Sevgidən və ehtiramdan yaranan əsər

 

Tarixləşən heykəllər

 

Qədim İçərişəhərin Qoşa qala qapısından keçərək tarixin müxtəlif dövrlərinin çulğalaşdığı bir aləmə düşürsən. Çox getmədən Həsən bəy Zərdabi ilə "qarşılaşırsan”. O Həsən bəylə ki, Vətəninin, xalqının tərəqqisi, soydaşlarının maariflənməsi, yurddaşlarının hüquqlarının qorunması naminə böyük işlər görmüş, Azərbaycan ziyalılarının milli oyanış, milli özünüdərk uğrunda apardıqları mübarizənin öncüllərindən biri olmuşdu.

 

Zərdabi irsinin şah əsəri - "Əkinçi” ilə birlikdə...

 

1837-ci il iyunun 28-də Zərdab kəndində maarifpərvər bir ailədə dünyaya gələn Həsən bəy Zərdabi çox zəngin bir həyat yolu keçdi. Müasirlərinin əksəriyyəti kimi, ilk təhsilini mollaxanada alan Həsən bəy sonralar Şamaxı şəhərində açılan məktəbdə oxudu. Həmin məktəbi bitirdikdən sonra Tiflisə getdi. Orada təhsilini davam etdirdi. 1861-ci ildə Tiflis uyezd gimnaziyasını və 1865-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini bitirdi. Tiflisdə işə başladı. Həsən bəy harada, hansı işdə çalışdısa, mütərəqqi fikirləri, düzlüyü, ədaləti sevərək müdafiə etməsi ilə diqqət mərkəzində oldu. Tiflisdə də dövlət strukturlarında korrupsiyaya qarşı çıxış etdiyi üçün təqib edildi. Bakıya gəldi. 1869-cu ildən Bakı gimnaziyasında təbiət tarixi müəllimi işləməyə başladı. Bitkilərin seleksiyası sahəsində işlərinə görə, o, dəfələrlə mükafatdiplomlarla təltif olundu. Demokratik fikirləri, həqiqətpərəstliyi ilə yenə özünə düşmənlər qazandı və müəllimlikdən əl götürməli oldu. Amma mövqeyindən geri çəkilmədi. Həmvətənlərinin cahillik bəlasından qurtulmalarını, təhsil almalarını ən böyük amalına çevirdi. Həsən bəy Zərdabi bu məqsədlə çoxşaxəli fəaliyyət göstərdi.

Dövlət Dumasına seçildiyi illərdə o, özünüidarəetmə orqanlarının işində fəal iştirak etdi. Həsən bəy məktəb, tibbi komissiyaların və su təchizatı üzrə komissiyanın üzvü idi, maarif və mədəniyyətin inkişafı ilə məşğul olurdu. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün qadın məktəbinin açılmasında da onun zəhməti böyükdür. Həsən bəy Zərdabi Azərbaycan professional teatrının inkişafında da müstəsna xidmət göstərdi. Onun adı tariximizə həm də Azərbaycanda gigiyenanın əsasını qoyanlardan biri kimi yazıldı.

Ancaq Azərbaycanın görkəmli maarifçisi, təbiətşünas, publisistpedaqoq Həsən bəy Zərdabinin şah əsəri "Əkinçi” hesab edilir. Elə İçərişəhərdə ucaldılmış abidəsində də Həsən bəy yaradıcısı və redaktoru olduğu bu ilk milli mətbu orqanı oxuyarkən təsvir olunub.

 

Son nəfəsinədək xalq üçün çalışan adam

 

Həsənbəy Zərdabinin abidəsinin müəllifi Elmira Hüseynova bir sıra maraqlı əsərləri ilə Azərbaycan heykəltəraşlıq sənətində adını əbədiləşdirən sənətkarlardandır. O, 1954-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1960-cı ildə isə Y.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdi. 1957-ci ildən Azərbaycanda və ittifaqın digər respublikalarında təşkil olunan sərgilərin iştirakçısı idi.

Elmira Hüseynovanın gənclik illərindən başlayaraq yaratdığı müxtəlif səpkili sənət nümunələri kompozisiya bitkinliyi və orijinallığı ilə seçilirdi. Onun monumental heykəl, portret, büst, barelyefbaşqa bir-birindən maraqlı əsərlərinin qəhrəmanları fərqli peşə sahibləridir. Heykəltəraş "Kolxozçu qız” (1957), "Fəhlə” (1958), "Ailə” (1960), "Cəfər Cabbarlı” (1968), "Ana” (1970), "Rəsul Rza” (1970) və başqa əsərlərində elm və mədəniyyət xadimlərinin, sadə əmək adamlarının, müharibə qəhrəmanlarının fəaliyyətini, onların daxili aləmini, düşüncələrini ustalıqla təsvir edib. Həmin əsərlərə baxanda hiss olunur ki, sənətkar işlərə başlamamış öz qəhrəmanlarını yaxşı tanımağa çalışıb. Elmira Hüseynovanın zəngin yaradıcılığında Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə böyük xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərə sonsuz sevgisi ifadəsini tapırdı. Bu mənada Elmira Hüseynovanın ən diqqətəlayiq əsərlərindən biri Həsən bəy Zərdabi abidəsidir. Tunc və qranitdən hazırlanmış əsər bitkin kompozisiyaya malikdir. Müəllif xalqın maariflənməsi yolunda böyük fədakarlıq göstərmiş bu vətən övladının, nəsillərə örnək şəxsiyyətin obrazını yüksək sənətkarlıqla əks etdirib.

O zaman abidə üçün yer seçilərkən Həsən bəyin həyat və fəaliyyəti nəzərə alındı. Heykəlin Azərbaycan Milli Ensiklopediyası Baş Redaksiyasının binası qarşısında ucaldılması məqsədəuyğun hesab edildi. Beləliklə, Həsən bəy Zərdabinin abidəsi 1983-cü ildə İçərişəhərdə "məskən saldı”.

 

"Bir heykəli-mücəssəm idin, ey vücudi-pak”...

 

Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də "Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının bünövrəsini qoydu. O vaxt qəzetin birinci sayının işıq üzü görməsi hadisəyə çevrildi. Bu münasibətlə Kazandan, Krımdan, Orta Asiyadan təbrik məktubları gəldi. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi” demokratik ideyaları yaymaq uğrunda mübarizə aparır, ana dilimizin təmizliyinin, saflığının qorunmasına səy göstərir, təhsilin əhəmiyyətindən söz açır, gəncləri məktəblərə səsləyirdi. Qəzetdə köhnə məktəblərdəki təlim-tərbiyə üsulları, dərsliklər kəskin tənqid edilirdi.

O zaman - XIX əsrin sonlarında çarizm üçün belə bir qəzetin fəaliyyət göstərməsi məqsədəuyğun deyildi. Yalnız redaktorunun əməyi və fədakarlığı sayəsində qəzetin 56 sayını nəşr etmək mümkün oldu. 1877-ci ilin sentyabrında qəzeti bağladılar, bundan sonra da Həsən bəy Zərdabiyə qarşı təhdidlər və təqiblər bitmədi. İşsiz qaldı, maddi və mənəvi sıxıntılara məruz qoyuldu. Amma o, ömrünün sonunadək xalqının mədəni inkişafı yolunda mübarizədən əl çəkmədi.

1896-cı ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi” qəzetini satın aldıqdan sonra Bakıya gələn Həsən bəy Zərdabi bu mətbu orqanda ömrünün sonunadək redaktor vəzifəsində çalışdı. Bununla bərabər, o, geniş ictimai fəaliyyət göstərdi. 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş I qurultayının işində yaxından iştirak etdi.

Həsən bəy Zərdabi 1907-ci ildə dünyasını dəyişdi. Dəfn mərasimində on minlərlə insan iştirak etdi. O gün kədərini dilə gətirənlər çox oldu:

 

Bir heykəli-mücəssəm idin, ey vücudi-pak,

Şol məsləki-bülənd ilə oldun dəfini-xak.

Əlayi-şani-qövm idi əqsayi-məqsədin,

Ləbrizi-rəhmət olsun o pakizə mərqədin!

 

Bu misralar Məhəmməd Hadinin "Mücahidi-millət Həsən bəyin ruhuna ittihaf”ındandır.

O gün xalqın səadəti, maariflənməsi yolunda çalışıb mübarizə aparmış Həsən bəyin heç zaman unudulmayacağını söyləyənlər haqlıydılar. Azərbaycanın görkəmli maarifçisi, təbiətşünas, pedaqoq, publisist Həsən bəy Zərdabi özü könüllərdə abidəsini ucaltmışdı. Ondan sonra deyiləcək yazılacaq bütün sözlərdə, ithaf ediləcək bütün əsərlərdə bu böyük şəxsiyyətə layiq olmaq cəhdi duyulacaqdı. Həsən bəy Zərdabi abidəsinin müəllifi buna nail ola bildi...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-25 iyul.- S.7.