Füzulidə şəhid ailələri ilə görüş

 

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Füzuli rayonunda şəhid ailələri ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çay süfrəsi arxasında keçirilən görüşdə Milli Məclis Sədrinin müavini Bahar MuradovaFüzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid ailələri ilə söhbət edib, onların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlərini dinləyiblər.

Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Bahar Muradova bildirib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladları xalqımızın qəlbində daim yaşayacaq. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir, onlara mənzillər, minik avtomobilləri verilir. Prezident İlham Əliyevin şəhid ailələri ilə çoxsaylı görüşləri, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə dövlət başçısının müvafiq fərmanı ilə birdəfəlik ödəmənin verilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının təzahürüdür.

Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Milli Məclis Sədrinin müavini Bahar MuradovaFüzuli rayon ictimaiyyətinin nümayəndələri daha sonra Alıxanlı kəndinə gələrək 2017-ci ildə Ermənistan ordusunun təxribatının qurbanı olan iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Ailə üzvləri ilə söhbət zamanı Bahar Muradova bildirib ki, 2 yaşlı Zəhranın qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və erməni vəhşiliyinə yönəltdi. ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasında Ermənistanın dinc sakinləri qətlə yetirməsi 57 ölkədən olan nümayəndələrin diqqətinə çatdırıldı. Sessiyada Zəhranın və onun nənəsinin qətlə yetirilməsi qəti şəkildə pislənildi, uşaq qatillərinin əməllərinə hüquqi qiymət verilməsi tələb olundu.

Balaca Zəhranın heç vaxt unudulmayacağını deyən Bahar Muradova Quliyevlər ailəsində daha bir uşağın anadan olmasına sevincini ifadə edib. Zəhranın atası Elnur Quliyev onlarla görüşə gəldiklərinə, daim qayğılarına qaldıqlarına görə Bahar MuradovayaFüzuli rayon ictimaiyyətinə minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2019.- 27 iyul.- S.2.