“Xocalının səsi” susmur
Bu qəzet xocalılıların harayının, arzu və istəklərinin ifadəsidir
"...Xocalı müsibətləri bəşər tarixində törədilmiş ən ağır soyqırımlarından biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldur birləşmələri SSRİ dövründən Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tamam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Ağdama çatmaq ümidilə ev-eşiyini tərk etdi. Amma onlardan 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu...”
İlk sayı Xocalıda 28 il bundan öncə işıq üzü görən "Xocalının səsi” qəzetində belə ürək dağlayan sətirlər az deyil.
Viran olan gülüstanın "qəm
dastanı”
Xocalı müsibətlərindən "salamat” çıxanların
sonrakı taleyinin tarixini yaddaşlara yazmaq, xocalılıların
səsini, harayını
dünyaya yaymaq üçün əli qələm tutanlar "qəm dastanı” yazmağa başladılar. 9 iyul
1991-ci il tarixdən fəaliyyətə
başlayan "Xocalının
səsi” qəzeti də öz səhifələrində bu
ağır dərdə
sinə açdı,
dövlətçiliyimiz üçün
çətin sınaqların
başladığı dövrdə.
Bu həm də
o zaman idi ki, ermənilər təbliğatlarını artırmaq
məqsədilə qəzetlər
çap etdirir, mənfur niyyətlərini,
uydurmalarınıı genişləndirirdilər.
"Xocalının
səsi” qəzetinin
ilk nömrəsi çap
olunan zaman Xocalıya artıq rayon statusu verilmişdi. Orada abadlaşdırma
işləri aparılır,
yeni müəssisələr
yaradılırdı. Düşmən tərəfi Qarabağın
işğal planlarını
hazırlayır, Xankəndi
üçün strateji
məntəqə sayılan
Xocalı hava limanını ələ keçirməyə, bunun
üçünsə şəhəri
yerlə-yeksan etməyə
çalışırdı.
"Xocalının
səsi” qəzetinin
ilk redaktoru Sərdar Mehdiyev olub. Ağdamda doğulan,
uzun illər Ağcabədi rayon qəzetinin
redaktoru olan təcrübəli jurnalist
1991-ci ildən 2000-ci ilədək
"Xocalının səsi”nə
rəhbərlik edib.
Ömrünün son illərinədək xocalılıların dərdini,
erməni quldurlarının
isə vəhşiliklərini
qəzetin səhifələrinə
çıxarıb.
Sərdar Mehdiyevin vəfatından sonra qəzetin redaktoru şair-jurnalist Qasım (Qasımov) Qırxqızlı oldu. Yeni redaktor
üzərinə düşən
məsuliyyəti yaxşı
bildiyi üçün
oxucuları ilə daha sıx ünsiyyət
qurdu. Xocalılıların
haqq səsinin daha da gur
eşidilməsinə nail oldu.
O da uzun müddət üzərinə
götürdüyü missiyanı
layiqincə yerinə yetirdi.
Gəncə şəhəri
ərazisində salınmış
600 ailəlik Yeni qəsəbə-2-də
fəaliyyətini davam
etdirən Xocalı
rayon Kosalar kənd mədəniyyət evində
22 iyul - Milli Mətbuat Günü ərəfəsində keçirilən
tədbirdə direktor
Ramiz Məhərrəmov
bu barədə geniş söz açdı. Sonra qəzetin hazırkı
redaktoru Qalib Bəyməmmədoğlu qəzetin
yaranma tarixindən və bugünkü fəaliyyətindən bəhs
etdi.
Məqsədyönlü siyasətə
sadiqlik
Xocalılıların özü kimi didərgin olan "Xocalının səsi” qəzetinin səhifələrində
Qarabağ müharibəsinə,
Xocalı faciəsinə
aid mövzular, həmçinin
ümumrayon tədbirləri
və respublikada baş verən əlamətdar hadisələr
işıqlandırılır. Şəhid ailələrindən,
erməni əsirliyində
olmuş Xocalı soyqırımı şahidlərindən
alınan müsahibələr
də qəzetin aparıcı mövzularındandır.
Qəzet ayda bir dəfə
8 səhifədən ibarət
olmaqla, 500-600 sayla nəşr edilir. Bu mətbu orqan "Xocalıya ədalət” beynəlxalq təbliğat
kampaniyasının amalını
özünə şüar
kimi qəbul edib və onun
internet televiziyasının yaradılması da nəzərdə tutulub.
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının Yeni
qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının sədri,
şəhid ailəsi
Zülfü Quliyev, Yeganə Əsgərova, Rafiq Quliyev, İslam Ayrımov, Şəhriyar Quliyev, Rübabə İbrahimova,
Tofiq Məmmədov kimi Xocalı ictimaiyyəti nümayəndələrinin
çıxışlarında "Xocalının səsi” qəzetində vətənpərvərlik,
mübarizlik ruhu olduğu diqqətə çatdırıldı. Rayon qəzetinin səhifələrində
daim Azərbaycan Prezidenti İlham Əliyevin apardığı
məqsədyönlü siyasətə
sadiqlik nümayiş etdirildiyi vurğulandı.
Xocalılıların özü kimi didərgin həyatı yaşayan "Xocalının səsi” qəzeti müxtəlif vaxtlarda Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərərək, xocalılıların haqq səsini ucaldıb. Yarandığı ilk gündən taleyüklü rayonun tarixini yazan qəzetin səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri haqqında bir-birindən maraqlı və məzmunlu yazılar dərc edilir.
"Xocalının səsi” az sayda qəzetlərdəndir ki, onun internet saytı da fəaliyyət göstərir. Qəzetdə dərc edilən mühüm yazılar xocalininsesi.info internet ünvanına yerləşdirilir. Qəzetin əməkdaşları mətbuatın üzərinə düşən mühüm və müqəddəs vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır, həmçinin Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Qəzetin kollektivi inanır ki, dövlət başçısı, Ali Baş Komandanın apardığı məqsədyönlü siyasət nəticəsində doğma torpaqlarımız düşmən tapdağından azad ediləcək.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 21 iyul.- S.5.