Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı müşavirə keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyət davam etdirilir. Tədbirlər Planının 3.4-cü bəndinin (Məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi) icrasını təmin etmək məqsədilə iyulun 26-da Baş Nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi və komitə rəhbərlərinin iştirakı ilə ikinci müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə respublikada və ayrı-ayrı rayonlarda qeyri-formal məşğulluqla mübarizə sahəsində komitələr tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 293 nömrəli Qərarı ilə təsdiq edilmiş Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin Əsasnaməsi təqdim olunub.

İclasda çıxış edən Əli Əhmədov deyib ki, 2019-cu ildən etibarən Azərbaycanda əmək münasibətlərinin təkmilləşdirilməsi istiqamətində ciddi layihələr həyata keçirilməkdədir. Bu layihələrin məqsədi insanların həyat səviyyəsinin daha da yüksəldilməsi, bütövlükdə əmək münasibətlərinin tənzimlənməsi və yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsindən ibarətdir. Baş Nazirin müavini 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamları ilə ardıcıl olaraq iki dəfə minimum əməkhaqlarının və minimum pensiyalarının artırılması, dövlət tərəfindən aztəminatlı ailələrə ödənilən bir sıra güzəştlərin yüksəldilməsi və Azərbaycan vətəndaşlarının böyük kütləsinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işləri xüsusi qeyd edib. Bildirib ki, bütün bunlar, eyni zamanda, əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədlərinə xidmət edir.

Baş Nazirin müavini “Azərbaycan Respublikasının əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən 2018-ci il və 2019-cu ilin birinci yarımilliyi ərzində görülmüş işlər barədə məlumat verib. Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk altı ayında əmək müqaviləsi bildirişlərinin sayı 101.551 artaraq 1 iyul tarixinə 1.503.731 nəfər təşkil edib. Xatırladaq ki, 2018-ci ildə bu göstərici 91.389 təşkil edib, ümumilikdə isə Komissiya yaranandan bəri təxminən 250.000 müqavilə artımı olub.

Həmçinin 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı ötən ilin əvvəli ilə müqayisədə 32.457 nəfər artaraq 361.001 nəfər, 2019-cu il 1 iyul tarixinə isə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 8.569 nəfər artaraq 369.570 nəfər təşkil edib.

Respublikada qeyri-formal məşğulluqla mübarizə çərçivəsində qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib. Belə ki, “Məşğulluq haqqında” yeni Qanun qəbul olunub, işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb, vergisosial sığorta sahəsində formal məşğulluğun təşviqi ilə bağlı dəyişikliklər edilib, 2020-ci ildən respublika üzrə icbari tibbi sığortanın tətbiqi təsdiqlənib, digər normativ hüquqi aktlara dəyişiklik edilibmühüm layihələr hazırlanıb.

Komissiya Katibliyinin rəhbəri Elnur Süleymanov komitələrlə Katiblik arasında olan əməkdaşlıqdan söz açıb. O, hər rüb Katiblik tərəfindən komitələrə rayon üzrə qeyri-formal məşğulluğun qiymətləndirilməsinə dair cədvəllərin hazırlanaraq təqdim edildiyinibunun da yerlərdə qeyri-formal məşğulluqla mübarizədə mühüm rol oynadığını vurğulayıb.

Sonda Əli Əhmədov uğurlu fəaliyyətlərinə görə “Yüksək nəticə”, “Davamlı artım”, “Etibarlı tərəfdaş” və “Fəal təşviqatçı” nominasiyaları üzrə Ağcabədi, Qəbələ, Şəki, Lənkəran, Sumqayıt, Göygöl, Zaqatala, Xaçmaz, Şəmkir, AbşeronQax rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrini mükafatla təltif edib.

 

Azərbaycan.- 2019.- 27 iyul.- S.2.