Sun Tao: Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır

 

İyulun 23-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Azərbaycan ilə Çin, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud vəziyyətindən bəhs edərək münasibətlərin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. İki ölkənin xalqları arasında əlaqələrin tarixi köklərə malik olduğunu deyən Baş Nazirin müavini qeyd edib ki, ötən dövr ərzində xalqlarımız böyük inkişaf yolu keçib. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir.

YAP sədrinin müavini Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizdə gördüyü qonaqpərvərliyi yüksək dəyərləndirib. O bildirib ki, Prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və əlaqələrimizin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Sun Tao qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq uğurla inkişaf edir. Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb və Çinin Azərbaycanın uğurlarına sevindiyini söyləyib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri bu ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakının önəmini qeyd edib. O, Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb

 

Azərbaycan.- 2019.- 24 iyul.- S.2.