusif, Əli Şövqi, Yusif Vəzir Çəmənzəminli,
Fərhad Ağazadə, Abdulla Şaiq, Abbas Səhhət, Adil
xan Ziyadxanov, Məhəmməd ağa Şahtaxtılı,
Hacı İbrahim Qasımov, Nağı bəy Şeyxzamanlı,
Nəsib bəy Yusifbəyli, Hüseyn Bayqara, Əmin Abid,
Behbud ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski...
Bir mətbu orqanı öz
oduna-alovuna, işığına nə qədər millət,
Vətən pərvanəsi yığa bilərmiş!
Onların ardınca görəlim kimlər gəldi...
Nə yazıq ki, daha gələn
olmadı. Burada "Azərbaycan” qəzetinin şanlı-şərəfli
tarixinin birinci mərhələsi bitir. Qəzetin
bugünkü baş redaktoru, sələflərinin layiqli xələfi
və onların işini yüksək səviyyədə davam
etdirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov
yazır: "...Şahidlər söyləyirlər ki,
parlamentin (Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti - T.K.)
son iclasında Məhəmməd Əmin Rəsulzadə dərin
bir kədər və hüznlə istilanın (bolşevik
istilası - T.K.) Azərbaycana yetişdiyini
söyləyərkən arxadan hönkürtü ilə
ağlamaq səsi eşidilir və hamı kədərlə
geriyə dönür. Ağlayan "Azərbaycan”
qəzetinin baş redaktoru Səfi bəy Rüstəmbəyli
idi”.
Kim bilir, bəlkə 650 illik yubileyini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə qeyd etməyə hazırlaşdığımız və
axarı ilin onun şərəfinə
adlandırıldığı dahi Azərbaycan şairi Seyid
İmadəddin Nəsimi də günahsız yerə qətl
olunmuş ustadı Fəzlullah Nəimidən ayrılarkən
beləcə ağlaya-ağlaya demişdi:
Ey müsəlmanlar, bu gün ol yar
pünhan ayrılır,
Ağlamayım, neyləyim,
çün gövdədən can ayrılır!
Aylar keçdi, aylar illərə
döndü.
İllər keçdi, illər onillərə
döndü. Beləcə, qos-qoca, amansız yeddi on il yeddibaşlı əjdaha kimi Azərbaycan
adlı gözəl məmləkəti öz zalım
halqalarında, qıvrımlarında sıxdı,
sıxdı... ancaq boğa bilmədi.
Ulu Öndər azad, müstəqil,
yeni, güclü bir Azərbaycan qurdu. "Azərbaycan” qəzeti
də dərindən nəfəs aldı, əbədi və
dönməz həyatına başladı. Akademik İsa
Həbibbəylinin çox sərrast olaraq göstərdiyi
kimi: "Yalnız Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda
siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycan”
qəzeti sözün həqiqi mənasında əsl rəsmi
dövlət qəzeti kimi fəaliyyət göstərməyə
başlamışdır”.
İstər 1918-1920-ci illərdə,
istərsə də müstəqillik dövründə
"Azərbaycan” qəzetinin öz adı ilə səsləşən
başlıca məramlarından biri də azərbaycançılıq
ideyasının təbliği olmuşdur. Doğrudur, bu
ideyanın çox qədim kökləri vardır; ancaq onun məhz
mükəmməl bir ideologiya şəklində
formalaşdırılaraq dünyaya təqdim edilməsi Ulu
Öndər Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti
ilə bağlıdır. Həm də Ulu Öndərin
respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə əlamətdar
olan 2019-cu ildə, qətiyyətlə demək olar ki, azərbaycançılığın
mükəmməl bir ideologiya formasına
salınmasının da yarım əsrlik yubileyi tamam olur və
onu da qeyd edək ki, məhz Azərbaycan üçün
taleyüklü 1969-cu ildən Heydər Əliyevin Vətən
və xalq sevgisi ilə dolu olan səyi nəticəsində
ozamankı rəsmi qəzet olan "Kommunist” bir bolşevik mətbu
orqanı olmaqdan çıxaraq üzünü Azərbaycana,
Azərbaycan xalqına çevirməklə azərbaycançılıq
ideologiyasının formalaşdırılmasının da əsasını
qoymuşdur. Məgər Azərbaycan Dövlət
Universitetinin 50 illik yubileyində müttəfiq respublikanın
Birinci Şəxsinin Azərbaycan dilində nitq söyləməsi
azərbaycançılıq ideologiyasının təməl
daşlarının möhkəm və sarsılmaz
bünövrə üzərində qurulması demək
deyildimi! Və onu da nəzərə alaq ki, bu
tarixi nitq ilk dəfə Azərbaycan KP MK-nın orqanı olan
"Kommunist” qəzetində ana dilində nəşr
olunmuş, yalnız bundan sonra rus dilinə tərcümə
edilmişdi!
Bu gün "Azərbaycan” qəzeti
50 illik bir tarixi olan möhtəşəm ideologiyanın təbliği
yolunda qeyrət kəmərini belindən bir an
belə açmadan bütün gücü ilə
çalışmaqdadır.
Bu gün "Azərbaycan” qəzeti
təkcə rəsmi dövlət qəzeti deyil, həm də
Azərbaycanın elitar mətbu orqanıdır. Ümummilli
Lider Heydər Əliyevin Naxçıvan dağları
üçün dediyi məşhur ifadəni iqtibas etsək,
deyə bilərik ki, "Azərbaycan” qəzeti Azərbaycanın
kişi qəzetidir, sanballı, ciddi, ağırtaxtalı
media orqanıdır.
Qeydlərimi Ulu Öndərin aforizm səciyyəli
bir fikri ilə bitirmək istərdim: "Azərbaycan” qəzeti
respublikamızda baş verən həqiqətlərin geniş
ictimaiyyətə çatdırılmasında, dünyaya
yayılmasında yüksək professionallıq, obyektivlik,
prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq
mövqeyi nümayiş etdirir”.
Ümummilli Liderin təsbit
etdiyi bu şərəfli yolda 101 yaşlı "Azərbaycan”
qəzetinin yaradıcı kollektivinə yeni-yeni uğurlar diləyir,
fəaliyyətinin növbəti - akademik İsa Həbibbəylinin
"XXI əsrin müstəqil dövlətçilik və
inkişaf tribunası. İlham Əliyev dövrü” kimi müəyyən
etdiyi müasir mərhələdə daha uca zirvələrə
yüksəltməyi arzu edirik.
Teymur
KƏRİMLİ,
akademik
Azərbaycan.
- 2019.- 21 iyul.- S.1; 4.