Azərbaycan Hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələr
uğurla davam edir
İyulun 26-da Baş Nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan Hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu və bu əlaqələrin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Baş Nazirin müavini Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bütün qurumları, o cümlədən Cenevrə bölməsi ilə sıx əməkdaşlığa malik olduğunu söyləyib. Əli Həsənov BMqT-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə toxunaraq bildirib ki, nümayəndəlik Azərbaycan Hökuməti ilə çox sıx əməkdaşlıq şəraitində ölkə üçün prioritet olan müxtəlif layihələr, proqramlar həyata keçirib. Həmin layihələrə insan alverinə qarşı mübarizə, su mənbələrinin bərpası və s. mühüm məsələlər daxildir. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial göstəriciləri digər bir çox qabaqcıl ölkələri geridə qoyub. Azərbaycan bütün irqlərin, millətlərin azad yaşaya biləcəyi tam tolerant bir ölkədir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Baş Nazirin müavini bu problemin həlli ilə bağlı yaradılmış Minsk qrupunun uzun illərdir davam edən fəaliyyətinin təəssüf doğurduğunu deyib. Bildirib ki, bu vaxtadək qəbul olunan bütün sənədlər, sadəcə, kağız üzərində qalıb. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bu, ədalətsiz mövqedir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Vladimir
Qyorqiyev təmsil etdiyi
qurum ilə Azərbaycan Hökuməti
arasında əməkdaşlığın əhəmiyyətini
vurğulayıb. Bildirib ki,
Azərbaycanda inklüziv cəmiyyət qurulub. BMqT-nin ən fəal
üzvlərindən biri olan
Azərbaycan regionda mühüm
önəm kəsb edən ölkədir, xüsusən də
tranzit ölkə kimi
böyük rola malikdir.
Azərbaycan.- 2019.- 27 iyul.- S.2.