QMİ-nin Gürcüstan nümayəndəliyi
Keşikçidağ məbəd-kompleksi
ətrafında yaranmış vəziyyətlə
bağlı bəyanat yayıb
Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərboyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: "Mən Gürcüstan vətəndaşı və Gürcüstan azərbaycanlısı olaraq əminliklə deyə bilərəm ki, gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökumət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir”.
Vurğulanır ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan dövlətinin diqqət və qayğısını hər zaman hiss edirlər. Dindarlarımızın ibadət və mərasimləri üçün hər cür şərait mövcuddur. Dövlət rəsmiləri dini bayramlarımızda bizi təbrik edir, mərasimlərimizdə iştirak edirlər. Gürcüstan vətəndaşları olan azərbaycanlılar Gürcüstan dövlətinin inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Yarım milyonluq azərbaycanlı icması gürcü xalqı ilə birlikdə çiyin-çiyinə Gürcüstan dövlətinin siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində iştirak edir. Onlar ölkənin ərazi bütövlüyü uğrunda şəhidlər veriblər. Azərbaycanlı müsəlman icmasının bütün məsələlərinə gürcü hökuməti hər zaman həssaslıqla yanaşır, onların müsbət həllinə yardımçı olur.
“QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq Ümumgürcüstan Katolikos-Patriarxı II İlya həzrətləri ilə tez-tez görüşürəm, onun xalqımıza olan xoş münasibətinin şəxsən şahidiyəm. Azərbaycanda yaşayan gürcü xalqının nümayəndələri üçün də hər cür şərait yaradılıb.
Belə bir qarşılıqlı ehtiram və etimad mühiti, görünür, bədxahlarımızın işinə yaramır. Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın ardında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanan zamanlarda bu məsələ erməni ekstremistləri tərəfindən xüsusi canfəşanlıqla, məqsədyönlü şəkildə xristian-müsəlman qarşıdurması kimi qabardılırdı. O zaman Qafqazın dini liderlərinin müdrik mövqeyi, Azərbaycanın dini lideri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri və Gürcü Pravoslav Kilsəsinin rəhbəri Patriarx II İlya həzrətlərinin birgə zəruri addımlar atmaları nəticəsində münaqişəyə dini səciyyə vermək istəyənlərin niyyətinin qarşısı alındı. Lakin təəssüflər olsun ki, maraqlı qüvvələrin Qafqazda bu ssenarinin zaman-zaman yenidən gündəmə gətirmək istəkləri var. Eyni ssenarinin gürcü və Azərbaycan xalqları arasında yaşanmasına imkan verə bilmərik.
Biz ümidvarıq ki, Keşikçidağ məbədi ətrafında yaradılmış süni problem aidiyyəti qurumlar tərəfindən tezliklə həllini tapacaqdır, inşallah. Bu istiqamətdə işlər gedir və öz hüquqi həllini tapacaq. Biz dindarlar bunun üçün Bir Olan Yaradanımıza dualar edir, xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik. Biz, Gürcüstan və Azərbaycanın sağlam düşüncəli qüvvələri, siyasiləri, ictimai və din xadimləri, siravi vətəndaşları yalnız səylərimizi birləşdirməklə bütün problemləri, anlaşılmazlıqları aradan qaldıra bilərik. Kənardan müdaxilə və təxribatlar yolverilməzdir. Ağsaqqallarımız olan dini liderlərimizin birmənalı mövqeyi olduqca mühümdür.
Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış məsələyə dair ötən aylarda Katolikos-Patriarx II İlyanın müdrik ağsaqqal mövqeyinin, təmkinli, xalqlarımız arasında sülh və qardaşlığın qorunub saxlanılmasını prioritet sayan yanaşmanın şahidi olduq. Bu məsələləri kənardan körükləyənlərə qarşı II İlya həzrətlərinin kəskin mövqeyi və ciddi etirazı özünü gözlətmədi. Bu məsələdə maraqlı olan kənar qüvvələrin rolunu da istisna etməyən patriarxlıq bunun yolverilməz olduğuna dair qətiyyətli mövqe bildirdi.
Eyni zamanda, Qafqaz Müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadə bununla bağlı birmənalı mövqeyini ifadə etdi”.
Dini
hissələrdən siyasi məqsədlər
üçün sui-istifadə yolverilməzdir
və dini qarşıdurma yaratmaq
cəhdi ikrah doğuran
haldır. Biz, Gürcüstan və Azərbaycan
dindarları dövlətlərimizin və dini
liderlərimizin mövqeyindən çıxış edərək
bu yolda öz səylərimizi əsirgəməyəcək,
xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin
təxribatlarına uymayacağıq. Bədxahlarmızın,
marağı olan qüvvələrin məkrli
niyyətləri tarixi qardaşlıq və
ənənəvi Qafqaz müdrikliyi
qarşısında puç olacaqdır, inşallah!", - deyə bəyanatda bildirilir.
Azərbaycan.- 2019.-23 iyul.- S.8.