Süni intellekt: bəşəriyyətin ən mükəmməl
uğuru, yoxsa gələcək qatili?
Dünya şöhrətli yazıçı Den Broun son romanı olan "Başlanğıc”da süni intellektin yeni tanrı olacağını və kompüterlər vasitəsilə yeni bir dinin formalaşdırılacağını irəli sürüb. Bəs nədir bu süni intellekt?
Əsası keçən əsrin ortalarında qoyulan süni intellekt son zamanların ən çox investisiya qoyulan və maraq doğuran sahələrindəndir.
Süni intellekt - insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Bu elm intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyət göstərən intellektual proqram yaratmağı özünə məqsəd götürüb. Eyni zamanda insan intellektinin araşdırılması kimi də başa düşülür.
Bu sahə insanın ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında mühüm yer tutur. Onun tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur.
Yaranma tarixi
İntellektə malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlinir. İntellektə malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdı. E.ə. IV əsrdə yaşamış Aristotel süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdu. 1275-ci ildə Roman Llull özünün "Ars Maqna” adlı məntiq aparatını ixtira etmişdi. İstifadəçi ora xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi olmadan dərhal avtomatik bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq məqsədilə yaradılmışdı.
Süni intellekt haqqında ilk fikirlər mexaniki materealizmin yaranması ilə, Dekartın "Metod haqqında mühakimələr” və Tomas Qobbsun "İnsan təbiəti” əsərlərində öz əksini tapıb. 1943-cü ildə U.Mak Kallok və U.Pitts öz məqalələrində süni neyron sistemi anlayışını təklif ediblər. D.Xebb 1949-cu ildə "Davranış orqanizasiyası” əsərində neyronların öyrənilməsinin əsaslarını göstərdi. Bu fikirləri bir neçə il sonra amerikan neyrofizioloq Frenk Rosenblatt inkişaf etdirdi. O, insan davranışlarını modelləşdirən mexanizm yaratmağı təklif etdi və onu "Perceptron” adlandırdı.
Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi” adlandırıb.
Turinq testi
Kompüter elminin atası
sayılan, riyaziyyatçı, kriptoqraf, informatika elminin
yaradılmasında böyük rol oynayan ingilis alim Alan Turinq
isə süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə
"Mind” jurnalında çap edilmiş "Hesablama
maşınları və şüur” məqaləsində
bildirib. O, həmin məqalədə insanla kompüter
arasında gedən testdən bəhs edirdi. Belə ki, bu test bir insan, bir
kompüter və bir münsiflə aparılır. Münsif nə
kompüteri, nə də insanı görə bilir, sadəcə
onlarla dialoq aparır, sual-cavab edir. Münsifin
sualları və təcrübədə iştirak edən
kompüter ilə insanın verdiyi cavablar bir ekranda
yazılı olaraq görünür. Məqsəd
münsifin verilən cavablar əsasında hansının
insan, hansının kompüter olduğunu tapmasıdır.
Turinq deyir ki, kompüter o zaman süni intellektə sahib ola bilər ki, o, münsifi
çaşdırsın və münsif onunla insanın, yoxsa
kompüterin danışdığını başa
düşə bilməsin. Test zamanı münsif bu fərqi
aydınlaşdıra bilmirsə, deməli, həmin
kompüter mükəmməl süni intellektdir.
Turinqin bu ideyası hazırda
"Turinq testi” adlandırılır və süni intellektin
yaradılmasında gedən araşdırmalarda ondan hələ
də istifadə edirlər. Test kompüterin və ya başqa bir
sistemin insanlarla eyni zehni bacarığa sahib
olub-olmadığını müəyyən etmək məqsədi
daşıyır. Ümumi mənada bu test bir mütəxəssisin,
maşının performansı ilə bir insanınkını
ayırd edib etməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, deməli,
maşın insanlar qədər zehni bacarığa sahibdir.
Hələ ki, Turinq testini keçən
kompüter, maşın olmayıb. Lakin belə
düşünülür ki, ideal virtual söhbət
proqramı Turinq testini keçə biləcək...
Turinqin bu yanaşması
süni intellekt araşdırmalarının ən ibtidai
forması idi.
Aradan keçən illərdə bu sahədə
daha ciddi kəşflər edildi və süni intellektin həyatımızda
nüfuzunu hiss etməyə başladıq; SİRİ kimi
proqramlar vasitəsilə kompüterlə ünsiyyət qurub
ondan cavablar almaq artıq heyrətləndirici hadisə deyil və
ya şahmat oyununda kompüterə uduzmaq da normal hal
sayılır.
Süni intellektin
üç növü məlumdur
Bunlar:
- Məhdudlaşdırılmış
süni intellekt. Bu tip intellekt sizi, məsələn,
şahmatda uda bilər. Amma ona
"torpağı yemək olarmı?” sualını versəniz,
cavab ala bilməzsiniz.
- Ümumi süni intellekt. Bu növ insan intellektinə maksimum yaxındır.
O, məlumatları təhlil edir, digər maşınlarla
ünsiyyətə girir, özünü təlimdən
keçirir.
- Süni super intellekt. Bu
intellekt növü o qədər inkişaf edib ki, insan
intellektindən fərqlənir. Başqa
sözlə, bizim intellektimiz həmin super intellektin motivlərini
anlamaq üçün yetərincə inkişaf etmiş
deyil.
İnsan intellektindən daha
güclü bir intellektin yaradılması isə bu elmin əsas
məqsədlərindəndir.
Bu gün bəşəriyyət
süni intellektin birinci tipinin əsas prinsiplərini uğurla
mənimsəyib. Artıq birinci çərçivədən kənara
çıxmağa can atan şirkətlər var. Bir
çoxları hesab edir ki, məhz "Google” ümumi süni
intellekti dünyaya ilk dəfə təqdim edəcək. Bəs alimlər ümumi süni intellekti nəzarət
altında saxlaya biləcəklərmi? Ümumi
intellektin super intellektə qədər böyüməsini
görə biləcəklərmi?
Süni intellektlər
haqqında maraqlı faktlar da var:
- Süni intellektlərin istifadə
olunduğu ağıllı sistemlərdə əksər
hallarda qadın səslərindən istifadə olunur.
- 1997-ci ildə Deep Blue adlı
kompüter məşhur şahmat çempionu Harri Kasparovu məğlub
edib.
- Bir çox valideynlər robot ev heyvanlarına üstünlük verirlər.
Jan-Lu Raulun fikrinə görə, 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanlarına ciddi rəqib
olacaq.
- 2015-ci ildə yapon tədqiqatçıları
bildiriblər ki, öz-özünü bərpa edən robot
düzəldiblər. Belə ki, həmin robot
iki ayağı belə olmayanda özünü bərpa edə
bilir.
İnsan əməyini
sıradan çıxaracaq
Süni intellektin nəyə
aid edilməsi sualına konkret cavab yoxdur. Onun
haqqında kitab yazan hər bir müəllif, demək olar ki, o
elmin nailiyyətlərini nəzərə alaraq, hansısa
fikri müəyyən edir. Müxtəlif
çətin hesablamalarda və digər
tapşırıqların həyata keçirilməsində
süni intellektin rolu böyükdür. Süni
intellekt çox yüksək səviyyədə
ixtisaslaşmış sahədir, onun çoxlu sayda istiqamətləri
var. Çox zaman bir sahəsi digəri ilə
qarşılıqlı əlaqədə olmur. Bəzi sahələri isə o dərəcədə
inkişaf edib ki, artıq ayrıca bir ixtisas kimi fəaliyyət
göstərirlər.
Süni intellekt
proqramlarını danışa və hərəkət edə
bilən robot kimi hər gün qarşımızda görməsək
də, gündəlik həyatımızda həmin
texnologiyadan istifadə edirik. Bu elmdən aviasiya, təhsil,
səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə
və digər sahələrdə tətbiq olunur. Mütəxəssislər deyir ki, süni intellekt
böyük vaxt tələb edən məsələlərin
həllində effektivdir, yuxu və fasilə tələb etmədiyindən
fasiləsiz işləyə bilir, xətaların başvermə
ehtimalı yoxdur, eləcə də ondan kosmos və okeanın
dərinliklərinin araşdırılmasında istifadə
edilir. Lakin onun insan əməyinə olan tələbatı
aşağı salması kimi mənfi tərəfi də
mövcuddur. Proqnozlara görə, 2030-cu ilədək
dünyada işləyən əhalinin üçdə biri,
Yaponiyada isə təqribən yarısı yeni peşələr
axtarmaq məcburiyyətində qalacaq.
Yeri gəlmişkən,
artıq süni intellektdən istifadə edərək
sürücüsüz idarə olunan avtomobillər
yaradılır. Beş ölkədə süni intellekt
elmi-tədqiqat mərkəzi fəaliyyət göstərən
"Google” şirkətinin yaratdığı pilotsuz avtomobillər
ABŞ yollarında sınaqlardan da keçirilib. Bu ağıllı avtomobillər xeyli məsafə qət
edərək, bir dəfə də olsun yol hərəkəti
qaydasını pozmayıb və qəzaya uğramayıb.
"Google” şirkətinin təcrübəsini
yalnız nəqliyyat şirkətləri deyil, yol hərəkəti
qəzaları sahəsində ixtisaslaşan
hüquqşünaslar da izləyirlər. Onların
fikrincə, insan xətalarının sayı səngidikcə
xəsarət alan insan və
maşınların sayı, nəticədə də
ölüm hadisələri və sığorta haqqı da
azalacaq. Bu o deməkdir ki, yol hərəkət
hadisələrində zərər çəkən
insanların hüquqlarını qoruyan hüquqşünasların
da işinə tədricən ehtiyac qalmayacaq. Yalnız hüquqşünaslar deyil,
sürücülər, yükdaşıyanlar,
çağrı mərkəzlərinin, qaynar xətlərin
operatorları öz işini itirəcək. Bu və digər peşə sahiblərini süni
intellekt əvəz edəcək.
Bəşəriyyətin
ən yaxşı, yoxsa ən pis nailiyyəti?
Amma bu sahənin mütəxəssislərini
düşündürən bir məqam da var - süni
intellektin bu qədər
avtonomlaşdırıldığı, geniş səlahiyyətlərin
verildiyi bir şəraitdə, onlar öz
yaradıcılarına qarşı hər zaman sadiq və
mehriban qalacaqlarmı?
"Süni intellektin nəhəng
potensialını nəzərə alaraq düşünməliyik
ki, həmin texnologiyalarda mövcud olan gizli əngəllərlə
üzləşmədən bunun müsbət cəhətlərindən
necə faydalana bilərik. Bizim süni intellekt
sistemlərimiz yalnız bizim istədiyimizi etməlidir”. Bu, Həyatın Gələcəyi İnstitutunun
saytında dərc edilən açıq məktubda
yazılıb. Alimlər bu məktub vasitəsilə
öz həmkarlarına səslənərək, onları
süni intellekt probleminə daha diqqətli yanaşmağa
çağırırlar. Alimlərin qoyduqları əsas
sual isə belədir: insanlar intellektlə təchiz olunmuş
maşınlara nəzarət edə biləcəklərmi? Bu
suala hələ heç kim cavab verə
bilməyib... Süni intellektin gələcəyini
anlamaqda əsas çətinlik məhz buradadır.
Amerikalı alim Eliezer Yudkovski "Süni intellekt qlobal risklərdə
müsbət və mənfi faktor kimi” kitabında süni
intellektin "bəli, bu intellekt insan iradəsinin xaricindədir”
dedirdən ikicə davranış ehtimalını şərh
edir:
- Süni intellekt yeni icadları
patentləyir, elmi əsərlər dərc edir, birjada pul
qazanır və siyasi bloklara başçılıq edir.
- Tarixi, elmi və texnoloji biliklərə
əsaslanan süni intellekt sivilizasiyanın
inkişafını əsrlər və minilliklər müddətinə
əvvəlcədən bilə bilir.
Məşhur nəzəriyyəçi
fizik Stiven Hokinq hesab edir ki, Yudkovskinin bəhs etdiyi mükəmməl
süni intellekt "insan irqinin sonunu gətirə bilər”. Alim süni
intellekt haqda "bəşəriyyətin ya ən
yaxşı, ya da ən pis naliyyəti olacaq” deyib. O,
fikrini belə bir nümünə ilə əsaslandırıb:
"Deyək ki, elektrik stansiyası tikirsiniz və bu zaman
qarışqa yuvasını təsadüfən
dağıdırsınız. Heç kim
qarışqaları vecinə almayacaq. Özünüzü
qarışqa yerinə qoymayın”.
Elon Mask və bu sahədə
çalışan bir neçə böyük alim də eyni
fikirdədir.
Hər kəsi bir məsələ narahat edir: "Əgər
süni intellekt bizi işdə əvəz edəcəksə,
onda müəyyən vaxtdan sonra o, bizi evdə də əvəz
etmək istəməzmi?”.
Görəsən həqiqətən
də süni intellektlə təmin edilmiş robotlar
insanları tam əvəz edə biləcəkmi?
E.Yudkovskinin məqalələrini
oxuyan "Skype” proqramının yaradıcılarından Yaan
Tallinn isə belə bir nəticəyə gəlib ki, süni
intellektin daha da inkişaf etməsi partlayışa və ya
onun insan nəzarətindən çıxmasına səbəb
ola bilər. Bu isə
bütövlükdə bəşəriyyəti böyük
təhlükə altında qoya bilər. Belə
ki, ultraağıllı süni intellektlər, təkamül-inkişaf
nərdivanında bəşər övladının yerini
tutacaq və biz qəfəsdə olan meymuna necə
baxırıqsa, onlar, yəni süni intellekt də bizə o
gözlə baxacaq. Ya da daha betəri olacaq: bütün
insanların axırına çıxacaqlar.
Bəs hansı məqamda biz
süni intellekt üzərində nəzarəti itirə bilərik? Süni
intellekt öz qarşısına nə vaxt müstəqil
şəkildə məqsədlər qoya biləcək? Bu məqsədlərin arasında bəşəriyyətin
məhv edilməsi olacaqmı? Suallar çox, dəqiq
cavablar isə yoxdur...
Den Broun "Başlanğıc” əsərində
baş qəhrəman professor Lanqdonun dili ilə süni
intellekt robotu Vinstona mənalı sual verir - "Sənin
ümidlərin və xəyalların varmı?”
Bəli, insan yalnız
intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri,
xəyalları, arzuları, duyğuları, ən əsası
ruhu var. İnsanı maşından, robotdan fərqləndirən
də elə budur. Duyğulara və ruha
sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və
maşından həmişə bir addım öndə olacaq.
Xəyalə MURADLI
Azərbaycan.- 2019.- 23 iyul.- S.10.