Məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülhdostluğu təşviq etməkdir

 

Azərbaycan Milli Olimpiya Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, “Bakı 2019” Əməliyyat Komitəsinin nümayəndələri bu qurumların dəstəyi ilə “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində Atletlər kəndində fəaliyyət göstərən pavilyonda məktəblilərlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin baş katibinin müaviniAvropa Olimpiya Komitəsinin Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının üzvü Azər Əliyev iştirak ediblər.

Pavilyonu ziyarət edən rəsmilərə layihə və məktəblilərin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, pavilyonda Atletlər kəndində məskunlaşan idmançılara, rəsmi nümayəndələrə və qonaqlara proqram vasitəsilə Bakıdan seçilmiş 49 təhsil müəssisəsinin nümayəndələri tərəfindən Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanı barədə məlumat təqdim edilir. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülhdostluğu təşviq etməkdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin keyfiyyətinin artırılmasında məktəbdən kənar fəaliyyətin təsirindən danışıb. Qeyd edib ki, sağlam bədənə və ruha malik olan hər bir gənc gələcəkdə istənilən təhsilin istənilən sahəsində və pilləsində daha asan uğur qazanır.

Şagirdləri və məktəblərin kollektivini uğurlu fəaliyyət münasibətilə təbrik edən Azər Əliyev belə layihələrin məktəblilərdə idmana marağın artırılmasına və Olimpiya ruhunun inkişafına təsirindən danışıb. O, bu baxımdan “Olimpiya mədəniyyəti və təhsil” proqramının əhəmiyyətini xüsusi qeyd edib.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı cari ilin fevral ayından fəaliyyətə başlayaraq Bakının 49 məktəbini əhatə edir. Proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və “Bakı 2019” Əməliyyat Komitəsinin dəstəyi həyata keçirilir.

Olimpiya mədəniyyəti və təhsil” proqramı Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Əməliyyat Komitəsinin, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.

 

Azərbaycan.- 2019.- 26 iyul.- S.5.