25 illik tarix
Ölkəmizdə gənclər və
idman sahələrində dövlət siyasətini həyata
keçirən Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin fəaliyyətə başlamasının
25-ci ili tamam olur. 25 il
bir dövlət təsisatının fəaliyyəti
üçün kifayət qədər əhəmiyyətli
tarixdir. Bu illər ərzində əldə
olunmuş təcrübənin, formalaşmış ənənələrin
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından
sonrakı dövrə təsadüf etməsi isə ikiqat
qürur doğurur.
Çünki Azərbaycanın
müstəqillik tarixində bu dövlət qurumunun 25 illik fəaliyyətinin
özünəməxsus yeri və rolu vardır.
Gələcəyin
təminatı
Gənclər və İdman Nazirliyi
Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə
yaradılmışdır. Müvafiq sahədə vahid
dövlət siyasətinin formalaşdırılmasında
iştirak etmək və bu siyasətin həyata keçirilməsi,
gənc nəslin yaradıcılıq potensialının,
qüvvəsinin, bilik və bacarığının milli
dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf
proqramlarının reallaşdırılmasına yönəldilməsi,
gənclərin vətənpərvərlik və vətəndaşlıq
tərbiyəsi nazirlik qarşısında əsas fəaliyyət
istiqamətləri kimi müəyyənləşdirilmişdir.
Heydər Əliyevin ölkəmizin
çətin günlərində xalqın təkidli tələbi
ilə hakimiyyət rəhbərliyinə
qayıdışından təxminən bir il
sonra belə bir təsisatın yaradılmasına qərar verməsi
isə heç də təsadüfi deyildi. Gəncliyin
sağlam ruhda yetişməsi, savadlı, yüksək mənəvi
tərbiyəyə malik olması dövlət
üçün çox mühüm bir məsələ idi.
Gənclik cəmiyyətin aparıcı qüvvəsini
təşkil etdiyindən mütərəqqi ideyalar,
inkişaf və inteqrasiya hər zaman onlardan başlanır.
Öz gənclərinə dəyər verən,
onların fərdi inkişafına, potensiallarını
reallaşdırmalarına dəstək olan dövlət, cəmiyyət,
əslində bununla özünün xoşbəxt və
firavan gələcəyini təmin edir. Ona
görə də mükəmməl gənclər siyasəti
Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik
kursunda hər zaman prioritet istiqamət idi. Hələ
sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə
Heydər Əliyev Azərbaycan gəncliyi üçün
yüzlərlə yeni tədris ocağının, gənclik
mərkəzlərinin, hərbi məktəblərin
açılmasına, gənclərin bilik və bacarıqlarının
qiymətləndirilməsində ədalət meyarının
qorunmasına, minlərlə azərbaycanlı gəncin
keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində
müasir ixtisaslara yiyələnməsinə nail olmuşdu.
Gəncliyin
seçdiyi kurs
Əfsuslar olsun ki, ötən
əsrin 80-ci illərinin sonlarından Azərbaycan gəncliyinin
həyatında çox çətin sınaqlar dövrü
başlandı. Dövlət gənclər siyasəti, demək
olar ki, unuduldu. Hakimiyyət iddiası ilə
yaşayan qeyri-sağlam qüvvələrin gənclərdən
öz məqsədləri üçün istifadə meyilləri
baş qaldırdı. Müxtəlif qrupların
hakimiyyət uğrunda çəkişmələrində
yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin
mənəvi-psixoloji böhran vəziyyətinə
düşməsinə, sabaha inamı itirməsinə gətirdi.
Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə
tarixi qayıdışından sonra cəmiyyət həyatının
bir çox sferaları kimi bu sahədə də vəziyyət
kökündən dəyişdi. Bir məqamı
xüsusi qeyd edək ki, bu qayıdışı ən
çox arzulayan, ölkənin, xalqın üzləşdiyi
böhranlı vəziyyətdən çıxmasından
ötrü nicatı qüdrətli liderin zəngin dövlətçilik
təcrübəsində görən böyük əhali
qruplarından biri də elə məhz gənclərimiz idi.
Azərbaycan gəncliyinin
arzu və ümidlərini həssaslıqla duyan Heydər
Əliyev ölkə rəhbərliyinə
qayıdışından sonra ilk böyük
görüşünü də elə məhz gənclərlə
keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin
nümayəndələri ilə görüşündəki
çıxışında onlara dərin inam bəslədiyini
ifadə etdi. Onun "Azərbaycanın
bugünkü gələcəyi bütövlükdə
sağlam düşüncəli gənclərdir” - sözləri
hər kəsin həyat devizinə çevrildi.
1994-cü il iyulun
26-da yaradılmış Gənclər və İdman Nazirliyi
də öz 25 illik fəaliyyəti ilə Azərbaycanın
sağlam düşüncəli gənclərinin arzu və
ümidlərinin ifadəçisi oldu. İstəklərini
reallaşdıra bilmələri üçün onlara
münbit şərait yaratmağa, ideyalarına meydan verməyə
çalışdı. Bu nazirliyin
yaradılması ilə dövlətin gənclərlə
bağlı siyasəti vahid mərkəzdən idarə
olunmağa başladı. Bu isə gənclərin
ümummilli maraqlar və dövlət mənafeyi ətrafında
birləşmələrinə xidmət edirdi.
İnkişaf
yollarında
1996-cı ilin 2 fevralında
Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi,
1997-ci ilin 2 fevralından isə həmin günün "Azərbaycan
gəncləri günü” elan edilməsi də bu tarixin əlamətdar
məqamlarındandır. O dövrlərdən başlayaraq Azərbaycanda
dövlət gənclər siyasəti ilə bağlı dəqiq,
əsaslı konsepsiya müəyyən edilmiş, bu sahədə
müasir dövrün ruhuna uyğun qanunvericilik bazası
formalaşdırılmış, müvafiq dövlət
proqramları qəbul edilərək uğurla icra
olunmuşdur. Bütün bunlar isə Azərbaycan
gəncliyinin sosiallaşmasına, ictimai fəallığının
yüksəlməsinə, fərdi inkişafına, modernləşmə
və eyni zamanda milli-mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə
əhəmiyyətli dərəcədə müsbət təsir
göstərmişdir.
Bu siyasət Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Əslində, Gənclər
və İdman Nazirliyinin 25 illik fəaliyyət tarixinin
çox böyük bir hissəsi həm də Prezident
İlham Əliyevin adı ilə bağlıdır. İdmanın inkişaf etdirilməsi, onun kütləviliyinin
artırılması məlumdur ki, hər bir ölkənin gənclər
siyasətində çox önəmli rol oynayır. Hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin
prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı
dünya idman arenasında tanıtmaq üçün ölkəmizdə
olimpiya hərəkatının genişlənməsi prosesinin
əsasını qoydu. Qısa müddət
ərzində regionlarda onlarla yeni olimpiya idman kompleksləri
tikilərək istifadəyə verildi. Azərbaycan
Prezidentinin 30 avqust 2005-ci il tarixli sərəncamı
ilə təsdiqlənmiş "Azərbaycan Gəncliyi
Dövlət Proqramı”nın icrası da ölkəmizin
milli mənafeyinin təmin olunmasına, xalqımızın
rifahı naminə gənclərin potensialından tam və
düzgün istifadə məsələlərinə,
onların faydalı məşğulluğuna, dövlət
idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsinə
böyük töhfələri ilə tarixə
yazıldı.
Azərbaycan Prezidentinin 2007-ci ili ölkəmizdə "Gənclər ili”
elan etməsi də çox mühüm tarixi hadisə kimi
dövlətimizin gənclərə göstərdiyi yüksək
diqqət və qayğını əyani şəkildə təcəssüm
etdirirdi. "Gənclər ili” ölkə həyatında
yeniyetmə və gənclərin fəallığının
artmasına böyük təkan oldu. Elə həmin il gənclərin xaricdə təhsil
almasına dəstək verən müvafiq dövlət
proqramının qəbulu da onlara geniş imkanlar yaratdı. Bu proqram çərçivəsində minlərlə
gəncimiz dünyanın ən nüfuzlu təhsil
ocaqlarında müasir ixtisaslara yiyələndi.
Ötən illər ərzində
gənclərin təhsili ilə yanaşı, məşğulluğunun
təmin olunması istiqamətində də mühüm
addımlar atılmışdır. 2008-ci ilin sentyabrında Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi
ilə keçirilən, dünyanın yüzdən çox
ölkəsindən 600-ə yaxın qonağın
qatıldığı "Gənclərin məşğulluq
sammitinə” evsahibliyi etməklə Azərbaycan məşğulluq
probleminin aradan qaldırılması sahəsində
görülən işləri qürurla ortaya qoydu.
Azərbaycan Respublikası Prezidentinin
təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət
Proqramı” (2005-2009-cu illər) və "Azərbaycan Gəncliyi
(2011-2015-ci illərdə) Dövlət Proqramı”, "Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası”, "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)”, "Azərbaycan
Respublikasında texniki-peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”,
"2005-2015-ci illərdə futbolun inkişafına dair
Dövlət Proqramı”, "2007-2013-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsinə dair Dövlət
Proqramı” və bir sıra digər mühüm dövlət
sənədləri gəncliyə diqqət və qayğının
bariz təzahürüdür.
İdman ölkəsi
Gənclərin hərtərəfli
inkişafını, cəmiyyətin həyatında fəal
iştirakını təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin fərmanına əsasən, "Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu”
yaradılıb. Bu fond Azərbaycanın gələcəyi,
həmçinin bu gələcəyin qarantı olan gənclər
üçün açılmış gözəl bir
imkandır. Fəaliyyət göstərdiyi
illər ərzində fondun gördüyü işlərə
nəzər salanda, doğrudan da, müxtəlif sferalar üzrə
ardıcıl, uğurlu və dinamik bir inkişafın baş
verdiyinə şahid oluruq.
Cənab İlham Əliyevin
davamlı səyləri nəticəsində ölkəmiz
artıq dünyanın qabaqcıl idman dövlətlərindən
birinə çevrilib. Ötən illər ərzində Azərbaycanın
nüfuzlu beynəlxalq idman yarışlarına uğurla
evsahibliyi etməsi bunun sübutudur. Son
onilliklərdə ölkəmizdə idmanın müxtəlif
növləri üzrə çoxsaylı beynəlxalq tədbirlər
keçirilib. Bədii gimnastika üzrə 27-ci dünya
çempionatı (2005), Bədii gimnastika üzrə 25-ci
Avropa çempionatı (2009), Qılıncoynatma üzrə gənclər
və kadetlər arasında dünya çempionatı (2010),
Cüdo üzrə kişilər arasında dünya kuboku
(2011), Boks üzrə dünya çempionatı (2011), 17
yaşlı qızlar arasında futbol üzrə dünya
çempionatı (2012) və s. bu tədbirlərin hələ
yalnız müəyyən bir hissəsidir. Ümumdünya
Şahmat Olimpiadası (2016) və 2016-cı ildən başlayaraq
hər il Bakıda keçirilən "Formula-1” üzrə
Qran-pri yarışları, bu ilin mayında
paytaxtımızın evsahibliyi etdiyi futbol üzrə UEFA
Avropa Liqasının final oyunu və digər möhtəşəm
idman tədbirləri ilə sıranı daha da genişləndirmək
olar.
Universal dəyərlərin
təbliği
Bu kontekstdə ən əlamətdar
hadisə isə I Avropa Oyunlarının 2015-ci ildə ölkəmizdə
təşkili idi. 12-28 iyun 2015-ci il tarixlərində
baş tutmuş Avropa Oyunlarında 50 ölkədən 20 idman
növü üzrə 6000-dən çox idmançı
yarışırdı. Xüsusilə vurğulanmalıdır
ki, Azərbaycanın tədbirin təşkili
üçün cəmi iki il yarım
vaxtı olmasına baxmayaraq oyunların yüksək səviyyədə
keçirilməsi üçün bütün
hazırlıq işləri vaxtında tamamlandı, ən
mütərəqqi idman standartlarına cavab verən
infrastruktur yaradıldı və nəticə etibarilə
dünya möhtəşəm beynəlxalq idman
yarışının şahidi oldu.
Ölkəmiz bu uğuru 2017-ci ilin
12-22 may tarixləri arasında paytaxtımızda keçirilən
çoxmillətli, multi-idman turnirində - IV İslam Həmrəyliyi
Oyunlarında da davam etdirdi. Qeyri-rəsmi şəkildə
"Bakı 2017 İslam Həmrəyliyi Oyunları” kimi
tanınan bu möhtəşəm tədbir də
dünyanın idman tarixində Azərbaycanın adı ilə
bağlı yeni bir parlaq səhifə açdı.
Bakıda keçirilmiş I Avropa Oyunları, həmçinin
2017-ci ildə baş tutmuş IV İslam Həmrəyliyi
Oyunları Şərq və Qərb sivilizasiyalarının
qovşağında yerləşən Azərbaycanın idman
üzrə universal dəyərlərinin, dünyada
sülhün, tolerantlığın və
qarşılıqlı anlaşmanın təşviqinə və
təbliğinə verdiyi böyük töhfələri
nümayiş etdirdi. Bu ayın 20-dən 28-ə qədər
Bakıda start götürmüş Avropa Yeniyetmələrinin
XV Yay Olimpiya Festivalı da eyni missiyanın davamıdır. Bu festivala qatılmaq üçün ümumilikdə
50 Avropa ölkəsindən 3600-dən çox
idmançı və texniki nümayəndə heyəti
ölkəmizə təşrif buyurub. Yarışlar
10 idman növü üzrə (bədii gimnastika, atletika,
basketbol, velosiped, həndbol, cüdo,
üzgüçülük, tennis, voleybol, güləş)
keçirilir.
Avropa Gənclər
Festivalı ideyası gənclərə Olimpiya hərəkatını
tanıtmaq və Olimpiya dəyərləri və
ideallarını öyrətmək məqsədilə Avropa
Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən
1990-cı ildə irəli sürülüb və idman
dünyasının kifayət qədər əhəmiyyətli
tədbirlərindən sayılır. Belə bir möhtəşəm
festivala ev sahibi kimi Azərbaycanın
seçilməsi də beynəlxalq aləmdə ölkəmizə
verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan Respublikası
idman sahəsində əsas beynəlxalq sənədlərə
qoşulub. Azərbaycan gəncliyinin beynəlxalq gənclər
hərəkatına inteqrasiyası sahəsində də
böyük uğurlar əldə edilib.
Respublikamızdakı gənclər təşkilatları
BMT-nin, UNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və
s. beynəlxalq qurumların gənclər proqramlarına
qoşulur, birgə layihələrdə iştirak edir, MDB və
digər ölkələrin gəncləri ilə müntəzəm
tədbirlər keçirirlər. Bu tədbirlərin
bir qismi Bakıda təşkil olunub. Avropa Gənclər
Forumunun Üzv Təşkilatları Şurasının
iclasını (27-28 aprel 2007-ci il), "Avropa
Şurasının Avropa Gənclər Fondu və fondun yeni fəaliyyət
sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması”
mövzusunda seminarı (14 may 2013-cü il), AŞ-nin İdmanla
bağlı Genişləndirilmiş Hissəvi Sazişinin
İcraiyyə Şurasının və Məşvərət
Komitəsinin iclaslarını (25-27 may 2009), AŞ İdmana məsul
nazirlərin 18-ci Qeyri-Formal Konfransını (22 sentyabr 2010-cu
il), BMT Baş katibinin gənclər siyasəti üzrə
elçisi, BMT İnkişaf Proqramı, UNESKO, AŞ və Azərbaycan
Hökuməti tərəfindən birgə təşkil
edilmiş Gənclər siyasəti üzrə birinci Qlobal
Forumunu (28-30 oktyabr 2014-cü il) və digərlərini
buna nümunə göstərmək olar.
Könüllülər
hərəkatı
Azərbaycan Respublikası gənclər
siyasətinin əsas istiqamətlərindən birini də
xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin
təşkilatlanması, ictimai-siyasi fəallığının
artırılması, diaspor quruculuğu və Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasına
yaxından cəlb edilməsi təşkil edir. Hazırda
ölkəmizdə 300-dən artıq gənclər təşkilatı
var. Bu təşkilatların nümayəndələri,
ayrı-ayrı gənclərimiz beynəlxalq tribunalardan
xalqımızın haqq səsini dünyaya yayır, Azərbaycan
həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırırlar. Bu, cəmiyyətimizdə
aparılan vətənpərvərlik tərbiyəsinin, gənclərdə
aşılanan milli ruhun uğurudur.
Son illərdə ölkəmizin
evsahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, I
Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları,
"Formula -1” və digər mötəbər tədbirlər,
eləcə də bu gün bütün dünyada Azərbaycan
brendi kimi tanınan "ASAN xidmət” kimi innovativ platformalar Azərbaycanın
dövlət gənclər siyasəti sahəsində yeni bir
başlanğıcın əsasını qoydu. Bu, ölkəmizdə könüllülük hərəkatının
geniş vüsət alması dövrüdür. Respublikada keçirilən beynəlxalq idman və mədəniyyət
tədbirlərinə indiyə qədər on minlərlə könüllü
cəlb olunub. Bu tədbirlərin
keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq
miqyasa çıxarılacaq böyük potensiala malik, eyni
zamanda təcrübəli könüllü bazası
formalaşıb. Könüllü hərəkatının
formalaşmasında, uğur qazanmasında Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın müstəsna rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti
nəticəsində mötəbər tədbirlərdə on
minlərlə könüllünün fəaliyyəti
yüksək və professional səviyyədə təşkil
edilmişdir.
2017-ci il sentyabrın
15-də Prezident İlham Əliyevin sərəncamı ilə
növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə
Dövlət Proqramı” təsdiq edilib. Dövlət
Proqramının əsas məqsədi isə respublikamızda
gənclər siyasətinin daha da səmərəli şəkildə
həyata keçirilməsini təmin etməkdir. Bu
proqram dünyada gedən prosesləri nəzərə alaraq,
növbəti illərdə də Azərbaycan gənclərinin
vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin
gücləndirilməsi və dəyərləndirilməsi,
onlar tərəfindən innovativ düşüncə və rəqabətə
davamlı biliklərin əldə olunması, yüksək
texnologiyalar və informasiya mühitində sərbəst
davranışının təşviqini zəruri edir.
Azərbaycan gənci
- layiqli vətəndaş
Cənab İlham Əliyevin Azərbaycan
Gənclərinin ötən ilin noyabrında
keçirilmiş VIII Forumunun iştirakçılarına təbrik
məktubunda da qeyd edildiyi kimi, bu gün Azərbaycan gənci
layiqli vətəndaş kimi cəmiyyət həyatının
bütün sahələrində fəallıq göstərir,
ölkəmizin iqtisadi və hərbi qüdrətinin
artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi
və ümumbəşəri dəyərlərə əsaslanan
vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi
işinə əhəmiyyətli töhfə verir. Gənclər ölkəmizi beynəlxalq arenada da
layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində,
xarici həmyaşıdları ilə əlaqələrin
qurulmasında səylərini əsirgəmir, Azərbaycanın
milli mənafeyini yüksək tuturlar.
Qürur duyuruq ki, bütün bu
inkişaf proseslərində, möhtəşəm tarixdə
25 illik fəaliyyəti ilə Gənclər və İdman
Nazirliyinin də adı, xidməti var. Dövlət rəhbərinin
müəyyən etdiyi gənclər, bədən tərbiyəsi
və idman siyasətinin öz milli hədəflərinə
çatmasında, Azərbaycan gəncliyinin timsalında
ölkəmizin parlaq gələcəyinin təmin
olunmasında hər birimiz bundan sonra da əzmkarlıq göstərməyə,
qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə
yetirməyə çalışacağıq.
Azad
RƏHİMOV,
Azərbaycan
Respublikasının
Gənclər və
İdman naziri
Azərbaycan.- 2019.-26 iyul.- S.1; 3.