El sevgisi

 

Ulu Tanrı hər kəsə bir ömür bəxş edir. Xoşbəxt o kəsdir ki, bu ömür payını mənalı, məzmunlu yaşayır, öz xalqına, elinə-obasına xidmət edir, insanlara gərək olur. Belələri cəmiyyət tərəfindən sevilir, harada olmasından asılı olmayaraq hörmət və məhəbbətlə qarşılanır. Elin hörməti isə ən qiymətli sərvətdir, dövlətdir. Salyan camaatının dərin hörmət bəslədiyi belə insanlardan biri həkim Əlixeybər Axundovdur.

Bu yaxınların söhbətidir. Salyan şəhərində keçirilən mərasimdə bir qrup ziyalı ilə yanaşı oturmuşduq. Söhbət əsnasında onlardan biri - Vaqif İslamov iyul ayının 25-də Əlixeybər həkimin 70 yaşının tamam olacağını vurğuladı. Ətrafdakılar onun bu sözünə dərhal reaksiya verərək Əlixeybər həkimin savadlı, yüksək insani keyfiyyətlərə malik ziyalı olduğundan ağızdolusu söhbət açdılar. 83 yaşlı Mais Ağalarov bu gün həyatda yaşaması üçün Əlixeybər həkimə borclu olduğunu, onu iki dəfə ölümün pəncəsindən xilas etdiyini bildirdi. Afdandil Məlikov, Rafiq Məmmədov, Sahib Həsənov, Əkrəm İbrahimov və başqaları da həkim haqqında səmimi sözlər söylədilər. Təkcə onlar deyil, Salyanda kimi dindirsən, Əlixeybər həkim haqqında xoş sözlər eşidərsən.

Heç şübhəsiz ki, bu cür hörmət, sayğı, ehtiram birdən-birə, öz-özünə yaranmır. Arxasında illərin zəhməti, əməli, xeyirxahlığı, dahabilim, nələr, nələr dayanır. Bura sadəlik, ellə-obayla birgə nəfəs almaq, onun xeyrində-şərində iştirak etmək, şad günündə sevinmək, kədərli vaxtlarında dərdinə şərik olmaq kimi mənəvi keyfiyyətləri də əlavə etmək olar. Bax bütün bu cəhətləridir Əlixeybər həkimi Salyan camaatına sevdirən. Sadaladığımız məziyyətlərinə görədir ki, onun hansısa tədbirdə - toyda, yasda harada oturmasından asılı olmayaraq ora məclisin yuxarı başı sayılır.

Əlixeybər həkimin keçdiyi həyat yolunu coşqun sevincli, xoş xatirəli, bəzən də həzin, kədərli "Ömür kitabı”na bənzətmək, üz qabığına qızıl hərflərlə "70” rəqəmini yazmaq olar. Bu kitabın səhifələri isə arxada qalan, heç vaxt geri dönməyəcək günlər, aylar, illərdir. O, 1949-cu ilin iyul ayının 25-də Salyan şəhərində müəllim ailəsində dünyaya göz açıb. 1956-cı ildə Nizami adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. Orta məktəbdə oxuyarkən atası Əliqulu müəllimin nəzər-diqqəti həmişə üzərində olduğundan dərslərinə çox ciddi hazırlaşıb. Yaz-payız aylarında evlərinin yaxınlığından axıb keçən Kür çayının sahilindəki qovaq ağacının altına gedib dərslərini hazırlayar, zehni yorğunluğunu çıxarmaq üçün yoldaşlarına qoşulub futbol oynayarmış. Yay tətili dövründə isə bərk istilərdə qonşuluqda olan həmyaşıdları ilə Kürün boz-bulanıq sularına baş vurub sərinlənərmiş.

İllər arxada qalır, Əlixeybər sinifdən-sinfə keçir. Yuxarı siniflərdə oxuyarkən ürəyində gələcəkdə həkim olmaq arzusu baş qaldırır. Bütün dərslərini yaxşı oxusa da, arzusuna çatmaq üçün kimya, biologiya, fizika fənlərini daha dərindən öyrənir. 1966-cı ildə orta məktəbi gümüş medalla bitirir. Qeyd edək ki, çəkinmədən keçən əsrin 60 - 80-ci illərini Salyan təhsilinin "qızıl dövrü” adlandırmaq olar. Ə.Axundovun orta təhsilini başa vurduğu həmin ildə rayon üzrə 32 nəfər şagird medala layiq görülmüşdü. Onlardan 3 nəfəri qızıl, qalan 29 nəfəri gümüş medal almışdı. Gənc Əlixeybər sənədlərini ovaxtkı N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə verir. Bir fəndən - kimyadan "əla” qiymət alıb tələbə adını qazanır.

Ali təhsili başa vurub, 1972-ci ildə cərrah-həkim kimi boya-başa çatdığı Salyana qayıdır. Bir neçə aydan sonra Vətən qarşısında borcunu ödəmək üçün ordu sıralarına gedir. 1972-1974-cü illərdə Qazaxıstanın Baykanur vilayətində tibbi xidmət leytenantı kimi əsgərlik edir. Orada qalıb işləmək təklif olunsa da, torpaq, yurd sevgisi qalib gəlir.

Ə.Axundov əsgərlikdən qayıdıb bir müddət öz sahəsi üzrə işləyir. Dərindən düşünüb-daşınır, nevropatologiya sahəsində daha çox xeyir verə biləcəyinə özündə inam yaranır. İstəyini, bacarığını, iradəsini nəzərə alıb, 1975-ci ildə onu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ixtisasartırma kursuna göndərirlər. 6 aylıq kursdan sonra yenidən işlədiyi kollektivə dönür. Əlixeybər həkim ixtisaslı nevropatoloq olaraq qısa bir zamanda savadına görə pasiyentlərin dərin hörmət və etibarını qazanır.

Özünə qarşı tələbkar olan gənc nevropatoloq 1977-ci ildə Alma-Ata Həkimləri Təkmilləşdirmə İnstitutunda "Mərkəzi sinir sisteminin şişləri və damar xəstəliklərinin diaqnostikası və müalicəsi” üzrə, 1978-ci ildə isə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda xüsusi kurs keçir. Sonralar - 1983 və 1990-cı illərdə Moskvada və Bakıda ixtisasını daha da təkmilləşdirir. 1979-cu ildə Salyan Rayon Mərkəzi Xəstəxanasında nevropatalogiya şöbəsi yaradılır və həmin vaxtdan indiyədək, yəni 40 ildir ki, həmin şöbəyə rəhbərlik edir.

Ə.Axundovun əməyi dövlət tərəfindən də qiymətləndirilmişdir. O, 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi” medalıyla təltif olunmuş, dəfələrlə Səhiyyə Nazirliyinin, Salyan Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Ömür yollarında həyat hamı kimi Əlixeybər həkimi də az sınağa çəkməyib. 2015-ci ildə yarısını, həkim olan ömür-gün yoldaşı Rəisə xanımı itirib. Bu hadisə ona ağır təsir etsə də, həkimliyi, həyata real baxışı ona ayaqda durması üçün dayaq olub, dərdinin üstünə su çiləyib. Bu gün oğlu Nurlan, qızı Günay, gəlini Elza, kürəkəni İlqar onu hər cür qayğı ilə əhatə edirlər. Özü isə nəvələrini sevmək, onların təhsili ilə maraqlanmaqla yanaşı, sevimli həkimlik peşəsini davam etdirir.

Hər gün Salyanla bərabər, qonşu NeftçalaSabirabad rayonlarından, digər yerlərdən onun qapısını ümidlə, inamla neçə-neçə xəstə açır. Bilirlər ki, onun qoyduğu diaqnoz, apardığı müalicə Moskva, İstanbul və dünyanın bir çox ölkələrinin məşhur həkimlərinin rəyi ilə üst-üstə düşür. Bütün bu dediklərimiz bacarıqlı həkim, gözəl atababa, humanist insan olan Ə.Axundova el sevgisi və məhəbbəti qazandırmışdır.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.-24 iyul.- S.7.