Sevgilim Sumqayıt”la görüş

 

50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı cari mövsümdə əvvəlki illərdəkindən fərqli olaraq çoxlu yeniliklərə imza atmaqdadır. Repertuarların qurulmasında tamaşaçı rəyini əsas tutan, təbliğatyönümlü proqramlar hazırlayan teatr kreativ layihələr çərçivəsində göstərilən tamaşalarla teatrsevərlərin diqqətini özünə cəlb etməkdədir.

50-ci mövsümün ikinci yarısında gerçəkləşdirilən layihələrin sırasına biri də əlavə olunub. Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidovun ideya müəllifi və layihə rəhbəri olduğu tamaşa Sumqayıt sakinləri tərəfindən maraqla qarşılanıb. Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər silsiləsinə teatrın yaradıcı heyəti öz töhfəsini bu yeni layihə ilə verəcək.

Bir müddət öncə tanınmış dramaturq, əsərləri ölkə teatrlarında, eləcə də xaricdə uğurla nümayiş olunan Əməkdar incəsənət xadimi Əli Əmirli şəhərin tarixini və ayrı-ayrı illərini əhatə edən hadisələri özündə cəmləyən "Sevgilim Sumqayıt” pyesini teatrın bədii şurasına təqdim edib. Xeyli müddət idi ki, əsər üzərində yaradıcılıq işi aparılırdı. Baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Sevgilim Sumqayıt” tamaşasının hazırlıq prosesi yüksək temp və sevgilə tamamlanıb. Tamaşa iki heyətdə; əsas və dublyor oyunçularla ərsəyə gəlib.

Tamaşada teatrın aparıcı aktyorları - əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlahə Səfərova, Rövşən Əsgərov, Elay Xasıyev, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva və Gülnarə Qədirova çıxış edirlər. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur.

Bu günlərdə "Sevgilim Sumqayıt” tamaşasına ictimai baxış keçirilib. Teatrın bədii şura üzvləri, şəhər rəhbərliyi tamaşa haqqında fikir və tövsiyələrini kollektiv üzvlərinə bildirərək, yaradıcı heyəti təbrik etmiş, bu layihənin uğurlu bir olaraq şəhərimizin 70 illik yubileyinə teatrın layiqli hədiyyəsi olduğunu vurğulamışlar. Tamaşaya dəvət olunan ziyalılar, teatrşünaslar kollektivin ərsəyə gətirdikləri əsərə minnətdarlıqlarını alqışlarla bildiriblər.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 25 iyul.- S.7.