Güləşçilərimiz etimadı doğrultdular

 

XV Avropa Gənclər Yay Olimpiya Festivalı

 

Dünən güləşçilərimiz Avropa Gənclərinin XV Yay Olimpiya Festivalında zəfər estafetini davam etdirdilər. "Bakı-2019”da güləş yarışlarının sonuncu günündə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeddi çəki dərəcəsində qaliblər məlum oldular.

Azərbaycan güləşçiləri bütün çəki dərəcələrində mübarizə apardılar. Mötəbər idman yarışında pəhləvanlarımız ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar.

Bu, bir daha göstərir ki, Azərbaycanın adının dünyanın aparıcı güləş ölkələri sırasında çəkilməsi təsadüfi deyil. Dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür. Şübhəsiz, qələbəni labüd edən ən başlıca amil idmançıların onlara göstərilən böyük qayğı və etimad müqabilində dövlət və xalq qarşısında məsuliyyətlərini dərk etmələri, yüksək iradə göstərərək sonadək mübarizə aparmalarıdır.

Sərbəst güləşdə 51 kq çəki dərəcəsində yarışan Kənan Heybətov 1/8 finalda Ukrayna təmsilçisi İvan Terzini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısı Niko Hivonenə heç bir şans verməyən təmsilçimiz yarımfinala yüksəlib. Finala gedən yolda yunanıstanlı Nektarios Kristos Kuzupisi də vaxtından əvvəl məğlub edən Kənan həlledici görüşdə rusiyalı Rüstəm Dolayevlə üz-üzə gəlib.

Görüşü qalib başa vuran pəhləvanımız Festivalın qızıl medalına yiyələnib.

Sərbəst güləş yarışlarında Cəbrayıl Hacıyev (65 kq) təsnifat mərhələsində gürcüstanlı Davit Patsinaşvili üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Duhan Hamza Dumanı da məğlub edən Cəbrayıl adını dörddəbir finala yazdırıb. Yarımfinala gedən yolda Yunanıstan təmsilçisi Konstantinos Nikopolidisi mübarizədən kənarlaşdıran pəhləvanımız bu mərhələdə İsveçrə idmançısı Umar Mavlayevə də qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında Batirbek Tşkovrebovla (Rusiya) güləşən idmançımız qalib gələrək qızıl medala layiq görülüb.

Yunan-Roma güləşində 51 kq çəkidə yarışan Elmir Əliyev 1/8 finalda Norveç təmsilçisi Kristofer Anderseni sıradan çıxarıb. Dörddəbir finalda o, Rumıniya idmançısı Denis-Florin Mihaydan güclü olub. Yarımfinalda gürcüstanlı Nukri Benidzeyə "tuşeilə qalib gələn həmyerlimiz adını finala yazdırıb. O, çempionluq üçün Sanya Yakovlevlə (Ukrayna) münasibətinə aydınlıq gətirib 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala sahib olub.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Respublikası Baş Nazirinin müavini, XV Avropa Gənclər Olimpiya Komitəsinin Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov təqdim edib.

Yunan-Roma güləşindəki digər təmsilçimiz Xasay Həsənli (65 kq) ilk mərhələdə Yunanıstan idmançısı Fotios Bukisi məğlub etməkdə çətinlik çəkməyib. Müvafiq olaraq finlandiyalı Kasperi Kauhanenə İsveçrədən olan güləşçi David Loherə aman verməyən Xasay adını yarımfinala yazdırıb. Həlledici mərhələyə çıxmaq üçün Ukrayna güləşçisi Marian Qolubovski ilə gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılan təmsilçimiz qızıl medal uğrunda Deni Nakayevlə (Almaniya) qarşılaşıb. Görüşü qalib başa vuran təmsilçimiz "Bakı-2019”un qızıl medalını qazanıb.

Qadın güləşçilərin mübarizəsində Elnurə Məmmədova (53 kq) gərgin keçən qarşılaşmada macarıstanlı Flora Vizidən üstün olub. Daha sonra Ukrayna Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb. Həlledici mərhələdə rəqib rusiyalı Polina Lukina olub. Görüşdə uduzan təmsilçimiz Festivalı gümüş medalla başa vurub.

65 kq çəkidə mübarizə aparan Nigar Mirzəzadə isə yarışa almaniyalı Mari Trautmana qalib gəlməklə başlayıb. Ancaq 1/4 finalda güləşçimiz türkiyəli Nesrin Başa uduzub. Rəqibi finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb Lusi Makqratla (Böyük Britaniya) güləşdən qalib ayrılaraq 3-cü yer uğrunda qarşılaşmada polşalı Zofia Polovçiki məğlub edərək Festivalın bürünc medalına yiyələnib.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.-24 iyul.- S.1; 6.