Azərbaycanın idman tarixində növbəti parlaq səhifə
Ölkəmizin paytaxtı "Bakı 2019” XV Avropa Gənclər
Yay Olimpiya Festivalına evsahibliyi edir
Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı "Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, festivalın "Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşdülər.
Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.
Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır.
"Zirvələrə hazırıq” devizi altında keçirilən "Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Azərbaycan festivala 122
idmançı ilə qatılıb. Heyətdə güləşçilər
və yüngül atletlər sayca üstünlük təşkil
edirlər. Azərbaycan bu idman növlərinin
hər biri üzrə 18 nəfərlə təmsil olunur.
Bundan başqa, cüdo yarışlarında 12,
bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4,
üzgüçülük yarışlarında 6
idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və
basketbol yığmalarımızın hər birinin heyətinə
12 idmançı daxil edilib. Oğlanlardan
və qızlardan ibarət həndbol komandalarımızda
ümumilikdə 30 oyunçu yer alıb.
Festival günlərində
idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət
göstərəcək.
Qeyd edək ki, Azərbaycan
Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən
təmsil olunmağa başlayıb. Həmin il
Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43
ölkənin idmançıları mübarizə
aparıblar. Festivalda Azərbaycan komandası 1
qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci
olub. 1995-ci ildə Böyük
Britaniyanın Bat şəhərində keçirilmiş
növbəti festivalda cəmi 1 gümüş medal
qazanılıb.
1997-ci ildə İlham
Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti
seçildikdən sonra gənc idmançılarımız bu
festivallarda daha böyük uğurlar qazanmağa
başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində
keçirilmiş festivalda üç bürünc medal qazanan
komandamız 2001-ci ildə İspaniyanın Mursiya şəhərində
2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2
gümüş və 1 bürünc, 2005-ci ildə
İtaliyanın Linyano şəhərində 2 qızıl və
4 bürünc medala sahib olub. Azərbaycan ən
yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın
paytaxtı Belqradda təşkil olunmuş festivalda 7
qızıl medal qazanmaqla imza atıb. Həmin
yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı
yeri tutub.
2009-cu ildə Finlandiyanın Tampere
şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc,
2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1
qızıl, 2 gümüş, 2013-cü ildə
Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1
bürünc, 2015-ci ildə Tbilisidə 2 qızıl, 1
gümüş, 2 bürünc, 2017-ci ildə
Macarıstanın Györ şəhərində keçirilən
festivalda isə 1 gümüş və 1 bürünc medal
qazanılıb.
Nüfuzlu idman xadimləri,
ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər
Olimpiya Festivalının yüksək səviyyədə təşkil
olunduğunu qeyd edirlər. Avropa Olimpiya Komitələrinin
prezidenti Yanes Kosyançiç Bakının əvvəlki
turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini vurğulayaraq deyib:
"Bakı festivalın təşkilinə tam
hazırdır. Şəhər yalnız
irimiqyaslı tədbirlərin keçirilməsi
üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri
– yüksək təşkilatçılıq, həvəs və
səmimiliyi birləşdirir. İnanıram
ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı böyük
müvəffəqiyyətlə keçəcək”.
"Baku Crystal Hall”a
toplaşmış tamaşaçılar və yüz minlərlə
televiziya izləyiciləri təntənəli
açılış mərasiminin unudulmaz anlarının
şahidi oldular.
Bakı vaxtı ilə saat 20:00-da XV
Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli
açılış mərasimi başladı.
Əvvəlcə Azərbaycan
Respublikasının dövlət himninin sədaları
altında Milli Qvardiyanın əsgərləri dövlət
bayrağını təntənəli şəkildə
meydana gətirərək ucaltdılar.
Bundan sonra demək olar ki,
bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin
ənənəvi hissəsi olan atletlərin paradı
başladı.
İlk olaraq Olimpiya
Oyunlarını dünyaya bəxş etmiş ölkənin –
Yunanıstanın idmançıları səhnəyə
daxil oldular. Digər ölkələrin komandaları onların
arxasınca əlifba sırası ilə gəldilər.
İdmançıların
keçidini ev sahibi - Azərbaycan atletləri
tamamladılar. Üçrəngli
bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci
ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və
Avropa Kubokunun qalibi Vüqar Talıbov apardı.
Azərbaycan Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
"Baku Crystal Hall”a toplaşmış tamaşaçılar
idmançılarımızı hərarətlə
salamladılar.
Atletlərin paradından sonra festivala
ev sahibliyi edən Azərbaycan haqqında
film nümayiş etdirildi. Filmdə ölkəmizin
tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri,
eləcə də paytaxt Bakının görməli yerləri
haqqında kadrlar nümayiş olundu.
Azərbaycan Respublikası
Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay
Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes
Kosyançiç səhnəyə gəldilər.
XV Avropa Gənclər Yay Olimpiya
Festivalının Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli Avropa Olimpiya
Komitələrinin prezidenti cənab Yanes Kosyançiç.
Hörmətli beynəlxalq və
milli federasiyaların rəsmiləri.
Əziz gənc
idmançılar, xanımlar və cənablar.
XV Avropa Gənclər Olimpiya
Festivalında iştirak etmək üçün Odlar yurdu Azərbaycana
gəlmiş bütün dəyərli qonaqları səmimi qəlbdən
salamlayır, zəngin mədəniyyətə və tarixə
malik ölkəmizə "Xoş gəlmisiniz!” deyirəm.
Azərbaycan yüksək
idman nailiyyətlərinə malik bir ölkədir. Bu nailiyyətlərin
əsası isə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Məhz onun təşəbbüsü ilə Azərbaycan
beynəlxalq Olimpiya hərəkatına qoşulmuş, ölkəmizdə
Olimpiya komplekslərinin, müxtəlif idman qurğuları və
mərkəzlərinin tikintisinə start verilmişdir. Azərbaycanı müasir, dünyəvi, sabit və
demokratik bir ölkəyə çevirən Heydər
Əliyevin uzaqgörən siyasətini hazırda Azərbaycan
Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri
cənab İlham Əliyev əzmlə davam etdirir. Onun idmançılara göstərdiyi xüsusi diqqət
və qayğı nəticəsində əldə edilən
nailiyyətlər müqayisə olunmayacaq dərəcədə
artmışdır. Hazırda Bakı
şəhərində və Azərbaycanın bütün
regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət
göstərir ki, bu da güclü idmançılar
hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat
tərzi sürməsinə də hərtərəfli şərait
yaradır.
Azərbaycan ən mötəbər
beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif
növləri üzrə dünya və Avropa
çempionatlarının, dünya kuboku və Qran-Pri
yarışlarının keçirilməsində kifayət qədər
böyük təcrübəyə malik bir ölkədir. Xüsusilə qeyd etmək
istəyirəm ki, bu silsilədən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin
rəhbərliyi ilə Bakı şəhərində
keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi
Oyunları kimi beynəlxalq miqyaslı idman tədbirləri
yüksək peşəkarlığı ilə bütün
dünyada əks-sədaya səbəb olmuşdur. Biz əminik
ki, bu gün açılışını etdiyimiz və
Avropanın 48 ölkəsindən təqribən üç
mindən çox gənc idmançının
qatıldığı XV Avropa Gənclər Olimpiya
Festivalı da ən yüksək səviyyədə
keçirəcəyimiz növbəti idman tədbirlərindən
biri olacaqdır. Yarışlar Bakıda 12
möhtəşəm idman arenasında idmanın 10
növü üzrə keçiriləcəkdir.
Əziz gənc atletlər,
bizim üçün çox sevindirici haldır ki, siz ilk
böyük beynəlxalq uğurunuzu məhz Azərbaycanda
qazana bilərsiniz. Heç şübhəsiz deyə bilərik
ki, sizlərin sırasında gələcək Olimpiya,
dünya və Avropa çempionları olacaqdır.
Əminik ki, siz gənclər aparacağınız idman
mübarizəsi ilə yanaşı, bir-birinizlə
yaxından tanış olacaq,
özünüzə çoxlu dost və rəfiqə tapacaq,
öz bacarıq, mədəniyyət və tarixlərinizi də
paylaşacaq, o cümlədən keçmiş və
müasirliyin vəhdətini təşkil edən əzəmətli
Bakımızın füsunkar gözəlliyindən zövq
alacaqsınız.
Ənənəvi olaraq bu
festivalın işinə də könüllülər cəlb
olunmuşdur.
3500 gənc könüllü festivalın təşkili
və yüksək səviyyədə keçirilməsində
yaxından iştirak edəcək. Biz
onların hər birinə dərin təşəkkür və
ehtiramımızı bildiririk.
Möhtərəm cənab
Prezident, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat
Komitəsi Avropa Olimpiya Komitələrinin qarşımıza
qoyduğu bütün tələbləri yerinə
yetirmişdir və Azərbaycan bu festivalın keçirilməsinə
tam hazırdır.
Fürsətdən istifadə
edib bu mötəbər yarışın keçirilməsində
Azərbaycana etimad göstərmiş Avropa Olimpiya Komitələrinin
rəhbərliyinə dərin minnətdarlığımızı
bildirirəm.
Bütün gəncləri,
bütün idman ictimaiyyətini bu bayram münasibətilə
bir daha ürəkdən təbrik edir, gənc
idmançılara qələbə sevincləri və
azarkeşlərin böyük marağına səbəb
olacaq gərgin mübarizə nümayiş etdirməyi
arzulayıram.
Əziz gənclər, qoy, bu
festival sizin üçün idman, sülh və dostluq
bayramı olsun.
***
Sonra Avropa Olimpiya Komitələrinin
prezidenti Yanes KOSYANÇİÇ
çıxış edərək dedi:
- Azərbaycan Respublikasının
Prezidenti.
Zati-aliləri cənab
İlham Əliyev.
Hörmətli rəsmilər.
Avropa Olimpiya Komitəsi
İcraiyyə Komitəsinin üzvləri.
Avropa Milli Olimpiya Komitələrinin
prezidentləri və katibləri.
Hörmətli idmançılar.
Əziz azərbaycanlı
idmansevərlər.
Biz əllinci Avropa Olimpiya
Komitəsinin nümayəndələri üçün
Bakıya, Odlar yurdunun küləklər şəhərinə
gəlmək, elə, öz evimizə gəlmək deməkdir. Dörd il
öncə biz sizin əvəzolunmaz köməyinizlə ilk
Avropa Oyunlarını təşkil etdik. Həmin Oyunlar
möhtəşəm hadisə oldu və Belarusda, Minskdə
ikinci Oyunlar keçirildikdən, həmçinin
Polşanın Malopolska bölgəsinin Krakov şəhərində
üçüncü Oyunların təşkil olunması
haqqında qəbul edilmiş qərardan sonra fəxrlə deyə
bilərik ki, biz birlikdə yeni ənənəni
başladıq. Biz yeni Avropa Olimpiya irsinin təməlini
qoyduq.
Sizin təşkilatçılıq
bacarığınıza və bu sahəyə
bağlılığınıza bizim heç bir şübhəmiz
yoxdur. Sizin qətiyyətiniz, işinizin keyfiyyəti,
könüllülərinizin mehribanlığı bizə məlumdur.
Biz bilirik ki, ölkənizin ən yaxşı sərmayəsi
onun gənclərinə qoyulan sərmayədir.
Hörmətli idmançılar,
Avropa Gənclər Olimpiya
Festivalı gələcək çempionlar və Olimpiya
medalçıları üçün əsl sınaq
meydanıdır. Bu, sizin üçün çox az
sayda istisnalarla çox idman növlü ilk Olimpiya təcrübəsidir.
Bu, sizdə idmanın inkişafında yeni səhifənin
açılması deməkdir. Burada sizin
bacarığınızı nümayiş etdirmək
üçün nadir şans var. Bu şans göstərir ki,
siz yarışlarda qələbəyə qadirsiniz və ola bilsin ki, digər Avropa ölkələrində
sizinlə həmyaşıd olan qız və oğlanlardan
daha yaxşısınız. Bu, həmçinin Avropada
idmançıların yeni nəslinin Olimpiya idealları,
bütün xalqlar arasında sülh, dostluq və əməkdaşlıq
amalları, bütövlük, inklüzivlik, həmrəylik,
düzgünlük və ədalətli oyun ideyaları ilə
formalaşdırılmasını sübuta yetirmək
fürsətidir.
Mən, həmçinin
Bakı sakinlərini və Azərbaycan xalqını səmimi
qəlbdən salamlayıram. Bizi bir daha qəbul etdiyinizə
görə çox sağ olun!
***
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev XV Avropa Gənclər
Yay Olimpiya Festivalını açıq elan etdi.
***
Beynəlxalq Olimpiya Komitəsinin
bayrağı arenaya gətirildi. Bayrağı Azərbaycanın
tanınmış idmançıları, Olimpiya
çempionları Elnur Məmmədli (cüdo), Zemfira
Meftaxetdinova (atıcılıq), Nazim Hüseynov (cüdo),
Namiq Abdullayev (güləş), Rəfiqə Şabanova (həndbol)
və Lyudmila Şubina (həndbol) arenaya gətirdilər.
Beynəlxalq Olimpiya Komitəsinin
bayrağı bu qurumun himninin sədaları altında Azərbaycanın
bayrağı ilə yanaşı ucaldıldı.
Sonra Fəxriyə
Tağızadə atletlər, Ələkbər Həsənov
hakimlər və Rəşad Əbdürrəhmanov məşqçilər
adından təntənəli şəkildə and içdilər. Bu andlar
bütün iştirakçılara və
tamaşaçılara sağlam rəqabət, ədalətli
hakimlik və Olimpiya hərəkatının prinsip və
ideallarına riayət edilməsinin ən yüksək
prioritetə sahib olmasını xatırladır.
Daha sonra ən həyəcanlı an gəlib yetişdi və 2004-cü ildə
Afina Olimpiadasının qalibi, yunan-Roma güləşçisi
Fərid Mansurov XV Avropa Gənclər Yay Olimpiya
Festivalının məşəlini "Baku Crystal Hall”un məşəl
kasasına gətirdi.
Bu zaman ekranda "Məşəlin
yolu” filmi nümayiş olundu. Kadrlarda məşəlin
paytaxtın bütün idman obyektləri boyunca möhtəşəm
səyahəti və statistika təqdim edildi. Festivalın məşəli açılış
mərasiminin keçirildiyi "Baku Crystal Hall”a çatana qədər
Roma şəhərindən çox böyük yol qət
edib.
XV Avropa Gənclər Yay
Olimpiya Festivalının məşəli
alovlandırıldı. Məşəl yarışlar bitənədək
yanacaq, şəhərimizin mayakı olacaq.
Məşəlin
yandırılmasından sonra "Qələbə elementləri”
səhnə şousu nümayiş etdirildi. "Welcome to
Azerbaijan” ("Azərbaycana xoş gəlmisiniz!”) - Avropa
Gənclər Yay Olimpiya Festivalının
açılış mərasiminin art şousunun birinci hissəsi
belə adlanır. Ekranlarda Bakının
fantastik mənzərəsi görünür. Bu mənzərəni fantastik edən sadəcə
onun gözəlliyi yox, həm də burada şəhərin
bütün tarixi və müasir görməli yerlərinin
bir araya gəlməsidir. Bəli, bu, Bakıdır! Həm qədim, həm də çox müasir.
Ənənələri qoruyan və yeniliklərə
açıq Bakı. Bu yeniliyin rəmzi fəal
və həyat gücü ilə zəngin gənclərdir.
Səhnədəki dinamik kompozisiyada rəqqaslar,
akrobatlar, parkur və breyk-dans ustaları öz məharətlərini
göstərirlər. Bütün art şounun
quruluşunda təxminən beş yüz
gənc iştirak edib. Bu günün hekayəsi
zəfərə aparan yol haqqındadır.
Sonra "Külək
haqqında əfsanə” süjeti təqdim olundu. Bu hekayənin
baş qəhrəmanları oğlan və qızdır.
Onlar öz valideynləri ilə Bakının rəmzlərindən
biri olan küləyin adı ilə şəhərin
yaranmasını söyləyirlər. Azərbaycan -
Odlar Yurdudur, Bakı isə küləklər şəhəridir.
O, Xəzər dənizi ilə əhatə olunan yarımadada,
hər üç tərəfdən küləyə
açıq olan məkanda yerləşir. Ekranda
Azərbaycanın təbiətini, onun zənginliyi və
nadirliyini görürük.
Daha sonra "Şəhərin
yaranması” kompozisiyası təqdim edildi. Şəhərin
ruhu oyanır. Bu şəhərdə insan
yaratmaq, sevmək və yaşamaq istəyir. Səhnədə şəhərin salınması
simvolik olaraq nümayiş etdirildi. Səhnədə
iri butafor kərpiclər, pilləkənlər, fənərlər
və evlər daşıyan rəqqaslar "Şəhərin
doğulması” teatr-rəqs tamaşasını ifa etdilər.
Akrobat və rəqqaslar hərəkətli və
müasir paytaxtın mənzərəsini yaratdılar. Bu nömrədə çoxlu rekvizit və
dekorasiyalardan istifadə edilib (evlərin fasadı, nəhəng
kərpiclər, gül ləkləri, ağaclar, skamyalar, fənərlər).
Kompozisiyada şəhərin necə
yarandığı nümayiş olundu. Beləliklə,
səhnədə rəmzi şəhərin tikintisi sona
çatdı və işlərin yekunlaşmasını
bayram etmək vaxtı gəldi.
Bunun ardınca "Şəhər
Günü Bayramı” adlı vokal-xoreoqrafik kompozisiya təqdim
olundu. Səhnədə vokalçılar, musiqiçilər,
rəqqaslar və aktyorlar çıxış etdilər.
İstənilən ölkənin xalqını
yaxşı tanımaq üçün yəqin ki, onun
bayramlarını necə keçirdiyinə baxmaq
lazımdır. Azərbaycanın
bayramlarında mədəniyyət zənginliyi, milli kolorit və
xalqın ənənəsi yaşayır. Əlbəttə
ki, hər bir qonaq məşhur Azərbaycan qonaqpərvərliyini
mütləq yüksək qiymətləndirir. Paytaxt Bakının əsas gözəlliyi onun nadir
memarlığından və sakinlərindən qaynaqlanır.
Paytaxtın küçələri ilə gəzişərkən
qeyri-ixtiyari olaraq bu şəhərin öz ab-havası və
ruhu olduğunu düşünürsən. Burada insanlar da fərqlidir. Onlar
qonaqpərvər və mehribandır, ilk
çağırışında sənə kömək etməyə
hazırdırlar. Onlar ürəyiaçıq
və səmimidirlər. Bakı şəhərinin
əsl dəyəri də elə bundadır.
Açılış mərasiminin
daha bir maraqlı məqamı "Elementlər” adlanır. "Həyat kitabı”,
"Od”, "Xarıbülbül gülü”,
"Çörək” və "Zeytun budağı” - bu rəmzlərin
hər biri adət-ənənələri, nəsillərin
enerjisini və xalq mədəniyyətini özündə əks
etdirir. Səhnədə artistlər qismində
Azərbaycan Gimnastika Federasiyasının
idmançıları çıxış edirlər.
"Həyat kitabı” - əcdadların
müdrikliyi və ruhunun gücü insana doğru yol
seçməyə kömək edir. Həyat kitabı
müdriklik və bilik mənbəyidir.
"Od” - ruha və millətin
gücünə inam atəşi. O, insanları ruhlandırır. Zərdüştlərin
Atəşgah məbədi sönməyən alovu ilə əsrlər
boyu bütün dünyanın zəvvarlarını cəlb
edirdi: illər və əsrlər keçir, dünya dəyişir,
məbəd isə yerində qalır və iztirab çəkən
insanların yollarına nur saçır. Yerdən
çıxan alov idmançılarımıza zəfərə
gedən yolda hər zaman kömək edir.
"Xarıbülbül
gülü” - görünməmiş gözəlliyə malik
Xarıbülbül gülü yalnız Azərbaycanda bitir. Öz
görünüşünə görə
xarıbülbül gülü bülbülə bənzəyir:
iki ləçək onun qanadları, mərkəzdəki bir ləçək
isə dimdikli quş başına bənzəyir. Gülün
adı da elə bundan əmələ gəlib: "xar” Azərbaycan
dilində tərcüməsi "tikan”, "bülbül” isə
- bülbül deməkdir. Bir çox əfsanə
və rəvayətlər bu valehedici və zərif gül ilə
bağlıdır.
"Çörək” -
ananın bişirdiyi çörək yaşam gücü
verir. Nəsil, inamın gücü və Vətən sevgisi
qəhrəmanı zəfərə aparan yola gətirir.
Bu an muğam səslənir. 2008-ci ildə UNESKO muğamı bəşəriyyətin
şifahi və qeyri-maddi irsinin şah əsərlərindən
biri kimi elan edib.
"Zəfər” -
idmançılara güc və çeviklik, enerji və
dözümlülük, mübarizlik və dəqiqlik
lazımdır. İndi bütün bu keyfiyyətləri
gənc azərbaycanlı idmançılar arenada
nümayiş etdirirlər. Bu
idmançılardan hər biri, əlbəttə ki, zəfərin
rəmzi olan zeytun budağına layiqdir.
Nəhayət, təntənəli
mərasimin "Final” kompozisiyası başladı. Avropa Gənclər Yay
Olimpiya Festivalının – "Bakı 2019”un hər bir
iştirakçısı indi öz arzusunu, öz yolunu
xatırlayır və ümid edir ki, bu yol onu qələbəyə
aparacaq. Bütün idmançılara
uğurlar, layiqli rəqiblər və qələbə əzmi
arzulayırıq. Qoy, doğma evi
xatırladan çörək, arzuya aparan alov, əcdadların
güc və müdrikliyini verən kitab, sülh və sevgi rəmzi
olan xarıbülbül hər zaman onlarla olsun. O zaman zəfər
rəmzi olan zeytun budağının başlarının
üzərində ucaldılacaq an daha da
yaxınlaşacaq.
Sonda bütün
iştirakçı ölkələrin bayraqları səhnədə
dalğalandı.
"Bakı 2019” XV Avropa Gənclər
Yay Olimpiya Festivalının təntənəli
açılış mərasimi başa çatdı.
Beləliklə, Azərbaycan
orijinallığı ilə diqqəti cəlb edən,
tamaşaçıları vəcdə gətirən daha bir mərasimlə
festivalın tarixində mühüm yer tutacaq növbəti
parlaq səhifə yazdı.
Azərbaycan.- 2019.-23 iyul.- S.1-3.